ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur, Ərdoğan zərbələri pisləyir

Yəməndəki hərbi hədəflərə qarşı raket buraxılışı

Ərdoğan zərbələri pisləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 12-də ABŞ və Britaniyanın Yəməndəki husi hədəflərinə hava və dəniz zərbələrini pisləyib.

Reuters agentliyinin yazdığına görə Ərdoğan husilərə qarşı “aşırı” gücdən istifadə olunmasını tənqid edib və deyib ki, bu iki ölkə (ABŞ və Britaniya-red) Qırmızı dənizi “qan dənizinə” döndərmək istəyir.

NATO üzvü olan Türkiyə bundan əvvəl İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsini pisləyib və Qərbi İsrailə dəstək verməkdə ittiham edib.

Reuters yazır ki, Türkiyə adətən Yəmənin beynəlxalq birlik tərəfindən tanınan hökumətini, habelə BMT-nin bu hökumətlə Yəmənin böyük bir ərazisində nəzarəti ələ alan husilərin barışığına yönəlik səylərini dəstəkləyir.

Türkiyə bundan əvvəl husilərin Səudiyyə Ərəbistanına raketlər atmasını pisləşmişdi.

Ərdoğan iddia edib ki, husilər ABŞ və Britaniyanın zərbələrinə qarşı “uğurla müdafiə olunurlar”.

Qırmızı dənizin girişində yük daşımalarına hücum edən husilər fələstinlilərin İsrailə qarşı mübarizəsini dəstəklədiklərini bildirirlər.

Reuters yazır ki, Türkiyə Qərbdən və bəzi ərəb ölkələrindən fərqli olaraq HƏMAS-ı terrorçu təşkilat hesab etmir.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ və Böyük Britaniya Yəməndə husilərin hərbi mövqelərinə zərbələr endirib.

"Reuters" bunun 2016-cı ildən bəri Birləşmiş Ştatların Yəməndə husilərə ilk zərbələri olduğunu yazır.

BBC-nin məlumatına görə, ABŞ və Britaniyanın aviasiyası və döyüş gəmiləri cümə gününə keçən gecə Yəməndə husi üsyançılarını vurmağa başlayıb. Zərbələrin, əsasən, Hüdeydə limanında və Yəmənin paytaxtı Sənada hədəflərə endirildiyi xəbər verilir.

Yəmənin böyük hissəsinə nəzarət edən husilər ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-a dəstək nümayişi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar gerçəkləşdirirlər. Bu hücumlar Avropa və Asiya arasında əsas marşrut üzrə beynəlxalq ticarəti pozub. Müxtəlif gəmiçilik şirkətləri regionda fəaliyyəti dayandırıb, gəmilərini Afrika ətrafına yönəldib.

Hazırda İsrail Qəzzada HƏMAS-a qarşı quru əməliyyatlarını davam etdirir.

Yəmən husiləri tərəfindən ələ keçirilən "Galaxy Leader" ticarət gəmisi Əl-Salif sahillərində lövbər salır.

ABŞ "dözməyəcəyik" deyir

ABŞ prezidenti Co Bayden (Joe Biden) bildirib ki, Yəmənə zərbələrdə məqsəd Birləşmiş Ştatlar və müttəfiqlərinin İranın dəstəklədiyi üsyançı qrupların Qırmızı dənizdə artan hücumlarına dözməyəcəyini göstərməkdir. Bu hücumlar gəmiçiliyin azadlığına, ABŞ personalına, mülki gəmiçiliyə təhdid yaradır.

Britaniyanın baş naziri Rişi Sunak (Rishi Sunak) zərbələri "vacib və mütənasib" adlandırıb: "Beynəlxalq ictimaiyyətin dəfələrlə xəbərdarlığına baxmayaraq, husilər Qırmızı dənizə hücumları davam etdiriblər".

Ağ evin məlumatına görə, husilərin pirat hərəkətlərinə görə azı 2 min gəmi Qırmızı dənizdən keçməməyə çalışır, əlavə minlərlə kilometr qət edir. Məlumatda deyilir ki, azı 20 ölkədən dənizçilər ya girov götürülüb, ya da husilərin piratçılığına məruz qalıb.

Rusiya təcili iclas tələb edir

Rusiya və husilərin əsas dəstəkçisi İran Yəmənə zərbələri pisləyib, bunun Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcəyini bildirib.

"Bu özbaşına hərəkətlər Yəmənin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquq və qaydaların aşkar pozulmasıdır... Bu özbaşına hücumların regionda qeyri-sabitlik və təhlükəliliyi artırmaqdan başqa bir nəticəsi olmayacaq", - İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nasir Kənani vurğulayıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Moskva Yəmənə hava zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Husilərin sözçüsü isə hücumların əsassız olduğunu, üsyançıların İsrailə gedən gəmiləri hədəfə almağa davam edəcəyini bildirib.