Azərbaycanda 12-15-yaşlılara vaksin vurulacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Dərslər başladı. COVID-19 valideynləri qorxudurmu?

Azərbaycanda 12-15 yaşlarında yeniyetmələrə vaksin vurulacaq.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə "mRNT Pfizer" (Comirnaty) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası bu barədə qərar qəbul edib.

Qərara görə, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə "mRNT Pfizer" peyvəndi vurula bilər.

Nazirlikdən o da bildirilib ki, 12-15-yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Peyvənd indiyə kimi, əsasən, 18 yaşdan yuxarı şəxslərə vurulub. Ölkədə daha çox Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. Habelə "Sputnik V" (Rusiya), "AstraZeneca" (Britaniya, İsveçrə) və "Pfizer" (ABŞ və Almaniya) vaksinlərindən də müəyyən kəsim insanlar yararlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 4.8 milyon, ikinci mərhələdə isə 3.9 milyondan çox şəxsin peyvənd olunduğu açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə oktyabrın 5-nə kimi ümumilikdə 486 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 min 584-nün vəfat etdiyi bildirilib.