Yerevan Bakıya təklif göndərdiyini bildirir

Şahin Mustafayev (sağ) və Mher Qrigoryan

Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların iclasının keçirilməsi lə bağlı Azərbaycana təklif göndərdiyini bildirir.

Bu barədə "Azadtutyun" un məlumat yayıb. Məlumatda qeyd olunur ki, belə bir təklifi Ermənistan baş nazirinin müavini Mher Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə göndərib.

Buna da bax: MN: Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur

Məlumatda vurğulanır ki, Qriqoryanın ofisindən verilən məlumata görə, “təklifin əsas məqsədi Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan cari problemli məsələləri müzakirə etməkdir”.

Bu məlumata hələki Bakının mövqeyini öyrənmək mümkün olmayıb.

Şahin Mustafayevlə Mher Qriqoryan uyunun 2-də Moskvada görüşüblər. Bu görüş Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə üçtərəfli İşçi Qrupun iclasında baş tutub.

Rusiya hökumətinin yaydığı məlumata görə, “görüş konstruktiv atmosferdə keçib”.

Buna da bax: Moskvada üçtərəfli işçi qrupun iclası keçirilib

Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Habelə vurğulanır ki, dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı “ümumi anlaşma” əldə olunub.

Məlumatda o da vurğulanır ki, “tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”.

Buna da bax: Bakı razılıq olduğunu, Yerevansa olmadığını deyir

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.