2016-cı il yanvar-sentyabr aylarında ölkə üzrə baş vermiş qəzalarda 571 nəfər ölüb. 1 555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəbəri Dövlət Statistika Komitəsi yayıb.
Məlumatda deyilir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8 faiz, yaralananların sayı isə 11,2 faiz azalıb.
Qəzaların çoxu gündüz vaxtı olub
Bütün yol-nəqliyyat hadisələrinin 41 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 37,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.Qəzaların 44,2 faizi gündüz, 38,5 faizi gecə, 17,3 faizi isə toran vaxtı baş verib.Hadisələrin 29 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Minik maşınların sürücülüəri daha çox sərxoşluq edir
2016-cı il yanvar-sentyabr aylarında maşının sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, Nəticədə 45 nəfər zərər çəkib.
Bu dövrdə yol-hərəkəti qaydaları əleyhinə 2 milyon 231,6 min inzibati xəta aşkar edilib. Bu 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çoxdur.
Xətaların 51,8 faizi yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi üzündən baş verib.
Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimə tətbiq edilıb.