Yanvarın 28-də Əhsən Nuruzadənin vəkili onun tapılması üçün yazılı müraciətlə daxili işlər nazirinə üz tutub
Həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı, yanvarın 24-dən yoxa çıxan Əhsən Nuruzadədən hələ də xəbər yoxdur. Onun vəkili Yalçın İmanov bununla bağlı yanvarın 28-də daxili işlər naziri Ramil Usubova müraciət edib.
Vəkil bildirir ki, 40 yaşlı Əhsən Nuruzadə yanvarın 24-də axşam saat 5 radələrində evdən siqaret almağa çıxıb və bir daha geri qayıtmayıb. Onun mobil telefonuna yanvarın 27-dək zəng çatsa da, dünəndən telefon söndürülüb.
Ötən müddətdə ailə üzvləri və vəkil rayon polis idarələrinə, inzibati məhbusların saxlandığı məntəqəyə, Bakı Şəhər Baş Polis İdarəsinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinin 102 saylı “Qaynar Xətt”inə müraciətləri nəticəsiz qalıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatına müraciətlər də nəticə verməyib.
Bu il yanvarın 27-də onun itkin düşən şəxs kimi qeydiyyata alınması ilə bağlı polisə rəsmi müraciət olunub.
Yalçın İmanov müraciətində xatırladır ki, Əhsən Nuruzadə Taleh Bağırov və daha 17 nəfərin işi üzrə məhkəmə iclaslarına daim qatılan şəxslərdən idi və o, məhz bu fəaliyyəti üzündən dəfələrlə izləndiyini, təqib olunduğunu bildirmişdi.
"Əhsən Nuruzadənin himayəsində iki azyaşlı övladı, ağır xəstə və yaşlı anası var. Ailə dərin təşviş və narahatılıq içindədir.
Bizim ehtimallarımıza görə, o, hansısa polis orqanında saxlanılır. Müraciət etdiyimiz bəzi polis qurumlarının “məlumat verə bilmərik”, digərlərininsə effektiv araşdırma aparmaması dabu ehtimalı artırır.
Prezident İlham Əliyev və Siz dəfələrlə ölkədə qanunçuluğun və ictimai qaydanın möhkəm şəkildə qorunduğunu və sabitlik hökm sürdüyünü bildirirsiniz.
Sizə müraciət edərək, Əhsən Nuruzadənin tapılması və ən azı, ailə üzvlərinə onun harada saxlanması barədə məlumat verilməsinə göstəriş vermənizi xahiş edirəm", - nazirə müraciətində vəkil belə yazır.