Sibirdə məhkəmə LGBT fəalı və rəssam Yuliya Tsvetkovaya qadın bədənini göstərən rəsmlərin internetdə yerləşdirilməsinə görə bəraət verib.
Tsvetkovanın anası Anna Xodıreva iyulun 15-də AzadlıqRadiosuna deyib ki Komsomolsk-na-Amure şəhərində əsas rayon məhkəməsi qapalı iclasda Tsvetkovanın günahsız olması qənaətinə gəlib.
İttihamçı tərəf apelyasiya verməsə, hökm 10 gün ərzində qüvvəyə minməlidir.
Ötən ay fəala 38 aylıq həbs cəzası istənilmişdi.
***
Sibirdə keçirilən məhkəmədə ittihamçı LGBT fəalı və rəssam Yuliya Tsvetkovaya üç il iki ay həbs cəzası tələb edib. Fəala qadın bədənini əks etdirən rəsmlərini internetdə yerləşdirdiyinə görə belə bir cəza istənilib.
29 yaşlı Tsvetkova sosial mediada “Vagina monoloqları” adlı səhifədə pornoqrafik material yerləşdirərək yaymaqda ittiham olunur. Səhifədə qadın cinsiyyət orqanının abstrakt təsvirləri yer alıb.
Rəssam LGBT məsələləri üzrə maarifləndirmə işiylə tanınıb.
Tsvetkovanın anası Anna Xodıreva Facebook-dayazıb ki, iyunun 14-də Komsomolsk-na-Amure şəhərində məhkəmədə ittihamçı uzunmüddətli həbs tələbiylə çıxış edib.
Tsvetkovanın məhkəməsi ötən ilin aprelində, ilyarım çəkən istintaqdan sonra başlanıb. İstintaq dövründə o, LGBT “propaqandası” yaymağa görə cərimələnib, ev dustağı edilib. Ötən ilin mayında fəal bu cinayət işinə qarşı aclıq aksiyasına başlayıb.
Uzanan məhkəmə prosesi qapalı keçirilib, çünki prokurorlar qadın bədəninin təsvirlərini dəlil kimi göstərməliydilər.
“Amnesty International” Tsvetkovaya qarşı cinayət işini siyasi repressiya “kafkasayağı absurdluq” adlandırıb.