►Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev belə deyir və fikrini əsaslandırır
Manat ard-arda dəyər itirəndən bəri hər cür ərzaq bahalaşmaqdadır. Amma hökumət, eynən əvvəlki dövrlərdə olduğu kimi, qiymətin bilərəkdən artırılmasında yumurtaya ayrıca yer verir.
Başqa sözlə, yerli məhsullardan yumurtanın qiymətinin süni şəkildə artırıldığını iddia edir. İstehsalçılarsa hökuməti məsələyə birtərəfli yanaşdığı üçün qınayırlar.
Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev AzadlıqRadiosuna deyib ki, yumurta istehsalına tələb olunan bütün vasitələr, o cümlədən yem məhsulları xaricdən gətirilir. Belə olan halda, təbii ki, qiyməti əvvəlki səviyyədə saxlamaq mümkün deyil:
“Quşçuluq təsərrüfatları əsas yem komponentləri sayılan buğda və qarğıdalının, orta hesabla, 80 faizini xaricdən gətirirlər. Bahalı dollar son nəticədə məhsulun maya dəyərinə təsir göstərir”.
Buna da bax: Bala Bəhmənli kəndində gərginlik - Video
Aydın Vəliyevin sövlərinə görə, dekabr devalvasiyasından sonda yumurtanın fabrik qiyməti cəmi 15-20 faiz qalxıb. Başqa sözlə, istehsalçılar qiyməti devalvasiya səviyyəsində (azı 48 faiz) artırmağa getməyiblər:
“İstehsalçılar yumurtanın birini pərakəndə bazara 15,8 qəpiyə satırlar. Odur ki, günahı istehsalçıda axtarmaq düzgün deyil”.
Xatırlatmaq yerinə düşər ki, yanvarın 10-da prezident İlham Əliyev yerli məhsulların qiymətlərini artıranlara qarşı sərt tədbirlər görməyə çağırmışdı.
Yanvarın 12-də isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məlumat vermişdi ki, 3 quşçuluq müəssisəsinə (“Giləzi-Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC) cinayət işi açılıb. Həmin müəssisələrdəki vəzifəli şəxslər “vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlahçıların mənafeyinə mühüm ziyan vurulması” hallarında təqsirləndirilmişdilər.