Yunanınstan meşə yanğınları ilə mübarizə aparır

Yunanıstanın üç fərqli nöqtəsində davam edən yanğınlara 600-dən çox yanğınsöndürən, təyyarə və helikopetlərlə müdaxilə edilir.

Ölkənin şimal-şərqindəki Evros və Aleksandrupolis bölgələrində 20 nəfərin ölümünə səbəb olan yanğın artıq doqquz gündür ki, davam edir.

Aleksandrupolis şəhəri yaxınlığında baş verən və Avropanın son illərdəki ən böyük yanğınlarından biri geniş meşə ərazilərinin yanmasına və çox sayda evin dağılmasına səbəb olub.


Aİ Kopernik Fövqəladə İdarəetmə Mərkəzinin məlumatına görə, Yunanıstandakı meşə yanğını 77,000 hektar ərazini əhatə edir və 120 aktiv qaynar nöqtəyə malikdir.

Yunanıstanda davam edən digər yanğın isə paytaxtının şimal-qərbində, Afina yaxınlığındakı "Parnitya dağı" milli parkında davam edir.

Yanğınsöndürmə idarəsi bildirib ki, 260 yanğınsöndürən, bir təyyarə və üç helikopter paytaxtın yaxınlığında davam edən yanğına müdaxilə edir.

Üçüncü yanğın isə dünən, avqustun 25-də Andros adasında başlayıb. Andros adasında başlayan yanğının hələ ki, nəzarət altına alına bilməyib.

Yunanıstan davam etməkdə olan yanğınlara müdaxilə etmək üçün digər Avropa ölkələrindən kömək istəyib.

Artıq Almaniya, İsveç, Xorvatiya, Kipr, Fransa Rumıniya, Çexiya, Albaniya, Slovakiya, Bolqarıstan və Serbiya dəstək məqsədiylə yanğınsöndürən təyyarə və çox sayda yanğınsöndürəni hadisə yerinə göndərdiyini açıqlayıb.

İsti və quraq keçən Cənubi Avropa ölkələri tez-tez yanğınlara səbəb olur.

Avropa Birliyi rəsmiləri qitədə artan yanğınların əsas səbəbi olaraq iqlim dəyişikliyini göstərir.