Qanunsuz silahlı birləşmənin yaradılmasında şübhəli sayılın Taleh Yusifovun Azərbaycana ekstradisiya edildiyi bildirilir. Bu barədə bu gün, dekabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
1967-ci il təvəllüdlü T.Yusifov şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək Azərbaycan vətəndaşlarını İran ərazisində yaradıldığı deyilən "Hüseyniyun" adlı silahlı birləşməyə cəlb etməkdə şübhəli sayılır. Bildirildiyinə görə, onun "Təqi" ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına şübhələr yaranıb: "Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Səfərov Yunis Rafiq oğlu... və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib. Həmin şəxslərlə birgə Suriya ərazisində... hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib".
T.Yusifov Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə günahlandırılır.
Rəsmi məlumatda T.Yusifovun hansı ölkədən ekstradisiya edildiyi açıqlanmır. Onun və yaxınlarının bu ittihama münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.
Xatırlatma
Yunis Səfərov 2018-ci ilin iyulunda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova sui-qəsdə ittiham edilib. Cinayət işində o, terror yolu ilə Azərbaycanın dövlət quruluşunu dəyişməkdə günahlandırılıb. Ömürlük həbs cəzası alan Y.Səfərov son sözündə əməlindən peşman olmadığını bildirib və qeyd edib ki, E.Vəliyevə qarşı bu addımı atmağa onu vadar edən səbəb məmur özbaşınalığı olub. ""Məmur özbaşınalığı" deyəndə isə söhbət yalnız Elmar Vəliyevdən, Gəncədən getmir. Ümumilikdə bütün ölkəmizi cənginə alan bir xəstəlikdən gedir", - o vurğulamışdı.