Müdafiə Nazirliyinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin baş zabiti Zahid Niftəliyevin məhkəməsi başlayıb. O, Tərtər Hərbi Məhkəməsində N saylı hərbi hissənin tağım komandirinin müavini olmuş Elsevər Niftəliyevlə birlikdə mühakimə olunur. Onlar qabaqcadan əlbir olub külli miqdarda və təkrar rüşvət alma kimi əməllərdə ittiham olunurlar. Təqsirləndirilənlərin hər ikisi Niftəliyev soyadını daşısa da, qohum deyillər.
Zahid Niftəliyevə rüşvətdən əlavə, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə, səlahiyyətləri aşma ittihamı da verilib. Cinayət işinin materiallarında iddia olunur ki, o, Müdafiə Nazirliyinin yüksək hərbi vəzifəli səlahiyyətli şəxsləri ilə münasibətlərindən istifadə edərək müxtəlif işlər görmək adıyla rüşvət alıb. Məsələn, hərbi xidmət yerinin dəyişdirilməsi, ordudan ehtiyata buraxılma və s. məqsədlərlə. İttihama əsasən, bu işlərdən ötrü müraciətlər baş zabitə Elsevər Niftəliyev vasitəsilə olunub. Pul da onun vasitəsilə verilib.
Buna da bax: Rövşən Əkbərovun əsgərləri oğlunun obyektində işləyib, yanğında bir əsgər ölübOna qarşı əsas ittihamlardan biri də budur ki, hərbi hissədəki əsgər və çavuşları aparıb Qəbələnin Vəndam kəndindəki bağ evindəki betonlama işlərində işlədib. Nəticədə onlar xəstələniblər.
68-yaşlı Zahid Niftəliyev özünü təqsirli bilmir. Bu ittihamların hamısını rədd edir. Lakin o, ifadə verməkdən, həmçinin istintaq dövründə ona təqdim olunan protokolları imzalamaqdan imtina edib.
36-yaşlı Elsevər Niftəliyev isə özünü təqsirli bildiyini deyib. Onun sözlərinə görə, Zahid Niftəliyevi Müdafiə Nazirliyi sistemində hər kəs "Nəcməddin Sadıqovun adamı" kimi tanıyırdı. Elə özünü də bu cür təqdim etmişdi: "Özü də mənə demişdi ki, nə iş olsa, Nəcməddin Sadıqovun vasitəsilə həll eləyə bilər. Onunla yaxın dostdurlar. Zahid Niftəliyevi Müdafiə Nazirliyinin bütün rəhbər işçiləri onun dostu kimi tanıyırdı. Zahid Niftəliyevin sözü onun sözü kimi qəbul olunurdu".
Söhbət 1993-cü ilin noyabrından 2021-ci ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışmış Nəcməddin Sadıqovdan gedir.
Buna da bax: 'Tərtər işi' üzrə bir generalın dindirildiyi bildirilir"Korpus komandiri Hikmət Həsənov onu xüsusi tərzdə qarşılayırdı"
Rəhbərlik etdiyi hərbi hissədən hərbi qulluqçuların aparılıb Vəndam kəndində evdə işlədilməsi haqda ifadə verən şahid Kamandar İbrahimov onu da bildirib ki, Zahid Niftəliyev gələndə korpus komandiri belə onu xüsusi şəkildə qarşılayırdı: "Nəcməddin Sadıqov özü tapşırmışdı onu. Demişdi ki, "onun sözü, mənim sözümdür". Korpus komandiri Hikmət Həsənov onu xüsusi tərzdə qarşılayırdı. Onu hərbi hissəyə gələndə tanımışam".
Vəndam kəndindəki evə işləməyə göndərildiyi iddia olunan əsgər və çavuşlar da dindirilib.
General-mayor Hikmət Həsənovun adı azərbaycanlı hərbçilərin Ermənistana casusluq ittihamlarının yer aldığı "Tərtər işi"ndə işgəncələrlə bağlı hallanır. Həsənovun özünün isə iddialara münasibəti bəlli deyil.
Zahid Niftəliyev həbsdə olsa da, Elsevər Niftəliyev həbsdə deyil. Onun barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
Onların hər ikisinin ittiham olunduğu CM-nin 311.3.1, 311.3.2 və 311.3.3 maddələrində 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.