Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin ərazisində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.
Bu məlumatı bu gün, yanvarın 12-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Məlumatda qeyd edildiyinə görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub: "General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib".
Rusiyanın Dağlıq Qarabağdakı kontingentinə general-mayor A.Volkovun rəhbərlik edəcəyi xəbəri bir neçə gün öncə Ermənistan mediasinda da yayılmışdı. Həmin məlumatlara görə, komandir dəyişikliyi plan üzrə rotasiya çərçivəsində həyata keçirilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Volkov kimdir?
General-mayor Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandir müavini olub. Həmin vaxt kontingentə general-leytenant R.Muradov rəhbərlik edirdi.
Bu təyinata qədər isə Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi olub.
2021-ci ilin sentyabrından Qarabağdakı sülhməramlı kontingentin komandiri vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.