Vəkil: ‘Zamin Salayev güclə danışır’

Zamin Salayev

Həbsdə 58 gündür aclıq aksiyası keçirdiyi bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevinin vəziyyətinin pisləşdiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna aprelin 6-da Bakı İstintaq Təcridxanasında Zamin Salayevlə görüşən vəkil Nemət Kərimli danışıb.

Vəkilin sözlərinə görə, Salayev güclü baş ağrılarından və başgicəllənmədən şikayətlənir:

"Zamin Salayev çətinliklə hərəkət edir, güclə danışır".

Vəkil vurğulayıb ki, buna baxmayaraq fəal aclığı dayandırmaqdan imtina edib:

"Bununla belə Elzamin Salayev hələ də İstintaq Təcridxanasının sanitariya hissəsinə köçürülməyib və həkim yalnız vəziyyəti pisləşdikdən sonra onun yanına gəlir.”

Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Bu il fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb.

Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.

Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. O, ittihamı qəbul etməyərək şərləndiyini açıqlayıb və həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

Buna da bax: İki cəbhəçi və bir reportyor həbs edilib [Video]

Xatırlatma

AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev bundan əvvəl də bir neçə dəfə həbs olunub.

Bunların əksəriyyəti polisə müqavimət ittihamı ilə inzibati həbs olsa da, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsində onun haqqında 2 il 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

O, həmin vaxt Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtanatma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib.

Salayev həmin həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adı çəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı.

Həmin videoda cəbhəçi Əzizovu rayonda yaşayan bir qadına təcavüzdə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu.

Bunun ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etdi.

Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib.

O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da Amnistiya Aktı ilə əlaqədar azadlığa çıxmışdı.