İlham Əliyev: Bundan sonra da ordu quruculuğu prioritet olacaq

Xankəndidə hərbi parad. 8 noyabr 2023

"Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik...".

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

"Biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin...", - Azərbaycan prezidenti qeyd edib.

Xankəndidə hərbi parad keçirilib

Noyabrın 8-də Xankəndi şəhərində hərbi parad keçirilib.

Rəsmi məlumatda paradın 44 günlük İkinci Qarabağ müharibəsində zəfərin üçüncü ildönümünə həsr olunduğu açıqlanıb.

AZƏRTAC-ın xəbərinə görə, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, xanımı Mehriban Əliyeva və onların oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Azərbaycanda Zəfər Günü qeyd edilir

Bu gün, noyabrın 8-i Azərbaycan İkinci Qarabağ müharibəsi ilə bağlı Zəfər Günü qeyd edir.

Bakıda və ölkənin bəzi bölgələrində Zəfər Günü münasibətilə hərbçilərin yürüşü də keçirilib.

Azərbaycanda hər ilin noyabrın 8-də Zəfər Gününün qeyd edilməsi haqda sərəncamı 3 il əvvəl prezident İlham Əliyev imzalayıb. Onun 2020-ci il dekabrın 2-də imzaladığı sərəncama əsasən, "Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə" hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdı. Amma sonradan xatırlandı ki, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. "Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir", - rəsmi məlumatda bildirilirdi.

Məlumatda yazılırdı ki, "Qarabağın incisi" Şuşa şəhərinin noyabrın 8-də 28 illik işğaldan qurtarılması müharibənin taleyində həlledici rol oynayıb və hərbi əməliyyatların dayandırmasına səbəb olub: "…Bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək".

Sizin brauzer HTML5-i dəstəkləmir

'Qul bazarı'na çıxan müharibə iştirakçısı

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə ( Şuşa şəhəri daxil. Amma Xankəndi, Xocalı və daha bəzi ərazilər yox) nəzarətini bərpa etmişdi.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.