Prezident Volodimir Zelenksi Ukraynanın Rusiya qüvvələri ilə “sonacan” vuruşacağını deyir. O, ölkəsinin keçmiş Sovet İttifaqından müstəqilliyinin 31-ci ildönümündə çıxış edib. Avqustun 24-də həm də Rusiyanın Ukraynaya hücumunun altıncı ayı tamam olur.
“Bu altı ay ərzində tarixi, dünyanı, özümüzü dəyişdik… Özümüzə hörmət etməyə başladıq. Anladıq ki, istənilən köməyə və dəstəyə baxmayaraq, heç kəs bizim müstəqilliyimiz uğrunda savaşmayacaq. Və biz birləşdik”, – Zelenski vurğulayıb.
Buna da bax: İşğalın ‘çətinliklə’ birləşdirdiyi ukraynalılar“İndi isə ‘qələbə’ deyirik”
“Ordunuzun necəliyindən asılı olmayaraq, bizim üçün torpağımız vacibdir. Sonadək vuruşacağıq”, – o, sözlərinə əlavə edib.
Ukrayna və bir sıra ölkələr uzunmüddətli müharibəyə hazırlaşır. İşğalın ilk günlərində paytaxt Kiyevi ələ keçirə bilməyən Rusiya qüvvələri sonradan ölkənin şərqinə fokuslanıb.
Müharibə başlayandan 7 milyonadək ukraynalı ölkəni tərk edib, Qərb Rusiyaya sərt maliyyə və texnologiya sanksiyaları tətbiq edib.
44 yaşlı Zelenski müharibənin Ukrayna üçün yaratdığı “çətinlikləri” etiraf etsə də, deyib ki, hər bir yeni gün təslim olmamağa səbəb verir. “Bu müharibənin bizim üçün sonu nədir? Deyirdik ki, ‘sülh’. İndi isə ‘qələbə’ deyirik”, – deyən Zelenski Ukrayna əraziləri bütünlükdə Kiyevin nəzarətinə keçməyincə müharibənin bitməyəcəyini vurğulayıb. Moskva Krımı 2014-cü ildə ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb.
Buna da bax: Zelenski: ‘Rusiya çox güclü cavab alacaq...’Rusiyanın təyin etdiyi mer öldürülüb
Moskvanın Ukraynanın işğal olunmuş Mixaylivka şəhərinə təyin etdiyi mer İvan Suşko avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində həlak olub.
Ukraynanın Zaporojye vilayətində Rusiyanın qurduğu orqanın təmsilçisi Volodimir Roqov avqustun 24-də Telegram-da yazıb ki, Suşkonun avtomobilində oturacağın altına yerləşdirilmiş bomba partlayıb, o, xəstəxanada vəfat edib.
İndiyədək Rusiyanın Ukraynada ələ keçirdiyi ərazilərə təyin etdiyi məmurların bir neçəsi hücuma məruz qalıb. Avqustun 8-də Xerson vilayətindəki Nova Xarkovka şəhərinə təyin olunmuş mer müavini Vitali Hura evindən çıxarkən naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.
Buna da bax: Ukraynada partizan hərəkatı. Sabotaj, sui-qəsdlər, propaqanda...Keçmiş mer saxlanıb
Rusiyada Ukraynaya hücumu tənqid edən siyasətçi Yevgeni Royzman isə həbs olunub. Yekaterinburq şəhərinin keçmiş meri Royzman barəsində “Rusiya ordusunu nüfuzdan salma” maddəsi üzrə təhqiqat aparılır, təhlükəsizlik xidmətləri bildirir. Bu maddədə 5 ilədək həbs nəzərdə tutulub.
Royzman 2012-ci ildə mer postuna seçilmiş Kreml tənqidçilərindən biri idi. O zaman müxalifət ölkədə irimiqyaslı etirazlar keçirirdi, Vladimir Putin prezidentlik postu uğrunda kampaniya aparırdı.
Buna da bax: Rusiyada müharibəyə dəstək azaldımıRusiya işğala başlayandan Royzman ordunu “nüfuzdan salma” maddəsi üzrə üç dəfə 50 min rubl ($833) cərimələnib. O həmçinin hakimiyyətə həqarətə görə 85 min rubl ($1,417) cərimə edilib. Səbəb Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ukrayna haqda bəyanatının altında yazdığı tvitin skrinşotunu Instagram-a yerləşdirməsi olub. Skrinşotun başlığı “Yevgeni Royzman vs həyasız yalançılara qarşı” idi.
Moskva Ukraynanın işğalına öz təhlükəsizliyinin təminatı məqsədilə “xüsusi hərbi əməliyyat” deyir. Buna müharibə deyən, yaxud Rusiyanı tənqid edən bir sıra fəallar təqib olunub.