Prezident Volodimir Zelenski deyib ki, Ukrayna silahlı qüvvələri Rusiyanın Kursk vilayətində 1250 kvadrat kilometrlik əraziyə və 92 yaşayış məntəqəsinə nəzarət edir:
"Ümumilikdə bu əməliyyat ukraynalı qadın və kişilərin Rusiya əsirliyindən azad edilməsi prosesinə ən böyük investisiya olub. Biz bir əməliyyat nəticəsində ən çox sayda rusiyalı hərbçini əsir götürmüşük. Bu bizim məqsədlərimizdən biridir. Hıərəkətimiz davam edir”.
Zelenski bir daha bəyan edib ki, əgər Ukraynanın Qərb partnyorları onların silahlarından Rusiya ərazisində istifadəyə qoyulmuş bütün qadağanları ləğv etsəydilər, Kursk vilayətinə müdaxiləyə ehtiyac qalmazdı:
"Lakin biz hələ ki, bizdə olan silahların hamısından Rusiya terrorçularının yerində məhv edilməsi üçün istifadə edə bilmirik. Bizə uzaq məsafələri vura bilmək lazımdır ki, Ukraynanı Rusiya raketlərindən və idarə olunan aviasiya mərmilərindən müdafiə edək, Rusiya qoşunlarının yerdəyişmələrinin qarşısını alaq və işğalçı üzərinə cəbhənin bütün əsas istiqamətlərində təzyiq göstərək”.
Rusiya tərəfi hələ ki, Zelenskinin bəyanatını şərh etməyib.
Avqustun 12-də Kursk vilayəti qubernatorunun əvəzi Aleksey Smirnov demişdi ki, Ukrayna ordusu regionda 28 yaşayış məntəqəsini tutub.
Rusiya tərəfi bundan başqa bu barədə heç bir rəsmi açıqlama verməyib.
Rusiyanın Meduza qəzeti foto və video materiallarına istinadən Ukrayna ordusunun 862 kvadrat kilometrlik əraziyə və 65 yaşayış məntəqəsinə nəzarət etdiyini bildirmişdi.