Azərbaycan Türkiyənin zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş bölgəsində yaşayış binaları və sosial infrastruktur obyektlərinin tikintisini maliyyələşdirəcək.
Dünən, noyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində əldə olunan razılığı imzalayıb.
Türkiyənin “Rəsmi Gazete” nəşrində dərc olunan sazişə əsasən, Azərbaycan hökuməti Kahramanmaraş bölgəsində yaşayış binaları və sosial infrastrukturun tikintisi üçün 100 milyon ABŞ dolları ayıracaq.
Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.
Sənəddə deyilir ki, MİDA və TOKİ məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Qrup layihəni müəyyənləşdirilmiş vaxt ərzində (iki il ərzində-red) başa çatdırmaq və tikinti işlərinin həyata keçirilməsi zamanı yarana biləcək təşkilati və hüquqi problemleri ilkin olaraq aradan qaldırmaq məqsədilə birgə çalışacaq.
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb. Yüz minlərlə müxtəlif təyinatlı binalar, infrastruktur dağılıb.