Çovdarov fikrini dəyişdi, Ali Məhkəmə onun işinə qapalı baxır

A.Çovdarov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov fikrini dəyişib və yenidən Ali Məhkəməyə şikayət edib. Mayın 30-da Ali Məhkəmədə Əziz Seyidovun sədrlik etdiyi hakimlər kollegiyası onun şikayətinə baxıb.

Ancaq Ə.Seyidov jurnalistlərin məhkəmədə iştirakına imkan verməyib. Baxmayaraq ki, Ali Məhkəmə işə mahiyyəti üzrə baxmır, aşağı instansiya məhkəmələrində prosessual hüquq normalarının pozulub-pozulmaması məsələsini araşdırır, amma hakim jurnalistlərin iştirakını məqbul saymayıb. Göstəriş verib ki, jurnalistlər çıxarılsın.

Çovdarovgilin işinə aşağı instansiya məhkəmələrində (Bakı Hərbi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi) açıq prosesdə baxılmışdı, dövlət sirri sayıla biləcək bəzi epizodlar araşdırılanda həmin iclaslar qapalı keçirilmişdi.

Buna da bax: 14 ilə qədər cəza alan keçmiş məmurlar necə azadlığa çıxır

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimləri bu işin həcminin çox böyük olduğunu, materiallarla hələ tanış olmadıqlarını bildirib, məhkəməni iyunun 27-nə saxlayıblar.

A.Çovdarov 2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyatdan bir ay sonra - noyabrın 14-də həbs olunub. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib, general rütbəsi alınıb, ailə üzvlərinin adına olan bir sıra əmlaklar müsadirə edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra A.Çovdarov vəkili Kamandar Nəsibov vasitəsilə Ali Məhkəməyə kassasiya şikayəti verib. Hətta onun oğlu Ruslan Çovdarov və qızı Aida Qasımova da ataları haqqında hökmdən onların adına olan əmlakların müsadirəsi hissəsi ilə əlaqədar şikayət etmişdi.

Amma A.Çovdarov ötən ilin dekabrında saxlandığı 9 Saylı Cəzaçəkmə Müəssisəsindən Ali Məhkəməyə məktub göndərərək, kassasiya şikayətini geri götürmək istədiyini bildirib. Məhkəmə də onun ərizəsini nəzərə alaraq, şikayətin baxılmadan geri qaytarılması barədə qərar qəbul edib.

Buna da bax: Keçmiş MTN-çilərin işi: General xanım peşman oldu?

Keçmiş MTN generalı sonradan fikrini dəyişib və bu ilin aprelində yenidən Ali Məhkəməyə şikayət verib. A.Çovdarov təqsirli bilindiyi mənimsəmə, quldurluq, rüşvət alma, qanunsuz azadlıqdan məhrumetmə kimi ittihamlarla razılaşmır. Ali Məhkəmədən də bəraət istəyir.

Ali Məhkəmə təxminən bir ay öncə A.Çovdarovun tabeliyində işləmiş və onunla birlikdə mühakimə olunmuş keçmiş MTN zabiti Akif Əliyevin cəzasını il yarım azaldaraq, 3 il 6 aya endirmiş, bu qərardan az sonra isə o, azadlığa buraxılmışdı.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.

MTN generalı A.Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib.

Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib. Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlardan təxminən iki il sonra – 2017-ci ilin noyabrında sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir.

Həbs olunan sabiq MTN-çilərdən bir qismi artıq azadlığa buraxılıb.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.