Əli Kərimlinin ikinci mühafizəçisinə də 30 sutka...

N.Əhmədov

Bugün, aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Niyaməddin Əhmədovun Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

Partiyadan verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə günahlandırılıb.

Partiyadan ittihamı əsassız sayırlar.

Bu açıqlamaya, hələlik, məhkəmənin özündən münasibət almaq mümkün olmayıb.

"Desinlər ki, SMS söhbətinin cəbhəçilərə aidiyyəti yoxdur"

Dünən, aprelin 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Niyaməddin Əhmədovun saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyadan danışıblar.

"Aprelin 15-i 8103-ə icazə SMS göndərib, icazə verildikdən sonra evdən çıxıb, sonra isə saxlanıb. Onun harada saxlanması və saxlanma səbəbi barədə məlumat verilməyib. Əgər belədirsə, birdəfəlik desinlər ki, SMS söhbətinin cəbhəçilərə aidiyyəti yoxdur", - partiyadan vurğulayıblar.

Buna da bax: HRW: ‘Qadağalardan müxalifətə qarşı sui-istifadəni dayandırın’

Partiyadan onu da bildiriblər ki, N.Əhmədov ictimai əsasla AXCP sədri Əli Kərimlinin mühafizəsində iştirak edib. Buna qədərsə Ə.Kərimlinin ictimai əsaslarla başqa bir mühafizəçisi Ruslan Əmirovun da saxlanaraq karantin rejimini pozmaqda günahlandırılaraq 30 sutka həbs cəzası aldığı açıqlanıb.

AXCP-dən iddia edirlər ki, koronavirus pandemiyası ilə bağlı ölkədə martın 24-dən tətbiq edilən xüsusi karantin rejimindən cəbhəçilərə və müxalif fəallara təzyiq məqsədilə istifadə edirlər. Partiyanın vurğuladığına görə, son həftələr 10-a qədər cəbhəçi və fəal saxlanaraq inzibati qaydada həbs edilib.

DİN-dən verilən cavab

N.Əhmədovun saxlanması ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb.

Buna da bax: AXCP: 'Ruslan Əmirov 30 sutka həbs edilib'

Amma bir neçə gün öncə, DİN hakimiyyətin karantin rejimindən müxalifətə qarşı istifadə etməsi haqqında iddialara münasibət bildirib. Nazirliyin mətbuat xidməti belə iddiaları obyektivlikdən uzaq, dezinformasiya və cəmiyyəti çaşdırmaq cəhdi kimi dəyərləndirib.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 130 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib,

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.