Xəbərlər
Gürcüstan prezidenti prokurorluğa getməkdən imtina edib
Gürcüstan prezidenti Salome Zurabişvili son parlament seçkilərinin saxtalaşdırılması iddiaları ilə bağlı Baş Prokurorluqda dindirilməkdən imtina edib. Bundan əvvəl o, 26 oktyabr seçkilərini qeyri-legitim hesab etdiyini, hakim "Gürcü arzusu" partiyasının qələbəsinin saxtalaşdırıldığını bildirib.
Çərşənbə günü brifinqdə Zurabişvili prokurorluqda oktyabrın 31-nə təyin olunmuş söhbətə getməyəcəyini deyib. O vurğulayıb ki, prokurorluq qanun pozuntularına dair sübutları özü axtarmalı, dövlət başçısından bunu tələb etməməlidir. Prezident brifinqə seçki saxtakarlığı texnologiyaları haqqında videoçarx nümayiş etdirməklə başlayıb.
"Prokurorluğa məsləhət görərdim ki, işə başlasınlar və prezidentlə siyasi hesablaşmalardan çəkinsinlər. Prokurorluğa müraciət edirəm: siz xalqa hesabatlısınız, ictimaiyyət sizdən mənim sübutlarımı yox, təcili araşdırma tələb edir", - Zurabişvili əlavə edib.
Salome Zurabişvili sorğu-suala tutulacaq
Gürcüstan prezidenti Salome Zurabişvili prokurorluğa çağrılıb. Prokurorluğun bəyanatında deyilir ki: "İstintaq zamanı iddia edilən cinayət faktları ilə bağlı bilgiləri ola biləcək bütün şəxslər sorğu-sual ediləcək".
İstintaq ABŞ prezidenti Co Baydenin (Joe Biden) Gürcüstanda demokratiyanın geriləməsindən dərin təlaş keçirdiyini bildirməsindən sonra başladılıb. Bayden seçki saxtakarlıqları ilə bağlı ittihamlara şəffaf istintaqla cavab verilməsini istəyərək bunu da sözlərinə əlavə edib: "Gürcüstan hökumətini gerçək seçkilərin bərpası üçün dərhal bütün siyasi qüvvələrin cəlb edildiyi dialoq başlatmağa səsləyirik".
Artan beynəlxalq basqının ardından Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 29-da bütün 84 seçki dairəsinin təsadüfi seçilmiş hər 5 məntəqəsində bülletenlərin yenidən sayılacağını bildirib.
Zurabişvili: 'Avropa yolunda qalmağımızdan ötrü Qərbin basqısı lazımdır'
Gürcüstan prezidenti Salome Zurabişvili Qərbi hakim "Gürcü arzusu" partiyasına "oğurladığı" səsləri yenidən saymaq üçün təzyiq göstərməyə səsləyib. Bu barədə AzadlıqRadiosuna danışan xanım prezident bu baş verməsə, ölkənin Avropa perspektivini itirəcəyini deyib.
Zurabişvili və müxalifət 300 minədək səsin hakim partiyanın xeyrinə yönəldiyini, nəticədə "Gürcü arzusu"nun 54 faiz səs topladığını söyləyir.
"Qərb təzyiq göstərməsə, Gürcüstanı öz tərəfində saxlamaq və Avropa perspektivimizi qorumaq üçün bütün imkanlarını sınamamış olacaq", - Zurabişvilinin sözləridir.
Zurabişvili bildirib ki, exit-poll sorğuları Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi nəticələri ilə haçalanır. Müxalifətin iki exit-poll-u hakim partiyanın 42 faiz, rəsmi bilgilərsə 54 faiz səs topladığını açıqlayıb. Üstəlik, həmin sorğular dörd müxalif partiyanın səslərinin aydın çoxluğunu qazandığını söyləsə də, MSK bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bildirib.
ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "qeyri-bərabər rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınması, ikili səsvermə, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib
"Rusiya özəl əməliyyatının qurbanı"
ABŞ, Aİ, Kanada və İsveç ölkədəki seçkilərdən sonrakı durumu tənqid ediblər.
Seçkilərin "Rusiya özəl əməliyyatı"nın qurbanına çevrildiyini söyləyən Zurabişvili nəticələri tanımaqdan boyun qaçırıb.
Rusiya seçkilərə təsir göstərməsinə dair ittihamları rədd edib.
"Gürcü arzusu" partiyası 2012-ci ildən hakimiyyətdədir. Qərbyönümlü siyasət apardığını söyləsə də, son iki ildə hakimiyyət ölkənin siyasi kursunu Rusiya istiqamətində dəyişib.
Jurnalist həbsdə saxlanıb
Oktyabrın 30-da Xətai rayon Məhkəməsi "Toplum" internet televiziyasının həbsdə olan videoredaktoru Müşfiq Cabbarın həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı vəsatəti təmin etməyib.
Müdafiə tərəfi hesab edirdi ki, M.Cabbar heç bir cinayət əməli törətməyib və bu səbəbdən həbs qərarı ləğv olunmalıdır. Lakin məhkəmədə vəsatət təmin edilməyib.
Müdafiə tərəfi məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
M.Cabbar bu ilin martın 6-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-cı (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. M.Cabbar özünü təqsirli bilmir.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
'Hizbullah'ın yeni başçısı İranla bağlantılarını gizlətmir
Oktyabrın 28-də Naim Qasım Livandakı "Hizbullah" silahlı qruplaşmasının baş katibi seçilib. AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi bunu bildirərkən əsas vəzifəyə iddialıların sayca çox olmadığına da diqqət çəkib.
Qasım 1991-ci ildən baş katibinin müavini olub. O, sentyabrın 27-də "Hizbullah"ın İsrail zərbələri nəticəsində öldürülən uzunmüddətli lideri Həsən Nəsrullahın yerinə keçib. Nəsrullahı əvəzləyəcək Haşim Səfiəddini də İsrail ordusu öldürüb.
Ekspertlərin fikrincə, hərbçi əvəzinə təcrübəli siyasətçi təyin etməklə "Hizbullah" İsraillə savaşa danışıqlar yolu ilə son qoymaq niyyətindədir.
"Rəqibləri ilə danışıqlar aparmaqdan ötrü "Hizbullah"ın başında təcrübəli siyasətçi olmalıdır", - Londondakı Şərq və Afrika Araşdırmaları Məktəbinin Yaxın Şərq İnstitutunun direktoru Lina Xatib X sosial şəbəkəsi hesabında belə bildirib.
Qasım müvəqqəti başçıdır?
Di gəl, İsrail müdafiə naziri Yoav Qallant qruplaşma ilə danışıqlar aparmaq fikirlərinin olmadığını deyərək Qasımın təyinatını "müvəqqəti" adlandırıb.
"Hizbullah"ı terrorçu qurum sayan ABŞ 2018-ci ildə Qasımı da terrorçular siyahısına salıb, üstəlik, Qasıma qarşı sanksiyalar da tətbiq edib.
Qasım 1992-cı ildən Livanda parlament seçkilərinə qatılan "Hizbullah"ın siyasi kampaniyalarının təşkilində yaxından iştirak edib. Onun səyləri nəticəsində "Hizbullah" silahlı qruplaşmadan Livanın ən nüfuzlu siyasi partiyasına çevrilə bilib.
Qasımın 71 yaşı var. O, "Hizbullah"a 1980-ci illərdə - qruplaşma yeni yaradılarkən qoşulub. Nəsrullah kimi Qasımın da İranla sıx bağlantıları var. Öncəki başçıdan fərqli olaraq İrana səfərlərini gizlətməyən Qasım bu ilin iyulunda prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılıb.
AzadlıqRadiosunun prezidenti jurnalist Fərid Mehralızadəni azad etməyə çağırır
AzadlıqRadiosunun prezidenti Stiven Kapus (Stephen Capus) jurnalist və iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılmasına çağırıb.
"Bu gün (oktyabrın 30-da) AzadlıqRadiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin haqsız həbsindən beş ay keçir. Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq", –S.Kapus bildirib.
F.Mehralızadə iyunun 1-də həbs edilib. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb. Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır. Sentyabrın 6-da F.Mehralizadə barəsində həbs-qətimkan tədbirinin müddəti dekabrın 19-na qədər uzadılıb.
F.Mehralızadə ittihamları qəbul etmir, qurama sayır.
Azərbaycan hakimiyyəti ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs olunmadığını bildirir.
Ancaq ötən ilin noyabrından başlayaraq ölkədə qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların çoxu əvvəlcə "AbzasMedia işi" ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib. Saxlananlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında azı 300 siyasi məhbusun olduğunu bildirirlər.
Lənkəranın icra başçısına sui-qəsd işi: 'Ona ayrıca nifrəti vardı...'
Lənkəranın icra başçısı Taleh Qaraşova sui-qəsddə suçlanan Bəhruz Əsgərov özünü qismən təqsirli bilir. Bunu oktyabrın 29-dakı məhkəməsində özü deyib.
B.Əsgərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror oktyabrın 29-da ittiham aktını açıqlayıb.
Cinayət işinin materiallarında iddia edilir ki, B.Əsgərov Azərbaycanda terror aktları törətməyi planlaşdırıb, icra başçısının qətli də bu planın tərkib hissəsi olub.
Məhz T.Qaraşovun hədəf seçilməsinə gəlincə, iddiaya görə, B.Əsgərovun ona ayrıca nifrəti olub, bu üzdən onun öldürülməsini istəyib. Bu məqsədlə ətrafında olan şəxslərlə danışıqlar aparıb, icra başçısı güdülüb, onun hərəkət marşrutu və başqa bilgilər dəqiqləşdirilib.
İttihama görə, sui-qəsd planlanan digər şəxs cənub bölgəsində fərdi qaydada ingilis dili müəllimi çalışan əcnəbi olub.
Sui-qəsdlə bağlı müzakirələr WhatsApp-la aparılıb
İttiham aktında yazılanlara əsasən, B.Əsgərov və digərləri arasında planın icrası ilə bağlı müzakirələr WhatsApp vasitəsilə aparılıb.
B.Əsgərovu və onunla əlbirlikdə suçlanan şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. İstintaqın sonunda onun işi digərlərindən ayrıldığından hazırda məhkəmə önünə tək çıxarılıb.
B.Əsgərova qəsdən adam öldürmək, terror aktı törətmək, dövlət çevrilişinə hazırlıq kimi ittihamlar verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
O, məhkəmədə ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bildiyini söyləsə də, ittihamda yazılanlardan konkret nəyi qəbul edib, nəyi etmədiyini açıqlamayıb.
Vəkili təklif edib ki, öncə zərərçəkmişlər, şahidlər dindirilsin, ardınca B.Əsgərov özü ifadə verər.
İki nəfər - icra başçısı T.Qaraşov və əcnəbi müəllim zərərçəkmiş qismində tanınıb.
Dindirmələr dekabrın 3-də başlanacaq.
Əhsən Nuruzadə 2 aya yaxın azadlıqdan məhrum edilib
Üç gün öncə saxlanan "Müsəlmanlar Birliyi" Hərəkatının üzvü Əhsən Nuruzadə oktyabrın 29-da 1 ay 28 gün müddətinə həbs olunub.
Ə.Nuruzadə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinib.
Nərimanov rayon Məhkəməsinin qərarına əsasən, o, həbsdən sonra məcburi müalicəyə göndəriləcək.
Müdafiə tərəfinin açıqlamasına görə, Ə.Nuruzadə məhkəmədə özünü təqsirli bilməyib, həbsdən təzə çıxdığını və narkotiklə heç bir əlaqəsinin olmadığını söyləyib.
Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, məhkəmənin nəzərinə Ə.Nuruzadənin ürəyində, böyrəyində ciddi problemlərin, himayəsində iki qızının olduğunu çatdırsalar da, dedikləri nəzərə alınmayıb.
Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
28 oktyabr
Yaxınları Əhsən Nuruzadənin yenidən saxlandığını deyirlər
Oktyabrın 26-da "Müsəlman Birliyi" Hərəkatının üzvü Əhsən Nuruzadənin saxlandığı deyilir. Onu axşam saatlarında Xəzər Universitetində oxuyan qızını qarşılamaq üçün getdiyi zaman dörd nəfər mülkigeyimli şəxsin naməlum istiqamətə apardığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat veriblər.
Bildirildiyinə görə, anası Zeynəb Nuruzadə Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə və Ombudsman Aparatına zəng edib, amma ona hələ cavab verilməyib: "Ona mülkigeyimlilər zor tətbiq edərək maşından çıxararaq özləri ilə aparıblar. Ailəsi baş verən hadisədən narahatdır. Bu il oktyabrın 5-də azadlığa çıxan Nuruzadənin zorakı saxlanılması onları narahat edib. Üstəlik, hansı idarədə olması ilə bağlı ailəsi hələ ki, heç bir xəbər ala bilməyib".
Hələlik, bu deyilənlərə DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Ə.Nuruzadəni bundan əvvəl 2017-ci ilin oktyabrın 6-da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlamışdılar. Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. O, 2018-ci il martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il azadlıqdan məhrum olunub. Ə.Nuruzadə ittihamı qəbul etmir və onu qurama sayırdı. O, həbs müddətini tam başa vurduqdan sonra azadlığa çıxmışdı.
Xatırlama
Ə.Nuruzadənin üzv olduğu təşkilatın bəzi rəhbər şəxsləri də hazırda həbsdədirlər. Onlar Nardaran hadisələri zamanı həbs ediliblər. 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Onların məhkəməsi bir neçə qrup şəkilində olub. Həmin şəxslərə 20 ildən 10 ilə qədər həbs cəzası verilib. Həbs edilənlərin bir çoxu vaxtından əvvəl azadlığa buraxılsa da, 20 il həbs cəzası alan "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov hələ də həbsdədir. Onlar məhkəmədə heç kimi qətlə yetirmədiklərini, ittihamların əsassız olduğunu söyləmişdilər. Həmin təşkilat dövlət qeydiyyatından keçməyib.
Mübahisəli səsvermədən sonra Qərb ölkələri Gürcüstanla əlaqələrinə yenidən baxır
ABŞ, Kanada və İsveç Gürcüstanda parlament seçkilərindən sonrakı durumu tənqid edib. Rusiyayönümlü "Gürcü arzusu" partiyası qələbəsini açıqlasa da, bu, müxalifətin kütləvi nümayişləri və pozuntular barədə dolaşan bilgilər fonunda baş verir. Müxalifət düşərgəsi isə seçkilərin saxtalaşdırılmasından, rəsmi Moskvanın seçki sonuclarını yönləndirməsindən danışır.
İsveç Gürcüstan hökuməti ilə birbaşa əməkdaşlığı dayandırdığını, Kanada isə ikitərəfli əlaqələri yenidən nəzərdən keçirəcəyini bildirib.
Rəsmi Stokholmun Gürcüstandakı "həyəcanlı" siyasi olaylardan "uzunmüddətli təlaşı" vardı. İsveçin inkişaf və xarici ticarət naziri Benyamin Dousanın fikrincə, pozuntular barədə bilgilər həmin təlaşın əsassız olmadığını təsdiqləyib. Gürcüstan hökuməti ilə birbaşa əlaqələri dayandırsa da, İsveç bu ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinə 2 milyon 300 min dollar ayıracaq.
Kanada Xarici İşlər Nazirliyi də öz bəyanatında "seçicilərin geniş miqyasda qorxudulmasına, səslərin satın alınmasına və başqa pozuntulara görə" narahatlığını dilə gətirib və bildirib: "Kanada Gürcüstan hakimiyyəti …demokratiya baxımından ölkədəki geriləməni aradan qaldırandan dərhal sonra ikitərəfli əməkdaşlığa açıqdır".
ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri, Merilend ştatından demokratlar partiyasını təmsil edən senator Ben Kardin (Ben Cardin) seçkilərdəki pozuntuları "məyusedici" sayaraq deyib: "Mən seçkisonrası ortamı yaxından izləyəcək və ABŞ-Gürcüstan münasibətlərinə dair "yerində sayılacaq cavabı" müəyyənləşdirmək üçün Bayden-Harris administrasiyası ilə işləyəcəyəm".
Qərb ölkələri Gürcüstan prezidenti Salome Zurabişvilinin oktyabrın 28-də on minlərlə vətəndaşı etiraza səsləyəndən sonra bu açıqlamaları verib. Hakim "Gürcü arzusu" ilə arası dəymiş S.Zurabişvili seçki sonuclarını tanımaqdan boyun qaçıraraq hakim partiyanı Rusiyanın hibrid savaş üsullarından yararlanmaqda suçlayıb.
Rəsmi nəticələrə görə, "Gürcü arzusu" səslərin 54 faizini toplamaqla hökumətə nəzarəti əlində saxlayıb.
Rusiya Xarkov və Kiyevə zərbələr endirib: ölü və yaralılar var
Oktyabrın 29-da Rusiyanın Xarkova endirdiyi zərbə nəticəsində dörd nəfər ölüb. Şəhərin meri İhor Terexov öz Telegram kanalında belə yazıb.
Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovun Osnovyansk səmtində mülki infrastruktura və yaşayış evlərinə ziyan dəyib. Bu, son yarımildə Xarkova edilən ikinci hücumdur. Birinci hücum zamanı şəhər mərkəzinə endirilən zərbələrdə doqquz nəfər yaralanmışdı.
Oktyabrın 29-da Kiyev də Rusiya PUA-ları ilə vurulub. Paytaxtın meri Vitali Kliçkonun Telegram hesabında yazdığına görə, birinin durumu ağır olmaqla altı nəfər yaralanıb.
2022-ci ilin fevralında Rusiya Ukrayna ərazisinə təcavüz edib.
NATO: Şimali Koreya hərbçilərinin Rusiyaya gəlməsi Putinin 'çarəsiz' durumda olduğunu göstərir
NATO Rusiyanın Ukrayna ilə həmsərhəd Kursk bölgəsinə Şimali Koreya hərbçilərinin yerləşdirilməsini təsdiqləyib. Qurumun baş katibi Mark Rutte onların Rusiyaya gəlişini Ukraynadakı savaşda "önəmli eskalasiya" adlandırıb. O, oktyabrın 28-də Brüsseldə verdiyi açıqlamada həmin sözləri dilə gətirib.
Baş katibin fikrincə, Rusiyanın müharibədə 600 mindən çox ölü və yaralı hərbçisi olduğundan prezident Vladimir Putin "çarəsiz" durumdadır. Rutte düşünür ki, Rusiyaya öncə silah-sursat tədarükü, indi də hərbçilərin göndərilməsi Şimali Koreya ilə əlaqələrinin genişlənməsinə işarədir.
Şimali Koreyanın 3 mindən çox əsgər göndərdiyi bildirilir. Daha 12 min hərbçinin də dekabrda Rusiyaya yerləşdirilməsi gözlənilir. Bunların arasında döyüş təyyarəsi pilotlarının da yer aldığı deyilir.
Ekspertlərin olaya münasibəti birmənalı deyil
Bəziləri Şimali Koreya dəstəyinin Rusiya qoşunlarını gücləndirəcəyini, digərləri isə onların Rusiya ərazisini qorumaq və tutulan bölgələrdə müdafiə xətləri inşa etmək üçün gətirildiyini deyirlər.
Cənubi Koreya siyasətçiləri bildirirlər ki, şimallıların əsgərləri döyüş bölgələrində yer almasalar da, hərbi avadanlıqdan, o sıradan PUA-lardan istifadə ilə bağlı təlimlərə qatılırlar.
Həftəsonu Vaşınqtonda ABŞ müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) və dövlət katibi Antoni Blinken (Antony Blinken) Cənubi Koreya həmkarları ilə görüşəcək. Pentaqon sözçüsü Sabrina Sinqh (Sabrina Singh) deyib ki, ABŞ-nin verdiyi silahlardan şimali koreyalılara qarşı çəkinmədən istifadə etmək olar.
Beynəlxalq sanksiyalar altında olan Rusiya və Şimali Koreya, özəlliklə Ukrayna müharibəsi başlayandan bəri hərbi və ticari əlaqələrini genişləndirir. İddialara görə, Şimali Koreya Rusiyaya silah-sursat, o cümlədən raketlər tədarük edəcək. Əvəzində isə Rusiya rəsmi Pxenyanın mübahisəli kosmik proqramının inkişaf etdirilməsinə yardım göstərəcək. ABŞ iki ölkə arasında dərinləşən əlaqələrdən narahatlığını dəfələrlə dilə gətirib.
Ötən həftə Şimali Koreya hərbçilərinin döyüş zonasına yerləşdirildiyinə diqqət çəkən Ukrayna prezidenti Volodimir Zelenski hər iki ölkəyə qarşı "hiss olunacaq" beynəlxalq basqını vacib sayıb.
Özbəkistanda hakim partiya müxalifətsiz seçkilərdə rahat qələbə qazanıb
Oktyabrın 27-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevə loyal hakim partiya parlament seçkilərində asanlıqla qalib gəlib, - AzadlıqRadiosunun Özbəkistan bürosu Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin sonuclara dayanaraq belə bildirib.
MSK Mirziyoyevin Liberal Demokratik Partiyasının parlamentin aşağı palatasındakı 150 yerdən 64 yeri tutacağını açıqlayıb. Ölkədə keçirilən islahatlar və Mirziyoyevin seçkilərdə "güclü rəqabət" olacağı proqnozuna baxmayaraq, nəticələr bu cür olub.
Seçkilərə qatılmaq istəyən müxalifət partiyaları qeydiyyata alınmayıb. Əvəzində, ekspertlərin fikrincə, prezidentə yaxın dörd "cib" siyasi qüvvə hakim partiyaya "müxalif" olub və, beləcə, parlamentdə təmsil olunmaq üçün bütün beş partiya tələb edilən həddi keçə bilib.
MSK-nın açıqladığına görə, seçici fəallığı 75 faiz olub və seçkilər baş tutmuş sayılıb.
Seçkini izləyənlər, insan haqları qrupları və siravi vətəndaşlar həmin rəqəmə inanmırlar.
AzadlıqRadiosunun özbək xidməti ölkə vətəndaşlarına istinad edərək seçki fəallığının çox aşağı olduğunu bildirib. "ABŞ-dəki seçkilər bizdən ötrü ölkəmizdəkindən daha önəmlidir", - sosial şəbəkə istifadəçilərdən birinin sözləridir.
ATƏT müşahidəçi qrupunun ilkin rəyində deyilir ki, səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi zamanı müşahidəçilər problemlərlə üzləşiblər. Bildirilir ki, şəffaflığın və rəsmilərin seçki fəallığı və nəticələrə aid bilgilərə güvəni artırmaq üçün daha çox iş görülməlidir.
İslahatların bəlli irəliləyişlərə yol açdığını bildirən ATƏT-in qısamüddətli müşahidəçilər missiyası eyni zamanda etiraf edib ki "toplaşma, ifadə və digər azadlıqların gerçəkləşdirilməsi sahəsində önəmli çağırışlar qalmaqdadir".
Ölkə konstitusiyası və seçki məcəlləsinə dəyişikliklərdən sonra ilk dəfə səsvermə qarışıq seçki sistemi modeli üzrə keçirilib - 75 deputat majoritar, digər 75 nəfərsə partiya siyahıları üzrə parlamentə seçilib.
İran İsraili hava zərbələri ilə hədələyib
Hərbi obyektləri atəşə tutulan İran İsraili cavab zərbələri ilə hədələyib. Bu hədələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qərargah rəisi Hüseyn Salami dilə gətirib. O, oktyabrın 28-də deyib ki, İsrail iki gün əvvəlki hava zərbələrinə görə acı fəsadlarla qarşılaşacaq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü də rəsmi Tehranın İsrailə cavab vermək üçün əlindəki bütün vasitələrdən yararlanacağını söyləyib.
İsrail oktyabrın 26-da İranın hərbi obyektlərinə dəqiq və uğurlu zərbələr endirdiyini açıqlayıb və bunun oktyabrın 1-də İsrail ərazisinə buraxılan raketlərə cavab olduğunu deyib. İran da bəyan edib ki, onun raket hücumu İsrailin daha öncə İİKK-nın bir neçə yüksəkrütbəli zabitinin öldürülməsinə cavab idi.
Ekspertlər düşünürlər ki, bu yolla hər iki ölkə böyük savaşdan boyun qaçıra bilib.
Zərbələrdən öncə İsraildən xəbərdarlıq aldığını və atılan raketlərin çoxunun zərərsizləşdirildiyini bildirən İran dörd hərbçisinin həlak olduğunu da etiraf edib.
Ölkənin ali dini lideri Əli Xamenei zərbənin "yanlış hesablanmış" olduğunu desə də, ölkəsini cavab atəşinə səsləməyib.
H.Salami də Qəzza və Livanda İranın dəstəklədiyi qruplaşmalara qarşı müharibə aparan İsrailin son hava zərbələrini "yanlış hesablama və acizlik" göstəricisi adlandırıb.
Peyk görüntülərinə əsasən, İranın hədəfə alınmış hərbi bazalarına ziyan dəydiyi iddia edilir. İran sözügedən ziyan barədə iddiaları təsdiqləməyib.
İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan 41 milyard dolları 'gördüm' deyən yoxdur
İqlim layihələrinə ayrılan 24-41 milyard dollar arası vəsaitin hesabatı düzgün aparılmayıb. AzadlıqRadiosu bu xəbəri yayarkən "Oxfam"ın Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçiriləcək illik toplantısı ərəfəsində açıqladığı sonuncu hesabata dayanıb.
"Oxfam" 2017-2023-ci illərdə ayrılan maliyyə barədə hesabatların düzgün aparılmadığını bildirib. Vəsaitin nəyə və necə xərclənməsi aydın bilinmədiyindən ayrılan maliyyənin nəyə təsir göstərdiyini hesablamaq mümkünsüzdür. Üstəlik, pulların az və ortagəlirli ölkələrə ayrılması da qeyri-müəyyən qalır.
Bütün bankların iqlimə ayırdığı toplam vəsaitin 52 faizi Dünya Bankının payına düşür.
"Bu… gözdənqaçırma deyil"
Azərbaycanda bu il keçiriləcək COP-29 sammitində iqlim dəyişikliyinə ayrılan maliyyə başlıca müzakirə mövzularından biri olacaq.
"Bu, adicə bürokratik gözdənqaçırma deyil. COP-da bu il əldə etməli olduğumuz nailiyyətləri pozmaq üçün güvənin təməldən sarsıdılmasıdır", - "Oxfam International"ın Vaşınqton nümayəndəliyin başçısı Keyt Donald (Kate Donald) belə deyib.
Sözügedən maliyyənin necə istifadə edildiyi barədə bilgi almağın çətinliyindən gileylənən nümayəndəlik rəhbəri bu prosesin şəffaf və hər kəsə, özəlliklə bu vəsaitdən yararlanacaq icmalara açıq olmasının önəmini vurğulayıb.
Həbsdə olan azərbaycanlı Nobel mükafatçısı xəstəxanaya yerləşdirilib
Həbsxanada olan İran azərbaycanlısı, Nobel Mükafatı laureatı və insan haqları qoruyucusu Nərgiz Mohəmmədi Tehran xəstəxanalarından birinə yerləşdirilib. Onun əri oktyabrın 27-də AzadlıqRadiosuna belə deyib və xanımının sağlığı ilə bağlı iki aydan çox problem yaşayandan sonra müalicəsinə başlandığını bildirib. N.Mohəmmədiyə doqquz həftəyə yaxın tibbi yardım göstərilməsinə icazə verilməyib.
"Nərgiz Mohəmmədinin, axır ki, xəstəxanaya yerləşdirilməsi vətəndaş cəmiyyəti və insan haqları müdafiəçiləri ilə "Nərgizə Azadlıq Koalisiyası"nın dəstəyinin, beynəlxalq ictimaiyyət və medianın basqısının sonucudur", - Nobel mükafatçısının əri Tağı Rəhmaninin X sosial şəbəkəsində açıqladığı sözlərdir.
Parisdə yaşayan Rəhmani bunu da deyib ki, tibbi yardımın gecikdirilməsi, xanımının həbsxanada keçirdiyi illər və tək saxlanılma ortamı səhhətində ciddi problemlər yaradıb. 52 yaşlı N.Mohəmmədi son 20 ildə dəfələrlə həbs edilib və sonra azadlığa buraxılıb. İndi o, "İran əleyhinə təbliğat" yaymaqda suçlanaraq bir illik həbs cəzasını çəkməkdədir.
Moskva Ukraynanın şərqində irəlilədiyini iddia edir
Rusiya ordusu Ukraynanın şərqində irəlilədiyini iddia edir. Ukrayna hakimiyyəti isə oktyabrın 27-də Xersonun mərkəzinin amansız hücumlara məruz qaldığını, azı iki dinc sakinin öldürüldüyünü açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin bir daha Kiyevi hədələyib. O deyib ki, Qərb müttəfiqləri Ukraynaya onun ərazilərinin dərinliklərini uzaqmənzilli silahlarla vurmağa icazə versə, Kreml buna cavab verəcək.
"Bunu hələ deməyə tezdir, ancaq hərbi idarəmiz bu barədə düşünür və müxtəlif reaksiyalar təklif edəcək", – Putin oktyabrın 27-də dövlət televiziyasına deyib.
Ukrayna prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarına bu icazəni almaq üçün təzyiq göstərir. Qərb isə sərhəd regionundan kənarda belə silahların istifadəsinin münaqişəni genişləndirəcəyindən ehtiyatlanır.
Rusiyanın Müdafiə Nazirliyi ordunun İzmaylovka kəndini tutduğunu açıqlayıb. Ukraynanın bu kəndi Donetsk vilayətindəki Kuraxovo sənaye mərkəzindən şimalda yerləşir.
Xersonun mərkəzinə isə Rusiya dron və raket zərbələrini intensivləşdirib. Bu şəhərin 280 minə yaxın əhalisi olduğu bildirilir. Zərbələr nəticəsində iki nəfər həlak olub, yaralılar var.
Ukrayna ordusu cəbhədə vəziyyətin çətin olduğunu, düşmənin canlı qüvvə və avadanlıq məsələsində üstünlüyünü saxladığını bildirib.
Evlərinə yağış suyunun dolduğunu deyib yolu kəsənlər həbs edilib
Oktyabrın 22-də evlərinə yağış sularının ziyan vurduğunu deyərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsərək etiraz aksiyası keçirən vətəndaşların inzibati qaydada həbs olunduğu bildirilir.
"Turan"ın məlumatına görə, Bakının Xəzər rayonu Binə qəsəbəsinin iki sakini (adları acılanmır) evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar. Agentlik bildirir ki, nəqliyyatın hərəkətinin intensiv olduğu yolda 5 dəqiqə ərzində tıxac yaranıb, əraziyə gələn polislər həmin şəxsləri saxlayaraq barələrində protokol tərtib edib.
Xəbərə görə, Xəzər rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510-ci (xırda xuliqanlıq) maddəsi ilə 7 sutka müddətinə həbs edilib.
Hələlik, bu məlumata Daxili İşlər Nazirliyi və həbs edildiyi bildirilən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Oktyabrın 21-22-si Bakıda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açıb. Bakının digər bir rayonu-Sabunçu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirib. Paytaxtda tunelləri, küçələri, evləri su basıb, bəzi yerlərdə kanalizasiyalar daşıb. Nəqliyyat iflic vəziyyətə düşüb, avtobusların marşrut xətləri dəyişib.
Oktyabrın 23-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə bu məsələlərlə bağlı iclas olub. Nazirlər Kabinetinin məlumatına görə, iclasda vurğulanıb ki, yağışın fəsadları ilə bağlı vəziyyət araşdırılır, yekun qərar qəbul ediləcək.
Bəzi müstəqil ekspertlər isə deyir ki, son onilliklərdə paytaxtda su və kanalizasiya problemlərini yoluna quymaq üçün milyard manatlarla pul ayrılıb, amma onların xərclənməsində heç bir şəffaflıq olmayıb. Onlar hesab edirlər ki, son günlər meydana çıxan fəsadların başlıca səbəbi həmin layihələrin icrasında yol verilən pozuntulardır.
'Saxarov' azadlıq mükafatı Venesuela müxalifətçilərinə verilib
Oktyabrın 24-də Avropa Parlamenti venesuelalı müxalifətçilər Mariya Korina və Edmundo Qonsalesi Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı ilə təltif edib.
Laureatlar mükafata "azadlıq və demokratiyanın bərpası uğrunda mübarizə aparan Venesuela xalqını təmsil etdikləri" üçün layiq görülüblər.
2024-cü ilin iyulunda Venesuelada prezident seçkiləri keçirilib. Müxalifətin açıqladığı nəticələrə görə, onların namizədi Qonsales inandırıcı qələbə qazanıb. Lakin milli seçki şurası indiki prezident Nikolas Maduronu qalib elan edib.
Avqusta müxalifət bütün səsvermə protokollarını təqdim edəndən dərhal sonra 75 yaşlı Qonsales və 56 yaşlı Korina ilə bağlı istintaqa başlanılıb. Onlar yalan məlumatlar yaymaq, itaətsizlik çağırışları, üsyana təhrik və cinayətkar sövdələşmədə ittiham olunurlar. O vaxtdan bəri Marina Korina Maçado Venesuelada gizlənir. Edmundo Qonsales ölkəni tərk edə bilib və İspaniyada məskunlaşıb.
17 oktyabr
Qubad İbadoğlu 2024-cü il Saxarov mükafatının finalçısı seçilib
Oktyabrın 17-də Avropa Parlamentinin Xarici Əlaqələr və İnkişaf komitələrinin üzvləri gizli səsvermə yolu ilə 2024-cü il Saxarov mükafatının üç finalçısını seçiblər. Onlardan biri azərbaycanlı akademik və antikorrupsiya fəalı professor Qubad İbadoğludur.
Yekun siyahıda Venesueladakı demokratik qüvvələrin lideri Mariya Korina Maçado və son seçkilərdə ölkənin prezidenti seçildiyi bildirilən Edmundo Qonsales Urrutiyanın (vahid nominasiya) da adları var. Digər nominantlar isə "Qadınlar Sülh Uğrunda" və "Günəşin Qadınları" (İsrail/Fələstin) təşkilatlarıdır (vahid nominasiya).
Bir həftə sonra, oktyabrın 24-də Prezidentlər Konfransı (Avropa Parlamentinin prezidenti Roberta Metsola və siyasi qrupların liderləri) Fikir azadlığı üzrə Saxarov mükafatının 2024-cü il üzrə laureatını seçəcək. Qalib(lər)in adları Strasburqda keçiriləcək plenar iclasda elan olunacaq.
50 min avro fondu olan mükafatın təqdimat mərasimi bu ilin dekabrında Strasburqda plenar iclasda baş tutacaq. Final mərhələsinə adlayan hər üç namizəd mükafatlandırma mərasiminə dəvət olunacaq.
Professor Qubad İbadoğlunun Saxarov mükafatına namizədliyi Avropa Parlamentinin Yaşıllar-Azad Avropa Birliyi fraksiyası tərəfindən irəli sürülüb. "İbadoğlu insan haqları müdafiəçisi, rejimin və mədən sənayesinin tənqidçisidir. Bu, Bakıdakı COP29-dan bir neçə həftə əvvəl Azərbaycana göndərilmiş güclü mesajdır!", – X şəbəkəsində paylaşılan mesajda deyilib.
Tanınmış sovet fizika alimi, siyasi dissident Andrey Saxarovun şərəfinə verilən Fikir azadlığına görə Saxarov mükafatı Avropa İttifaqının insan haqları üzrə ən yüksək mükafatıdır. O, 1988-ci ildən bəri hər il parlament tərəfindən fərdlərə və ya təşkilatlara insan hüquqlarının və əsas hüquqların müdafiəsi, xüsusilə ifadə azadlığı, azlıqların hüquqlarının qorunması, beynəlxalq hüquq, demokratiyanın inkişafı və qanunun aliliyinin müdafiəsi sahəsində gördükləri işlərə görə verilir.
Nelson Mandela və Anatoli Marçenko, həmçinin dissidentlər, siyasi liderlər, jurnalistlər, hüquqşünaslar, vətəndaş cəmiyyəti fəalları, Birləşmiş Millətlər Təşkilatı və təhsil hüququna görə mübarizə aparan uşaq hüquqları fəalı bu mükafata layiq görülüblər.
Bu mükafatı almış Nelson Mandela, Malala Yusufzay, Deni Mukveqe və Nadya Murad Nobel Sülh Mükafatını da layiq görülüblər.
Xatırlatma
Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul... və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Q.İbadoğlu ittihamları saxta adlandırıb.
Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı, daha sonra isə müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.
Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.
BMT baş katibi Putinə deyib ki, başladığınız hərbi müdaxilə beynəlxalq hüquqa ziddir
BMT baş katibi Antonio Quterreş oktyabrın 24-də Kazanda keçirilən BRICS sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, Putinə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin BMT xartiyasına və beynəlxalq hüquqa zidd olduğunu deyib. BMT-nin açıqlamasında belə bildirilir.
Sammitə qatılanlar və Putin qarşısında çıxış edən Quterreş Ukraynada "ədalətli" sülhə çağırıb: "Bizə Ukraynada sülh lazımdır. BMT xartiyasına, beynəlxalq hüquqa və Baş Assambleya qətnamələrinə uyğun bir sülh".
Səfər Ukraynada qəzəbli reaksiya doğurub. Xarici İşlər Nazirliyi İşveçrədə keçirilən Dünya Sülh Sammitinə Ukraynanın dəvətini qəbul etməyən Quterreşin əvəzində Kazana "savaş canisinin dəvəti ilə" yollanmasını yanlış seçim adlandırıb. "Bu, sülhün bərqərar olmasına xidmət etmir və olsa-olsa, BMT-nin nüfuzunu sarsıdır", - nazirliyin X sosial şəbəkəsindəki paylaşımında belə deyilir.
BRIKS sammitinə İran və Türkiyə prezidentləri ilə yanaşı, 36 ölkənin lideri qatılıb
Beləcə, Rusiya dünyanın öndə gələn ölkələrinə öz gücünü və özəlliklə Qərb dövlətlərinə Putinlə görüşmək istəyənlərin sayca tükənmədiyini göstərmək istəyib.
Oktyabrın 24-də Ukraynanın şərqindəki Kupyansk şəhərinə Rusiyanın hava zərbələri nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.
"Ağır durumdakı bir qadın xəstəxanaya çatdırılsa da, həyatını qurtarmaq mümkün olmayıb", - Xarkov vilayətinin başçısı Oleh Sınyehubovun sözləridir.
Donetsk vilayətinin strateji önəmli Pokrovsk şəhəri yaxınlığına da havadan zərbə endirilib. Nəticədə yaşları 58-65 arasında olan iki kişi və bir qadın öldürülüb.
Ukrayna Havadan Müdafiə Sistemləri ölkənin 11 vilayətini hədəf alan 50 PUA-dan 40-nı vurub. Daha 7 PUA naviqasiya sistemlərinə elektron müdaxilə ilə zərərsizləşdirilib.
Ukrayna hərbçiləri Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk vilayətindəki yerini müəyyənləşdirib. Kəşfiyyat bilgilərinə görə, koreyalılar hələ oktyabrın 23-dən döyüş zonasına gəlməyə başlayıb. Daha öncə şimali koreyalıların Rusiyaya gəlməsi "saxta xəbər" kimi qələmə verilsə də, Vladimir Putin koreyalıların artıq Rusiyada olmasını inkar etməyib.
Rusiya Duması Şimali Koreya ilə strateji tərəfdaşlıq sazişini təsdiqləyib
Oktyabrın 24-də təsdiqlənən sazişdə deyilir ki, "tərəflərin biri müharibə şəraitində olarsa, digəri ixtiyarında olan bütün vasitələrdən yararlanmaqla dərhal hərbi və digər gərəkli yardım göstərməlidir".
ABŞ müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) belə yardımların Şimali Koreya üçün fəsadlara gətirib çıxara biləcəyini bildirib.
Milli Güvənlik Şuranın sözçüsü Con Kirbi (John Kirby) oktyabrın ortalarında Rusiyaya 3 minədək şimali koreyalı əsgərin gətirildiyini güman edir.
"Onların niyyəti Rusiya tərəfində savaşa qatılmaqdırsa, bu, çox ciddidir və təkcə Avropa yox, Hind və Sakit okeanları regionundakı məsələlərə təsirsiz ötüşməyəcək", - Kirbinin sözləridir.
Kazanda Əliyev Paşinyanla görüşüb
Bu gün, oktyabrın 24-də Kazan şəhərində XVI BRICS sammitinin "Outreach/BRICS+" formatında iclası zamanı Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü olub.
+++
AZƏRTAC-ın xəbərinə görə, Əliyev və Paşinyan xarici işlər nazirlərinə sülh sazişinin tezliklə başa çatdırılması və bağlanması üçün danışıqları davam etdirməyi tapşırıblar.
+++
Yerevan və Bakı sülhün təməlinin qoyulması üçün bütün prinsipial məsələləri razılaşdırıb, - görüşdən əvvəl Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurları mexanizmləri ilə Naxçıvan ilə əlaqə qurmağı təklif edib.
+++
İki ölkə arasında son illər həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılsa da, hələlik, saziş imzalanmayıb. Son bir ildə tərəflər arasında sərhəd məsələləri ilə bağlı birbaşa görüşlər də gerçəkləşib. Bu günlərdə isə ABŞ prezidenti Co Bayden tərəflərə müraciət edərək onları ilin sonuna kimi sülh sazişi imzalamağa çağırıb.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü tam bərpa edib. Bakı Qarabağda birgünlük əməliyyatı "lokal antiterror tədbirləri" elan etsə də, Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Xatırlatma
Azərbaycan prezidenti İlham Əliyev XVI BRICS sammitinin "Outreach/BRICS+" formatında iştirak etmək üçün oktyabrın 23-də Kazan şəhərinə səfər edib. Oktyabrın 22-də Kazanda BRICS sammiti başlayıb. Sammitin oktyabrın 24-də başa çatacağı gözlənir.
Azərbaycan da BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu qurumun adı Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adlarının baş hərflərindən götürülüb. 18 il əvvəl yaradılan quruma Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri sonrakı illərdə qoşulub. Bəzi təhlillərə görə, bu təşkilat Şimali Amerika və Qərbi Avropadakı zəngin ölkələrin siyasi, iqtisadi qüdrətinə qarşı bir alternativ kimi yaradılıb.
Səfərbərlik Xidmətinin İmişli şöbəsinin rəisi həbs olunub
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi həbs olunub.
Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polkovnik-leytenant Xəyyam Babayevə Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü ( təkrar və küllü miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Hərbi Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
İttihama X.Babayev və onun yaxınlarından münasibət almaq mümkün olmayıb. Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs verilə bilər.
Ötən ay isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov eyni ittihamla həbs edilmişdi.
Xatırlatma
Belə həbslər 2023-cü ildə də baş verib. Ötən il Xidmətin Xəzər, Xaçmaz, Cəlilabad və Laçın rayon şöbələrinin vəzifəli şəxsləri oxşar ittihamlarla üzləşmişdilər. Onlar isə, əsasən, ittihamları qəbul etmirdilər.
Azərbaycanda hər il dörd dəfə - yanvar, aprel, iyul və oktyabrda müddətli həqiqi hərbi xidmətə çağırış gerçəkləşdirilir və minlərlə gənc hərbi xidmətə cəlb olunur.
Türkiyədə terror aktının mümkün icraçıları açıqlanıb
Türkiyə hakimiyyəti Ankaradakı terror aktını Kürdüstan Fəhlə Partiyası (PKK) üzvlərinin törətdiyini güman edir, - ölkənin daxili işlər naziri Əli Yerlikaya bildirib. O aydınlaşdırıb ki, terrorçuların şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam edir.
"Hərəkət tərzi hücumun böyük ehtimalla PKK tərəfindən həyata keçirildiyini göstərir. İdentifikasiya tamamlandıqdan və digər sübutlar aydınlaşdıqdan sonra daha konkret məlumatları sizinlə paylaşacağıq", - o deyib.
+++
Ankarada terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb, daha 22 nəfər yaralanıb, - Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
+++
Ankarada naməlum şəxslərin TUSAŞ aerokosmik şirkətinin binasının girişində törətdiyi partlayış və atışma nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. O, hücumu terror aktı kimi qiymətləndirib.
Türkiyənin NTV telekanalı xəbər verir ki, hücum edənlər TUSAŞ-ın binasına günün ortasında adi taksi ilə gəliblər. Onlar silahlarını çıxararaq binaya daxil olmaq istəsələr də, mühafizə dəstəsi onların qarşısını kəsib, bundan sonra partlayış baş verib. Ehtimallara görə, kamikadze özünü partladıb.
Binanın içərisində atışma ola biləcəyi xəbər verilirdi. Təhlükəsizlik qüvvələri və təcili yardım maşınları cəlb olunub, ərazi mühasirəyə alınıb. İşçilərə sığınacaqlarda gizlənmələri tapşırıldığı bildirilir. Lakin media terrorçuların binadakı insanları girov götürə biləcəyini yazırdı. Neçə terrorçunun olduğu açıqlanmır.
Daxili işlər naziri Yerlikaya polisin hücum edənlərdən ikisini öldürdüyünü bildirib.
TUSAŞ böyük səhmdar cəmiyyətidir. Şirkət həm mülki, həm də hərbi məqsədlər üçün təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, kosmik peyklər işləyib hazırlayır və istehsal edir.
AİHM AzadlıqRadiosunu 'xarici agent' saydığı üçün Rusiyadan 985 min avro tələb edib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Azad Avropa Radiosu/Azadlıq Radiosu MMC və Andrey Şarıy Rusiya Federasiyasına qarşı" 19659/21 nömrəli məhkəmə işi üzrə qərarını açıqlayıb. Məhkəmə çəkişməsi Rusiya hakimiyyətinin AzadlıqRadiosunu "xarici agent" elan etməsindən qaynaqlanmışdı. Yekdilliklə radionun lehinə qərar çıxaran AİHM Rusiya hakimiyyətinin Avropa İnsan Hüquqları Konvensiyasının söz və toplaşma azadlıqları ilə bağlı maddələrini pozduğunu bildirib. Məhkəmə qərarına əsasən, Rusiya AzadlıqRadiosuna dəyən maddi zərərə görə 955 min 440 avro və qeyri-maddi xərclərə görə 850 avro cərimə ödəməlidir.
Məhkəmə çəkişməsinin tam mətni qurumun saytında dərc edilib.
Qərarda deyilir ki, Rusiyanın "xarici agentlər" haqqında indiki qanunu QHT-lərin iş şəffaflığının artırılmasına xidmət etmir. Əksinə, damğalayıcı olmaqla yanaşı, yanlışlıqlara yol açır, çox geniş və qeyri-dəqiq yozulur, bütövlükdə cəzalandırmağı hədəf götürüb.
Qərarda "xarici agent"lərin hazırladığı materialın Rusiya hakimiyyətinin tələbi ilə müvafiq işarə ilə damğalanması məsələsinə də ayrıca yer verilib. AİHM-in qənaətinə görə, bu və ya digər məhdudiyyətlər demokratik cəmiyyətin təməl prinsiplərini laxladır.
Tuneldə boğulan ikinci şəxsin də meyiti çıxarılıb
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü K.A.-nın meyiti də suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
+++
Bakının Sabunçu rayonunda tuneldə bir nəfərin suda boğulduğu ilə bağlı məlumatlar rəsmən təsdiqlənib. Orada sel sularının tunelə dolması nəticəsində ümumilikdə iki nəfərin batdığı barədə məlumatlar yayılıb.
FHN mətbuat xidmətindən isə bildirilib ki, Sabunçu rayonunda subasmaya məruz qalmış tuneldə onların əməkdaşları 1976-cı il təvəllüdlü şəxsin meyitini suyun altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
+++
Bakıda yağış fəsadlar törədib. Binəqədi rayonunda bir sıra evləri su basdığı, Biləcəri qəsəbəsinin də bəzi yerlərində fərdi evlərdə kanalizasiyanın daşdığı deyilir.
Oktyabrın 21-dən 22-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən tuneli su basıb, bir neçə avtomobil su altında qalıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb edilib.
Mərdəkan istiqamətində də tuneli su basıb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Eyni hal Abşeron ərazisində də Bağırov körpüsü tərəfdə yaşanıb. Oktyabrın 22-də səhər saat 10 radələrində orada yolun bağlı olduğu, avtomobillərin hərəkətinin dayandırıldığı bildirilir.
FHN-nin Mətbuat xidmətindən əlavə edilib ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdən 31 nəfər təhlükəsiz əraziyə təxliyə edilib: "Bir sıra ünvanlarda əməliyyat davam etdirilir".
Paytaxtda avtobusların fəaliyyətində də ciddi problem yarandığı deyilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) isə "Turan"a bildirilib ki, paytaxt Bakıda yağan yağıntılarla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.
Neft Emalı Zavodunda yanğın [Video]
Oktyabrın 22-də Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın olub.
"Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb",-Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasında bildirilir.
Yanğın səbəbləri və tələfatla bağlı, hələlik, heç bir məlumat verilmir.
Ötən əsrin 50-ci illərində SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə inşa edilən bu zavod Azərbaycanın hazırda əsas neft emalı müəssisəsi sayılır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyindədir.
Baş Prokurorluq AMEA-nın fəaliyyətini yoxlayır
Baş Prokurorluğun Mətbuat xidməti bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb.
Xidmətin məlumatına görə, Hesablama Palatasından daxil olmuş material əsasında AMEA-nın fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb: "Qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin olunmuş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib".
Cinayət işi Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə açılıb.
AMEA-nın 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 14-nə kimi prezidenti Prezident Administrasiyasının keçmiş (1995-2019) rəhbəri Ramiz Mehdiyev olub. 2022-ci il oktyabrın 25-dən isə həmin posta İsa Həbibbəyli gətirilib.
Hələlik, Baş Prokurorluğun bu açıqlamasına sözügedən şəxslərdən münasibət almaq mümkün olmayıb.
Uzun illər hakimiyyətə yaxınlığı ilə seçilən media orqanlarında R.Mehdiyev ölkədə islahatlara maneə kimi təqdim edilib. Hərçənd onun özü belə dəyərləndirmələri düzgün saymayıb. Üstəlik, bir çox ekspertlər də vurğulayıblar ki, R.Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılsa da, ölkədə hələ də real islahatlar aparılmayıb. Mövcud hakimiyyət rəsmiləri isə, illərdir ki, ölkədə siyasi, iqtisadi və sosial islahatların aparılmasından bəhs edirlər.
AXCP üzvü 20 sutka həbs edilib
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, Suraxanı rayon şöbələrinin fəalı Tehran Abdullayev saxlanıb.
Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, o, oktyabrın 15-də saxlanıb.
AXCP-dən onun hansı səbəbdən saxlandığını dəqiqləşdirə bilmədiklərini söyləyirlər: "Biz onun konkret hansı səbəbdən saxlanıldığını bilmirik, amma güman ki, polisə müqavimət ittihamıdır. Onu bilirik ki, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Həftənin sonuna düşdüyündən vəkil order alıb onunla görüşə bilməyib".
Vəkil həbsdə olan AXCP üzvü ilə görüşüb
Vəkil Nemət Kərimli bu gün, oktyabrın 21-də dörd gün əvvəl inzibati qaydada həbs olunan AXCP üzvü Tehran Abdullayev ilə görüşüb.
N.Kərimli deyir ki, T.Abdullayevin sözlərinə görə, o, polis əməkdaşının şəkilini çəkməsi bəhanəsi ilə həbs olunub: "Tehran dedi ki, oktyabrın 15-də Bakıda tikinti materialları mağazasında alış-veriş edərkən ona polis əməkdaşı yaxınlaşıb və onun şəklini hansı məqsədlə çəkdiyini soruşub. Tehran cavabında heç kimin şəklini çəkmədiyini deməsinə baxmayaraq, onu saxlayaraq Nəsimi rayon 20-ci polis bölməsinə aparıblar".
N.Kərimli vurğulayır ki, orada T.Abdullayev barəsində protokol tərtib ediblər və məhkəməyə göndəriblər: "Məhkəmə barəsində 20 sutka inzibati həbs tədbiri seçib. Lakin Tehran onun hansı inzibati xətada ittiham olunduğunu bilmir".
Vəkil bildirib ki, AXCP üzvünün sözlərinə görə, o, siyasi fəaliyyəti ilə bağlı həbs olunub.
Hələlik, bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Hazırda müxalifətdə olan AXCP-nin 10-a qədər fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.