Dünya xəbərləri
ABŞ İsrailin İrana hücumu ilə bağlı planın necə sızdığını araşdırır
ABŞ İsrailin İrana qarşı hazırladığı cavab hücumu ilə bağlı planının əks olunduğu məxfi kəşfiyyat sənədlərinin sızdırılmasını araşdıracaq. Bu barədə ABŞ Nümayəndələr Palatasının sözçüsü oktyabrın 20-də deyib.
15-16 oktyabra aid sənədlər ayın 19-da Teleqram sosial şəbəkəsində dərc edilib.
Sənədlər "tam məxfi" qeydi daşıyır, onların yalnız ABŞ və yaxın müttəfiqləri olan Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya üçün nəzərdə tutulduğu yazılıb, - CNN bildirir.
Orada İsrailin İrana qarşı böyük ehtimalla keçirəcəyi hərbi hazırlıqlar təsvir edilir.
Sənədlərin birində onun ABŞ-ın Milli Geokosmik-Kəşfiyyat Agentliyi (NGA) tərəfindən hazırlandığı yazılıb.
Palatanın Luiziana ştatından olan respublikaçılar partiyasının nümayəndəsi Mayk Conson (Mike Johnson) hazırda araşdırma aparıldığını CNN-ə müsahibəsində təsdiqləyib.
Pentaqon sənədləri nəzərdən keçirdiyini bildirib. Adıçəkilən agentlik isə, hələlik, heç bir şərh verməyib.
"The New York Times"ın məlumatına görə, ABŞ rəsmiləri sızmanın mənbəyini müəyyənləşdirməyə çalışır. Sənədlərdə hərbi təlimlər, silahların yerləşdirilməsi və dəyə biləcək ziyan barədə məlumatlar yer alıb.
"Orada yaxın günlərdə İsrailin İrana endirəcəyi mümkün zərbə barədə təəssüratlar yer alıb. Onlar peyk təsvirlərinin təhlili əsasında hazırlanıb", - "The New York Times" söyləyir.
Bir çox hökumət rəsmiləri və müşahidəçilər deyirlər ki, İranın bu ayın əvvəli vurduğu raket zərbəsinə cavab olaraq İsrail ona zərbə endirə bilər. İran isə həmin zərbənin İsrailin daha öncəki hücumuna cavab olduğunu deyir.
Rəsmilər "The New York Times"a deyiblər ki, sızdırılan sənədlər rəsmi Vaşınqtonun İsrailin planlarına dair bilgisinin hərtərəfli qiymətləndirməsi deyil. Onlar sadəcə təhlilçilərin peyk təsvirləri əsasında gələ biləcəyi qənaətdir.
Bu il Rusiyada vətənə xəyanətə görə hökmlərin sayı 3.5 dəfə artıb
Rusiyada 2024-cu ilin birinci yarısı 52 adama vətənə xəyanət hökmü oxunub. Bu, 2023-cü ilin analojı dövrü ilə müqayisədə 3.5 dəfə çoxdur. Bu barədə Rusiya Ali Məhkəməsinə istinad edən "Vajnıye istorii" yazır.
Son doqquz ildə bir il ərzində belə göstəricilər müşahidə olunmayıb. Misal üçün, 2023-cü il ərzində bu maddə üzrə 39 nəfər cəzalandırılıb.
2023-cü ildə bu maddəyə görə cəza sərtləşdirilib, indi ömürlük həbs cəzası nəzərdə tutulur.
Həmçinin casusluğa görə məhkum olanların sayı artıb. Nəşrin məlumatına görə, 2024-cü ilin ilk yarısında bu maddə ilə 18 nəfər məhkum edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə doqquz dəfə çoxdur.
Daha iki nəfərə xarici dövlətlərlə məxfi əməkdaşlığa görə hökm oxunub. "Məxfi" əməkdaşlığa görə 8 ilə qədər həbs və cərimələr nəzərdə tutulur. Düzəliş müəllifləri "əməkdaşlığın" mahiyyətini bulanıq təsvir ediblər – bu, əcnəbilərlə "açıq şəkildə Rusiya Federasiyasının təhlükəsizliyinə yönəlmiş fəaliyyətə" kömək edən təmasdır. Ən çox rast gəlinən ittiham "Ukrayna ilə əlaqə"dir.
"Sever.Realii" saytının məlumatına görə, natamam iki il ərzində Rusiyada bu maddə ilə azı 40 cinayət işi açılıb.
Dövlət sirri ilə bağlı qanunsuz hərəkətlərə görə 96 nəfər məhkum edilib ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə təxminən iki dəfə çoxdur. Jurnalistlər qeyd edirlər ki, hökmlərin çoxalması "Dövlət sirrinin qorunması tələblərinin pozulması" maddəsinin tətbiqi ilə əlaqədardır. Maddə dövlət sirrinə nə vaxtsa girişi olan vətəndaşların Rusiyanı tərk etməsinə görə məsuliyyət nəzərdə tutur. Yeni maddə dövlət müəssisələrinin keçmiş işçiləri, mühəndislər, konstruktorlar, tərtibatçılar və istefada olan hərbi qulluqçuları əhatə edir.
ABŞ və Ermənistanın yüksəkrütbəli generalları Vaşınqtonda görüşüb
ABŞ Ermənistan ilə yüksələn hərbi əlaqələri tərifləyib və Rusiyanın regiondakı "zərərli" təsirinə qarşı çıxmağa çağırıb. Bu barədə ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Çarlz Braun (C.Q. Brown) Ermənistanın Baş qərargah rəisi Edvard Asryan ilə Vaşınqtonda çərşənbə günü görüşü zamanı söyləyib.
Görüşdə tərəflər Ermənistanın hərbi sahəsinin müasirləşdirilməsinə aid təşəbbüsləri müzakirə ediblər. Bu səylərə dəstək verilməsini təklif edən general Braun Rusiyanın regiondakı ziyanlı təsirindən narahatlıq bildirib, bu fəaliyyətə qarşı mübarizənin vacibliyini vurğulayıb.
Ermənistanın Müdafiə Nazirliyi görüşə aid yekun bəyanatda getdikcə uzaqlaşdığı müttəfiqi Rusiyanın adını çəkməyib.
Ermənistan ordusunda dəyişiklər və islahatlara dəstəyini təsdiqləyən ABŞ bu yaxınlarda Ermənistan MN-ə hərbi müşavirini təyin edəcəyini açıqlayıb.
Asryanın ABŞ-də görüşdüyü üç generaldan biri Mayk Miller (Mike Miller) xarici silahlı qüvvələrin təlim, məsləhət və təchizat məsələləri ilə məşğul qurumuna başçılıq edir.
İki ölkənin hərbçiləri iyulda Ermənistanda bu il artıq ikinci birgə təlimlər keçirib. Birgə sülhməramlı əməliyyatlara aid təlimləri ölkəyə səfər edən üç amerikalı general izləyib.
Rəsmi Moskva Rusiya-Ermənistan münasibətlərinin pişləşməsi fonunda keçirilən təlimləri pisləyib. Onlar bu təlimlərin iki ölkə münasibətlərinə növbəti zərbəni vuracağını deyib. Həmçinin əlavə ediblər ki, bununla Ermənistan öz təhlükəsizliyini daha böyük risk altına atır.
Baş nazir Nikol Paşinyan fevralda ölkəsinin Rusiyanın aparıcı rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünü dondurub. O, Ermənistanın hərbi alyansı tərk edəcəyini dəfələrlə söyləyib.
Gümrünün keçmiş meri barəsində həbs orderi çıxarılıb
Ermənistanda hüquq-mühafizə orqanları Gümrünün keçmiş meri Samvel Balasanyan barəsində həbs orderi çıxarıb. Təxminən bir il öncə hakim "Mülki müqavilə" partiyası Balasanyannın siyasi partiyası ilə hakimiyyəti paylaşma sazişindən çıxıb.
İstintaq Komitəsi 2014-cü ildə Balasanyan ailəsinin bələdiyyə torpağını qanunsuz özəlləşdirdiyini deyir, o da bu iş çərçivəsində ittiham olunan beşinci şəxsdir. Digər şübhəlilər arasında onun oğlu Xaçatur, Gümrünün indiki merinin müavini Suren Canoyan da var. Onların hər ikisi ev dustaqlığındadır.
Balasanyanın oğlu keçən həftə Yerevanın "Zvartnots" aeroportunda, ABŞ-də müalicə aldığı deyilən atasının yanına gedərkən saxlanılıb,
S.Balasanyan hakimiyyətdən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur.
Onun vəkili ittihamı şərh etməyib.
Gümrünün indiki meri Vardqes Samsonyan və 70 yaşlı keçmiş merin digər siyasi müttəfiqləri də cinayət təqibi barədə susurlar.
Varlı biznesmen olan Balasanyan 2012-ci ildə Gümrünün meri seçilib. O, 2021-ci ildə növbəti dəfə namizədliyini verməsə də, adını daşıyan blok bələdiyyə seçkilərinə gedərək səslərin çoxunu qazanıb. Ancaq mer seçimini aparan yerli şurada çoxluğu əldə edə bilməyib.
"Balasanyan Bloku" hakim "Mülki müqavilə" ilə birləşərək Balasanyanın qohumu Samsonyanı mer vəzifəsinə gətirə bilib. Qarşılığında "Mülki müqavilə"dən iki nəfər merin müavinləri olub.
Ancaq baş nazir Nikol Paşinyan dekabrda hakimiyyətin bölüşdürülməsi sazişindən çıxdığını gözlənilmədən elan edəndə onlar da vəzifədən gediblər. "Mülki müqavilə" bildirib ki, kölgə idarəçiliyinin bir hissəsi olmaq istəmir, bununla da Balasanyanın hələ də şəhəri idarə etdiyinə eyham vurub.
Daşkənd 'Taliban'ın sərhəddə musiqini yasaqlamağı tələb etdiyini yalanlayır
Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanla sərhəddə yerləşən ticarət mərkəzində konsertlər və musiqili tədbirlərin ləğvi barədə "Taliban" hökumətinin sorğu göndərməsi haqda xəbərləri təkzib edib.
Həmin məlumat oktyabrın 14-də Əfqanıstanın "Atlaspress" media resursunda çıxandan sonra nazirlik bəyanatı yayıb. Məlumata görə, "Taliban" Özbəkistan hökumətinə sorğu göndərib ki, Termez Beynəlxalq Ticarət Mərkəzində musiqi ifaları dayandırılsın.
Məlumatda iddia edilir ki, sorğuya müsbət cavab verilməsə, Əfqanıstan vətəndaşlarının adıçəkilən ticarət mərkəzinə ziyarəti yasaqlana bilər.
"Taliban" İslam hüququnu özünəməxsus şəkildə yozur. Onlar musiqiyə, ictimai musiqi çıxışlarına qarşıdırlar, bunu dini prinsiplərinə zidd sayırlar. 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti tam ələ keçirən "Taliban" ötən il ölkədə 20 mindən çox musiqi alətini məhv etdiyini açıqlayıb.
Özbəkistan XİN heç bir sorğu almaması haqda oktyabrın 15-də gazeta.uz-a aydınlıq gətirib.
"Termez Beynəlxalq Ticarət Mərkəzində musiqili tədbir və ya konsertlərin ləğvi ilə bağlı Əfqanıstan tərəfindən heç bir rəsmi sorğu almamışıq", – nazirliyin mətbuat xidməti təsdiqləyib.
Avqustun sonu fəaliyyətə başlayan Termez Beynəlxalq Ticarət Mərkəzi azad ticarət zonasıdır. Burada Əfqanıstan vətəndaşları daxil, bütün ziyarətçilər 15 günədək viza tələbi olmadan müxtəlif pul vahidləri ilə ticarət edə bilər.
Əfqan mediasının iddialarına baxmayaraq, Özbəkistan hökuməti planlaşdırılan əyləncə və mədəni proqramlara heç bir fasilə vermədən mərkəzi adi qaydada işlətməyə davam edir.
ABŞ prezidenti Ukraynanın təhlükəsizliyi üçün 425 milyon dollar ayırır
ABŞ prezidenti Co Bayden (Joe Biden) səlahiyyət müddətinin qalan hissəsi ərzində Ukraynanın təhlükəsizliyini gücləndirmək səyləri çərçivəsində bu ölkəyə 425 milyon dollardıq dəstək paketi barədə elan edib. Ağ ev oktyabrın 16-da bildirib ki, bu barədə o, ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edərək deyib.
Dəstək paketinə yüzlərlə hava hücumundan müdafiə raketi, onlarla taktiki havadan müdafiə sistemi, əlavə artilleriya sistemləri, böyük miqdarda silah-sursat, yüzlərlə zirehli transportyor və piyadanın döyüş maşınları daxildir.
Ukrayna prezidenti, öz növbəsində, Rusiya üzərində qələbə qazanmaq üçün hazırladığı plan barədə Baydeni yenidən məlumatlandırıb.
ABŞ prezidenti Ukraynaya hərbi yardımı ölkəsində noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi etməyə hazırlaşır. Belə ki, seçkilərdə respublikaçı namizəd Donald Tramp (Donald Trump) yenidən qələbə qazansa, o, Ukraynadakı müharibəni danışıqlar yolu ilə qısa müddətdə bitirə biləcəyini deyib. Konqresdəki bir çox respublikaçılar Ukraynaya əlavə hərbi yardımın göstərilməsinin əleyhinədir.
Bayden və seçkilərdəki demokratların namizədi Kamala Harris Trampın müharibəyə tezliklə son qoya biləcəyi barədə dediyini tənqid ediblər. Onların qənaətinə görə, bu, Moskvaya hazırda işğal etdiyi ərazilərdə mövqelərini bərkitməyə və bundan sonrakı irəliləyişlərə yol aça bilər.
Əlavə yardımın göstərilməsini koordinasiya etmək üçün Bayden noyabrda Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupunun onlayn görüşünə başçılıq edəcək.
Ağ evin sözçüsü Karin Jan-Pyer (Karine Jean-Pierre) Baydenin bu həftəsonu Avropaya səfəri zamanı Zelenski ilə görüşə bilməyəcəyini, lakin ABŞ prezidentinin Rusiya qoşunlarına qarşı mübarizədə "ukraynalıların yanında olmaq" istədiyini söyləyib. Bayden "Milton" qasırğasına görə ötən həftə Avropaya planlaşdırdığı səfəri təxirə salmışdı.
Gürcüstan hökuməti seçkiqabağı saxta video və səs yazılarının yayıla biləcəyi barədə xəbərdarlıq edir
Gürcüstan təhlükəsizlik xidməti bu ayın sonu keçiriləcək mühüm parlament seçkiləri öncəsi iğtişaşlara səbəb ola biləcək saxta video və audio yazıların yayılması planı barədə xəbərdarlıq yayıb.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) adlarını açıqlamadığı siyasi dairələrlə əlaqəli qrupların hökumət təmsilçiləri barədə süni intellekt və digər qabaqcıl texnologiyalar vasitəsilə yaradılan saxta audio-video yazılar yaymağa hazırlaşdığını bildirir.
Xəbərdarlıq özəlliklə bu ilin əvvəli mübahisəli "xarici agent" haqqında qanunun qəbulundan sonra Gürcüstanda yüksəlmiş siyasi gərginlik fonunda edilib. Bu isə oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı böyük risk olduğunu ortaya qoyur.
Xəbərdarlıqda daha nələr var
DTX-nın oktyabrın 16-da yayılan bəyanatında deyilir ki, saxtalaşdırılmış yazıların məqsədi "hökumətin müxtəlif qolları arasında münaqişə yaratmaq, Pravoslav kilsə və Qərb tərəfdaşlar ilə münasibətləri pişləşdirməkdir".
Xəbərdarlığa görə, bu planın arxasında duranlar saxtalaşdırılmış yazıları DTX-dan sızmış məlumat kimi qələmə vermək istəyirlər. Onların məqsədləri xidmətin fəaliyyətinə kölgə salmaq və Gürcüstanın siyasi strukturu daxilində fikir ayrılığı yaratmaqdır.
"Təxribat siyasi qazanclar üçün ölkədə sabitliyi pozmaq və etirazları təşviq etmək üçün hazırlanır", – deyə DTX bildirir ki, qrupların fəaliyyətini yaxından izləyir və lazım gələrsə, hüquqi addımlar atacaq.
Gürcüstan hökuməti ölkədə 2014-cü il Ukraynada rusiyapərəst prezident Vladimir Yanukoviçin devrilməsi ilə yekunlaşan "Avromaydan" kimi rəngli inqilaba təkan verə biləcək mümkün cəhdlər barədə dəfələrlə narahatlığını bildirib. Bu iddiaları təsdiqləyən heç bir sübut irəli sürülməsə də, hökumət narahatlığını gizlətmir.
Rusiya ilə sıxlaşan əlaqələr
Bu arada rəsmi Tbilisi Moskva ilə getdikcə sıxlaşan əlaqələrinə görə tənqid edilir. Avropa İttifaqı (Aİ) və ABŞ ölkədə demokratiyanın geriləməsi sarıdan narahatlıqlarını ifadə ediblər.
Misal üçün, "xarici agent" qanunu Rusiyada azad mətbuatı və tənqidçiləri susdurmaq üçün istifadə olunan oxşar qanuna bənzədiyinə görə geniş tənqid edilir.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili oktyabrın 3-də bir qanun layihəsi imzalayaraq gərginliyi daha da artırıb. İnsan haqları qrupları, müxalifət və beynəlxalq ictimaiyyətin qənaətinə görə, bu qanun layihəsi ölkənin LGBT icmasının hüquqlarını kəskin şəkildə məhdudlaşdırır.
Rusiyayönümlü gürcüstanlı oliqarx, sabiq baş nazir və hakim "Gürcü arzusu" partiyasının seçkilərdəki əsas namizədi Bidzina İvanişvili israrla bildirir ki, ölkəsi Qərb institutlarına qoşulmaq niyyətinə sadiqdir.
Gürcüstanın vətəndaş cəmiyyəti illərlə ölkəni Rusiyanın təsirindən uzaqlaşdırmağa çalışıb. Rusiyanın minlərlə əsgəri hələ də Gürcüstanın iki separatçı bölgəsi - Cənubi Osetiya və Abxaziyada yerləşir. Rəsmi Moskva hər iki ərazinin müstəqilliyini 2008-ci ildə Gürcüstana qarşı apardığı beşgünlük müharibədən sonra tanıyıb.
AzadlıqRadiosunun keçmiş jurnalisti Tehranda həbs edilib
AzadlıqRadiosunun uzun illər xaricdə yaşayıb İrana qayıdan keçmiş jurnalisti Tehranda həbs edilib. Bu barədə oktyabrın 15-də AzadlıqRadiosunun mənbəyi bildirib.
ABŞ və İran vətəndaşı olan Reza Vəlizadə üç həftə əvvəl həbs edilib. Qohumlarından biri AzadlıqRadiosuna söyləyib ki, ona qarşı xaricdə farsdilli media qurumları ilə əməkdaşlıq daxil, bir sıra ittihamlar irəli sürülüb.
İran rəsmiləri Vəlizadənin həbsi ilə bağlı, hələlik, heç bir şərh verməyiblər.
AzadlıqRadiosunun fars xidməti olan "Fərda" Radiosunun əməkdaşı olmuş Vəlizadə 2022-ci ilin noyabrında radiodan ayrılıb. O, bir müddət xaricdə yaşayıb.
Avqustun 13-də X sosial şəbəkəsində yerləşdirdiyi sonuncu paylaşımda Vəlizadə deyib ki, o, Tehrana martın 16-ı səfər edib. Paylaşımda bildirilir ki, onun İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyata cavabdeh qolu ilə "tamamlanmayan" danışıqları qalıb, ancaq sonda o, 14 il sonra "hətta şifahi daxil, heç bir zəmanət məktubu olmadan", ancaq öz məsuliyyətinə arxalanaraq İrana qayıdıb.
Paylaşımın hansı şəraitdə yazılması qeyri-müəyyən olaraq qalır.
İkili vətəndaşlığı olan bir çox iranlı təhlükəsizlik xidmətləri tərəfindən həbs edilib. Onlar müxtəlif cinayət törətməkdə ittiham olunublar. Bir çox mülkləri əllərindən alınıb və ya onlardan istifadə mümkünsüz edilib. Bəzi hallarda onların İrandakı ailə üzvlərinə təzyiqlər göstərilir ki, qohumlarını İrana qayıtmağa sövq etsinlər.
İran əcnəbiləri, o cümlədən ikili vətəndaşlığı olanları qeyri-qanuni həbs etməklə girov götürməkdə və öz tələblərinin yerinə yetirilməsi üçün xarici hökumətlərə təzyiq göstərməkdə ittiham olunur.
İqtisadiyyat üzrə Nobel mükafatı 'Niyə bəzi ölkələr zəngin, digərləri isə kasıbdır'ın müəlliflərinə verildi
İqtisadiyyat üzrə Nobel mükafatına ABŞ universitetlərində çalışan Daron Acemoğlu və Ceyms Robinson və onlara yardımçı olan tədqiqatçı Saymon Conson layiq görülüblər.
Mükafat laureatlara "İnstitutların formalaşma proseslərin tədqiqatı və onların iqtisadi firavanlığa təsiri" kitabına görə veriləcək.
"Laureatların araşdırmaları qanunun aliliyinin, institutların zəif inkişaf etdiyi və əhalinin istismar olunduğu cəmiyyətlərin niyə böyüməyə və ya yaxşılığa doğru dəyişməyə kömək etmədiyini anlamağa imkan verir", - İsveç Elmlər Akademiyasının press-relizində deyilir.
Acemoğlu və Robinson institusional iqtisadiyyat sahəsində aparıcı tədqiqatçılardır.
Çikaqo universitetinin iqtisadçısı Konstantin Sonin onları bu elmin müasir istiqamətlərinin yaradıcıları, müəllif olduqları kitabı isə 2021-ci ildə son yarım əsr iqtisadiyyat və siyasətin təhlili sahəsində yazılan "ən vacib" yazı adlandırıb.
Conson Beynəlxalq Valyuta Fondunun keçmiş aparıcı iqtisadiyyatçısıdır. O, "Dünyanı idarə edən 13 bank. Uol-stritin əsarətində və növbəti maliyyə böhranın gözləntisində" bestsellerin müəllifidir. O, 2023-cü ildə Acemoğlu ilə birlikdə "Hakimiyyət və tərəqqi: texnologiya və firavanlıq uğrunda min illik mübarizəmiz" kitabına müəlliflik edib. Kitabda texnologiyalar, işçilərin vəziyyəti və cəmiyyətdəki bərabərsizlik arasında qarşılıqlı əlaqələr tədqiq edilib.
Alfred Nobel adına iqtisadiyyat üzrə mükafat İsveç bankı tərəfindən 1968-ci ildə təsis edilib. Laureatların elan edilməsi ilə Nobel həftəsinə yekun vurulur. Mükafat dekabrın 10-də qaliblərə təqdim ediləcək.
Belaruslu fəal 'itaətsizliyə görə' yenidən məhkəmə qarşısına çıxacaq
Belarusda həbsdə olan siyasi fəal Palina Şarenda-Panasyuk yerləşdirildiyi həbsxana rəhbərliyinə yenidən "itaətsizlik" etmək ittihamları ilə üzləşib.
Sonuncu ittiham oktyabrın 14-də Belarusun cənub-şərqindəki Reçitsa rayonunda başlayan yeni məhkəmə işinin əsas tərkib hissəsidir.
İki uşaq anası Şarenda-Panasyuk artıq dörd ili həbsxanada keçirib və təqsirli bilinərsə, dəmir barmaqlılar arasında əlavə bir il də qala bilər.
Onun davamlı həbsi Belarus hakimiyyətinin siyasi motivli repressiyası kimi qiymətləndirilir.
Fəalın həyat yoldaşı Andrey Şarenda söyləyib ki, hazırda xanımı islah-əmək müəssisəsi rəhbərliyinin tələblərinə "kinli" itaətsizlikdə ittiham olunur.
Məhkəmədən qabaq Şarenda-Panasyuk rayonun əsas şəhəri Homeldəki istintaq təcridxanasından yaxınlıqdakı Reçitsa şəhərindəki təcridxanaya aparılıb.
Şarenda onun bu müəssisəyə aparılması ilə bağlı narahatlığını bildirib. Məlumata görə, oradakı saxlanma şəraiti sərtdir. Belə ki, məhbuslar döşək və yataq dəsti olmayan dəmir çarpayıların üzərində yatmağa məcbur edilir. Bu isə həyat yoldaşının belindəki problemləri daha da kəskinləşdirir.
Şarenda iddia edir ki, həyat yoldaşının sağlıq durumunu nəzərə almayan hakimiyyət onu qeyri-insani rəftara məruz qoyub. O, həmçinin qeyd edib ki, ona qarşı yeni ittihamlar oktyabrın 14-də irəli sürülüb. Həmin tarixdə Belarusda Analar Günü qeyd edilir. Şarenda-Panasyuka dörd ildir ki, uşaqları ilə görüşməyə icazə verilmir.
Aİ İrana yeni sanksiyaları təsdiqləyir
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İrana bağlı yeddi fərdə və yeddi quruma yeni sanksiyaları təsdiqləyib. Kiyevin Qərb müttəfiqləri bir müddətdir Tehranı Rusiyaya ballistik raketlər göndərməklə Ukraynanın tammiqyaslı işğalına köməkdə ittiham edir.
"Fərda" Radiosunun ötən həftə yazdığına görə, sanksiyalar Rusiyaya silah göndərməkdə əli olan şirkət və fərdləri hədəfə alır. Siyahıya "Iran Air", "Saha Airlines" və "Mahan Air" şirkətləri daxildir.
Sanksiyalar tətbiq olunan fərdlər içində isə müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri, İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin tanınmış rəsmiləri var.
ABŞ, Britaniya, Fransa və Almaniya bir aydan çoxdur İranı Rusiyaya Ukraynaya qarşı istifadə etmək üçün ballistik raketlər və aidiyyəti olan texnologiya göndərməkdə ittiham edir. Bu isə Avropa müttəfiqləri arasında konsultasiyalara səbəb olub.
Sanksiya hədəfləri aktivlərinin dondurulmasına və Aİ-yə səyahət qadağalarına məruz qalacaq.
"Iran Air" Avropanın bir sıra şəhərlərinə, o cümlədən Frankfurt, Hamburq, Köln, Paris və Milana birbaşa uçuşlar gerçəkləşdirir.
Bu sanksiyalardan bir neçə gün öncə Aİ-nin xarici siyasət rəhbərinin sözsüzü Peter Stano AzadlıqRadiosuna deyib ki, Aİ-nin İranla münasibətinə "nikbin" yanaşır.
Kurskdan 112 min nəfər təxliyə olunub
Rusiyanın Kursk vilayətinin sərhəd rayonlarından müharibə səbəbi ilə azı 112 min nəfər çıxarılıb. Bunu oktyabrın 14-də "Arqumenti i Faktı"ya müsahibəsində Rusiyanın ombudsmanı Tatyana Moskalkova deyib.
Moskalkovanın sözlərinə görə, hazırda azı 12 min nəfər müvəqqəti sığınacaqlarda, müalicə və sosial müəssisələrdə, düşərgələrdə qalır, onların azı 3 min 500-ü uşaqlardır.
Valideynləri, qohumları ilə qalanlar da var. 40 minə yaxın sakin isə evakuasiyadan imtina edib, yaxud evinə qayıdıb.
Moskalkova deyir ki, Ukrayna ordusu avqustda bu vilayətə girəndən Kurska itkin düşənlərlə bağlı mindən çox müraciət alıb.
Ombudsman ukraynalı həmkarı Dmitri Lubintsə məktub yazaraq evlərindən "zorla" çıxarılan kurskluların sayını istəyib. O həmin məsələni Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç-Eqqerlə də müzakirə etdiyini bildirib.
Bundan öncə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov deyib ki, Ukrayna ordusu Rusiya kəndlərindən çıxandan sonra orada 268 nəfər aşkarlanıb, onlardan 118-i axtarışda olub. Bundan başqa, itkinlərin bəziləri Rusiyada müvəqqəti sığınacaqlarda, qohumları ilə, yaxud digər yaşayış məntəqələrində qalır: bəzən sakinlər sənədlərini itirir, yerləri barədə informasiya vermirlər.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı hərtərəfli müdaxiləyə başlayandan Rusiyanın Ukrayna ilə həmsərhəd Kursk vilayəti mütəmadi atəşə məruz qalır. Avqustda Ukrayna ordusu bu vilayətə girib. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, hərbçiləri Rusiya ərazisinin 1250 kvadrat kilometrini tutublar, həmin ərazidə 92 yaşayış məntəqəsi yerləşir. Ancaq sonradan həmin ərazinin bir qismi Rusiya tərəfindən azad edilib.
Tacikistan ombudsmanı: Rusiyada miqrantları təhqir edir, döyürlər
Tacikistanın insan haqları müvəkkili Umed Bobozoda Rusiyada tacikistanlı miqrantların hüquq və azadlıqlarının pozulmasından narahatdır.
O, rusiyalı həmkarı Tatyana Moskalkovaya məktubunda yazır ki, Rusiyanın hüquq-mühafizə orqanları Tacikistandan əmək miqrantları ilə qanunsuz rəftara əl atır, onlarla kobud davranır, döyür, təhqir edirlər. Ombudsman Tacikistan vətəndaşlarının Rusiya ilə sərhəddə uyğun saxlanma və qidalanma şərtləri olmadan uzun müddət saxlanıldığını bildirib. Saxlananlar arasında Tacikistan rəsmilərinin, tələbələrin, yaşlıların, qadın və uşaqların da olduğu vurğulanır.
Bobozoda Moskalkovanı Tacikistan vətəndaşlarının hüquqlarının qorunmasına, belə halların monitorinqinin aparılmasına, gərəkən tədbirlər görməyə kömək istəyir.
Baş nazir də məsələni qaldırıb
Son həftələr Tacikistanın bir neçə məmuru Rusiya hakimiyyətinin bu ölkədən əmək miqrantlarına münasibətindən narazılıq bildirib. Oktyabrın 4-də Düşənbədə iki ölkənin hökumətlərarası komissiyasının iclasında Tacikistanın baş naziri Koxir Rasulzoda məsələni qaldırıb.
Hər il yüzlərlə tacikistanlı Rusiyaya pul qazanmağa gedir. Ancaq son bir ildə Rusiyada onlara qarşı yoxlamalar, saxlamalar artıb. Bu ilin martında "Crocus City Hall"da teraktdan sonra vəziyyət kəskinləşib. Rəsmi versiyaya görə, teraktı Tacikistan vətəndaşları törədiblər.
Hadisədən sonra minlərlə tacikistanlı Rusiya aeroportlarında, sərhəddə qalıb, çoxlarına Rusiyaya giriş icazəsi verilməyib, deportasiya ediliblər. Bir ildən də az müddətdə 20 minədək tacikistanlı Rusiyadan çıxarılıb.
2024-cü ilin əvvəlindən Daxili İşlər Nazirliyi azı 65 min əcnəbini ölkədən çıxarıb, 120 min miqrantın Rusiyaya daxil olmasına icazə verilməyib. Rusiyada kadr böhranı fonunda ölkəyə miqrant axını son 10 ildə minimuma enib.
'Hizbullah'ın dron zərbəsindən 4 israilli əsgər həlak olub
"Hizbullah" qruplaşmasının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında ordu bazasına dron zərbəsindən 4 israilli əsgər öldürülüb, onlarla xəsarət alan var, bəzilərinin durumu ağırdır. Bu, 2023-cü ilin oktyabrından bəri İsrail qüvvələrinə ən qanlı hücumlardan sayılır.
"Hizbullah" Livanın cənubuna nəzarət edən silahlı qruplaşma və siyasi partiyadır. ABŞ bu qruplaşmanı terrorçu hesab edir. Aİ isə onun yalnız silahlı qanadını qara siyahıya salıb.
İsrail ordusunun oktyabrın 14-də səhər bildirdiyinə görə, hücum Təl-Əvivdən 60 km şimalda yerləşən bazanı hədəfə alıb. Əlavə bilgi verilməyib.
İsrailin Hayfa rayonunda baş vermiş hücumda azı 67 nəfərin yaralandığı deyilir.
İrana bağlı qruplaşma İsrailə yüzlərlə raket və dron atıb. Ancaq İsrailin havadan müdafiə sistemləri onların əksəriyyətini vurub.
BMT sülhməramlıları
BMT sülhməramlıları isə dünən bildirib ki, İsrail qüvvələri onların Livandakı bazalarından birinin darvazasını dağıdıb, bir sıra yüngül xəsarət törədib. İsrail isə tanklarının darvazanı dağıdıb bazanın ərazisinə girmələrinə onların atəşə tutulmasının səbəb olduğunu bildirib.
Bu hadisədən öncə İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, BMT sülhməramlıları Livanın cənubundakı döyüş zonasından "dərhal" çıxmalıdır. O, birbaşa BMT-nin baş katibi Antonio Quterreşə müraciət edib.
Livandakı 9 min 500 nəfərlik BMT missiyası (UNIFIL) 1978-ci ildə yaradılıb, 2006-cı ildə İsraillə Livan arasında 33 günlük müharibəyə son qoymuş atəşkəsə nəzarət edir.
Bu missiyaya töhfə verən 40 ölkə oktyabrın 12-də birgə bəyanat yayaraq sülhməramlılara son hücumları "kəskin" pisləyiblər. ABŞ və Avropa liderləri İsraili sülhməramlılara atəş açmağı dayandırmağa çağırıb. ABŞ prezidenti Co Bayden (Joe Biden) oktyabrın 12-də deyib ki, İsrailə "qətiyyətlə və pozitiv şəkildə" dayanmağı deyir.
ABŞ İsrailə THAAD göndərir
Bu arada İsrailin İrana 1 oktyabr kütləvi raket zərbəsinə cavab verməyə hazırlaşmasının əlamətləri artır.
Bayden oktyabrın 13-də deyib ki, ABŞ-nin İsraili müdafiə səylərinin bir hissəsi olaraq Pentaqona İsrailə THAAD batareyası və əsgər göndərmək göstərişi verib.
Pentaqonun sözçüsü bu sistemin İsrailin havadan müdafiəsini gücləndirəcəyini bildirib. THAAD "Patriot" sistemlərinə oxşardır, ancaq daha geniş ərazini əhatələyə bilir, onu işlətməyə 95 hərbçi tələb olunur, - təhlilçilər belə deyirlər.
Fransa prezidenti Emmanuel Makron isə oktyabrın 13-də iranlı həmkarı Məsud Pezeşkianla telefon söhbətində deyib ki, Yaxın Şərqdə gərginliyi azaltmaq səylərini dəstəkləmək Tehranın məsuliyyətidir. Bunu Makronun administrasiyası bildirib.
İran tərəfinin yaydığı məlumatda isə deyilir ki, tərəflər münaqişəni bitirməyin yollarını müzakirə ediblər. Ancaq informasiyada İsraillə bağlı ədavətli ritorikadan istifadə edilir.
Oktyabrın 13-də səhər İsrailin hərbi təyyarələri Livanın sərhəd yaxınlığında kəndində 100 illik məscidi vurub. Bundan bir gün öncə isə cənubi Nabatiyə şəhərində bazara zərbə endirilib. Xəbəri Livanın rəsmi xəbər agentliyi yayıb.
Floridada 'Milton' qasırğası 16 nəfərin həyatına son qoyub
ABŞ-nin Florida ştatında "Milton" qasırğasından 16 nəfər həlak olub. Xəbəri "CBS News" Floridanın asayişi mühafizə departamentinə istinadla yayıb.
Bu, müşahidə tarixində gücünə görə beşinci Atlantik qasırğası sayılır. "Milton" ştatda ağacları, elektrik dirəklərini aşırıb, küçələr su altında qalıb, binalar dağılıb. Floridada 2.7 milyondan çox evin elektriksiz qalacağı bildirilir. Onlardan bəziləri sentyabrın sonunda ştatdan keçmiş "Helen" qasırğasından bəri işıqsız qalıb.
Təhlilçilərin hesablamalarına görə, "Milton"un zərəri 100 milyard dollara çata bilər. Bu isə ötən ilin sentyabrından bəri ABŞ-də baş vermiş bütün təbii fəlakətlərin vurduğu ziyandan təxminən iki dəfə çoxdur.
Ağ ev ziyan görmüş ştata federal yardım vəd edib.
Floridanın qərb sahilində dalğanın maksimum həddi 3 metrədək qeydə alınıb. Qasırğadan daha çox ştatın şərq sahilinin ziyan gördüyü vurğulanır.
Ştatın qubernatoru Ron Desantis deyib ki, ştat ən pis ssenaridən yayına bilib, belə ki, sıx məskunlaşmış sahil şəhərlərinə birbaşa zərbədən ehtiyat edirdilər, "ancaq yenə də ziyan böyükdür".
"Milton" və "Helen" kimi qasırğalar iqlim dəyişiklikləri səbəbindən getdikcə güclənir: onlar ildən-ilə isinən okean suyundan qidalanır, daha isti hava sayəsində isə daha çox rütubəti çəkib saxlamaq imkanı verir.
AzadlıqRadiosunun əməkdaşları Rusiya ordusunun atəşinə məruz qalıb
AzadlıqRadiosunun çəkiliş qrupu oktyabrın 10-da Ukraynanın şərqi Donetsk bölgəsində, Baxmut istiqamətində hərbi çəkilişlər zamanı Rusiya qüvvələrinin atəşinə məruz qalıb.
AzadlıqRadiosunun Ukrayna xidmətinin "Donbas.Realii" layihəsindən müxbir Roman Paquliç və operator Pavel Xolodov FPV dronlarının operatorlarının işini lentə alarkən Rusiya hərbçiləri Ukrayna döyüşçülərinin mövqelərinə artilleriya zərbəsi endiriblər.
Birinci mərmi hərbi müxbir R.Paquliç və onun söhbət etdiyi döyüşçülərin yaxınlığına düşüb. Nəticədə R.Paquliç kontuziya alıb, iki döyüşçü isə yüngül yaralanıb. Operator P.Xolodova isə qəlpələr dəyməyib.
R.Paquliçin dediyinə görə, onun zirehindəki boyun nahiyəsinin ballistik qoruyucusu mərminin qəlpələrindən birinin daha çox zərər verməsinin qarşısını alıb. Hal-hazırda yaralı döyüşçülərin və çəkiliş qrupunun üzvlərinin həyatına təhlükə yoxdur.
R.Paquliç 2018-ci ildən AzadlıqRadiosunda işləyir, cəbhə xəttindən reportajlar, həmçinin Ukrayna ordusunun problemləri haqda analitik materialların müəllifidir.
İsrailin Beyruta, Qəzzaya zərbələrindən onlarla insan həlak olub
İsrailin Beyruta zərbələrindən azı 22 nəfər həlak olub, 117 nəfər yaralanıb. Livanın Səhiyyə Nazirliyi məlumatı oktyabrın 10-da açıqlayıb. Bundan öncə isə İsrailin Qəzzada fələstinlilərin sığındığı məktəbə zərbəsindən onlarla insan həlak olub.
Beyrutun mərkəzinə iki hava reydi nəticəsində səkkiz və dördmərtəbəli binalar hədəfə alınıb, ikinci tamamilə dağılıb. Həmin hücumlarda azı bir "Hizbullah" rəsmisinin hədəfə alındığı bildirilir. Ancaq "Hizbullah"ın "əl-Manar" televiziyası Vafiq Səfanı öldürmək cəhdinin boşa çıxdığını, onun həmin binalarda olmadığını bildirib.
ABŞ "Hizbullah"ı terrorçu sayır. Aİ yalnız onun silahlı qanadını qara siyahıya salıb.
Qəzzada vurulan məktəb
Dünən İsrailin Qəzza zolağında məktəbə zərbəsindən azı 27 nəfər həlak olub. Digər zərbəyə isə Livanın cənubunda BMT sülhməramlılarının qərargahı tuş gəlib. Nəticədə İtaliya İsrailin səfirini çağırıb.
İsrail ordusu terrorçulara "dəqiq" zərbə endirdiyini, onların məktəbdə komandanlıq və nəzarət mərkəzinin olduğunu bildirir.
ABŞ və Aİ-nin terrorçu hesab etdiyi HƏMAS silahlı qruplaşması isə ittihamları rədd edib. Məktəbə sığınanların dediyinə görə, zərbənin hədəfi yardım işçilərinin görüşü olub, 54 nəfər də yaralanıb
HƏMAS ötən il oktyabrın 7-də İsrailin cənubuna girərək 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb.
İsrailin əsas müttəfiqi ABŞ isə Livanda, Qəzzadakı kimi, irimiqyaslı dağıntılar törədilməməsi ilə bağlı xəbərdarlıq edib.
Fələstin rəsmiləri İsrailin son günlər Qəzzanın mərkəzi və şimalını bombalaması nəticəsində onlarla insanın öldürüldüyünü, minlərlə adamın evindən çıxa bilmədiyini deyirlər.
"Livanda Qəzzadakına oxşar hərbi hərəkət olmamalıdır", – Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) oktyabrın 9-da jurnalistlərə deyib.
Bu bəyanatdan öncə ABŞ prezidenti Co Bayden (Joe Biden) İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbətində livanlı və israillilərin sərhədin hər iki tayında evlərinə qayıtması üçün diplomatik səylərin vacibliyini qeyd edib.
Pakistanda naməlum şəxslər 20 şaxtaçını öldürüb
Oktyabrın 11-də səhər Pakistanın Bəlucistan əyalətində naməlum silahlılar 20 şaxtaçını qətlə yetirib.
Silahlılar Duki rayonunda kömür mədəninə hücum ediblər. Məlumatı yerli rəsmilər Maşaal Radiosunun müxbirinə deyiblər.
Yerli polis rəsmisi jurnalistlərə hücum edənlərin ağır silahlardan, reaktiv qumbaralardan istifadə etdiyini deyib.
Duki xəstəxanasının həkimləri 20 meyit və yeddi yaralı qəbul etdiklərini bildiriblər.
Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.
İlin əvvəlindən Bəlucistanda bir sıra silahlı hücumlar olub. Separatçılar, ABŞ-nin qlobal terrorçu təşkilat saydığı Bəlucistan Azadlıq Ordusu Pakistan hökuməti ilə döyüşür.
Qırğızıstanda araşdırmaçı jurnalistlərə həbs cəzası kəsildi
Bişkekdə məhkəmə "Temirov Live" antikorrupsiya araşdırma qrupunun işi üzrə hökm çıxarıb, iki jurnalistə həbs cəzası kəsilib. Tərəfdarları və media qurumları onlara ittihamları siyasi motivli sayır.
Layihənin rəhbəri Maxabat Tacibek-kızı 6 il, Azamat İşenbekov isə 5 il həbsə məhkum ediliblər. Hər ikisi mütəşəkkil cinayətkar qrup yaratmaqda, kütləvi iğtişaşlara çağırmaqda təqsirli biliniblər.
Aktilek Kaparov və Ayke Beyşekeyevaya isə eyni ittihamlarla 3 illik şərti cəza kəsilib. Yeddi nəfərə bəraət verilib.
11 jurnalistin məhkəməsi iyunun 7-də başlanıb.
Bir neçə həftə öncə prokurorlar onların hər birinə 6 il həbs cəzası tələb etmişdilər.
"Temirov Live" layihəsinin indiki və keçmiş jurnalistləri 2024-cü il yanvarın 16-da saxlanılıblar. Polis onların evlərində və ofislərində axtarış aparmışdı.
Layihəni həm də Rusiya vətəndaşlığı olan araşdırmaçı jurnalist Bolot Temirov təsis edib. O, 2022-ci ildə şübhəli ittihamlarla Qırğızıstandan çıxarılıb. Temirov ABŞ Dövlət Departamentinin antikorrupsiya fəalı kimi tanıdığı 12 nəfərdən biri idi.
Bu, Qırğızıstan 1991-ci ildə müstəqillik əldə edəndən bəri jurnalistlərə və media işçilərinə qarşı ilk kütləvi məhkəmə prosesi idi.
Son dövrlər ölkədə azad media və vətəndaş cəmiyyətinə təzyiqlər artıb.
Rusiyalıların 47 faizi müharibənin xeyrindən çox ziyanından danışır
Rusiya vətəndaşlarının təxminən yarısı (47 faiz) hesab edir ki, Rusiya qoşunlarının Ukraynaya girməsi xeyirdən çox ziyan gətirib. Bunun Ukraynada tammiqyaslı müharibə başlayandan ən böyük göstərici olduğu bildirilir
"Levada" mərkəzinin sentyabrda keçirdiyi sosioloji sorğunun nəticələri açıqlanıb.
Eyni zamanda, bir il ərzində Putinin "xüsusi hərbi əməliyyat" adlandırdığı müharibənin faydasına inananların sayı 38-dən 28 faizə düşüb.
Hərbi əməliyyatların uğurlu getdiyini düşünən rusiyalıları sayı da azalmaqdadır. Fevralda onların sayı 70 faiz idisə, indi 10 faiz azalıb. (60 faiz)
Sentyabrda respondentlərin 54 faizi sülh danışıqlarının aparılmasına tərəfdar çıxıblar.
Bununla belə, Rusiya silahlı qüvvələrinin Ukraynadakı hərəkətlərinə dəstək səviyyəsi davamlı yüksək olaraq qalır – 76 faiz.
Yuri Levadanın qeyri-hökumət analitik mərkəzi (Levada) 2016-cı ildə Rusiya hakimiyyəti tərəfindən "xarici agent" elan edilib. Bu qurum mütəmadi olaraq sosioloji və marketinq araşdırmaları aparır. Təşkilat "xarici agent" təsnifatını qəbul etmir.
İyulda Rusiyanın nüvə doktrinasına dəyişikliklər elan ediləndə "Levada" sorğu nəticələrini açıqlamışdı. Respondentlərin üçdə birindən çoxu Ukraynaya nüvə zərbəsinə dəstəyini bildirib. Onların 10 faizi belə bir zərbəni "qətiyyətlə" dəstəklədiyini bildirib, 24 faizi onu "məqsədəuyğun" sayıb. Rəyi soruşulanların 52 faizi isə nüvə silahından istifadəyə qarşı çıxıb.
Xatırlatma
2022-ci ilin fevralında Rusiya Ukrayna ərazisinə təcavüz edib. Bundan sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndiriblər. (Sanksiyalar 2014-cü ildə Rusiyanin Ukraynanın Krım bölgəsini ilhaq edəndən sonra başlamışdı). Azərbaycan sanksiyalara qoşulmur.
Avropa Parlamentində Orban ilə höcətləşmə
Oktyabrın 9-da Avropa Parlamentində Macarıstanın baş naziri Viktor Orban ilə avropalı deputatlar arasında qalmaqal yaşanıb. V.Orban bloku dəyişməyə çağırıb. Aİ rəsmiləri isə Budapeşti Rusiyaya dost münasibətinə, demokratiyanın geriləməsinə görə tənqid ediblər.
Orban Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqidir. Onun Avropa İttifaqı (Aİ) ilə münasibətləri aylardır mübahisəli durumdadır, Ukraynaya ayrılan yardım, miqrasiya, blokun vəsaitlərindən sui-istifadə iddiaları, ölkədə qanunların pozulması ilə bağlı çəkişmələr gedir.
Avropalı parlamentarilər Macarıstan baş nazirinin çıxışını dəfələrlə qışqırıqla, oxumaqla kəsiblər. Orban isə çıxışında miqrasiya böhranına dair sərt mövqeyini səsləndirib, Avropa İttifaqının dəyişməli olduğunu vurğulayıb.
Avropa Komissiyasının prezidentinin danlağı
Orbandan sonra tribunaya Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen çıxıb. O, Macarıstan hökumətini "problemlərini sadəcə qonşunun hasarının üstünə atmaqda" ittiham edib. Budapeşt bir müddət öncə azı min qeyri-leqal miqrant daşıyanları, insan alverçilərini həbsdən buraxıb.
O, həmçinin Macarıstanı Rusiya vətəndaşlarına digər ölkələrlə müqayisədə hərtərəfli araşdırma aparmadan viza verdiyinə görə tənqid edib. Ursula Fon der Lyayen işğalçı Rusiya qüvvələri ilə savaşan Ukraynaya yardımın qarşısını aldığına görə danlayıb.
"Ukrayna və Avropa üçün ədalətli sülhə nail olmağın bircə yolu var, Ukraynanın müqavimətinə siyasi, maliyyə və hərbi dəstək verməliyik", – o deyib.
Yaşıllar/Azad Avropa Alyansının lideri Terri Reyntke isə Orbanla daha sərt danışıb. "Sənin burada yerin yoxdur", – ona müraciətlə deyib.
Ukraynaya yardımla bağlı mövqeyi
Bir gün öncə Orban Strasburqda mətbuat konfransında deyib ki, Aİ-nin Ukraynaya kütləvi yardım göndərmək strategiyası işləmir.
"Cəbhədə qalib gələ bilmirsənsə, kommunikasiya yaratmalı, danışıq aparmalı, atəşkəs əldə etməlisən", – o söyləyib.
Macarıstan hazırda Aİ-də altı aylıq rotasiyalı prezidentliyi icra edir.
Orbanın populist hökuməti Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğalına baxmayaraq, Moskva ilə əlaqələrini saxlayıb.
Orbanın həm Kiyevə yardıma qarşı çıxması, həm də getdikcə avtoritarlaşan idarəçiliyi, Çinlə əlaqələri Aİ-ni qəzəbləndirir.
İsrail İranın hücumuna 'ölümcül, dəqiq və gözlənilməz' cavab verəcəyini deyir
ABŞ prezidenti Co Bayden (Joe Biden) oktyabrın 9-da İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb. O, İsrail-Livan sərhədinin hər iki tərəfində livanlı və israilli sakinlərin evlərinə qayıtması üçün diplomatiyanın vacibliyini vurğulayıb. Məlumatı Ağ ev yayıb.
Bayden həmçinin İranın oktyabrın 1-də İsrailə ballistik raket hücumunu pisləyib.
ABŞ prezidenti İsrailin öz vətəndaşlarını "Hizbullah" silahlı qruplaşmasından qorumaq hüququ olduğunu təsdiqləyib, "Hizbullah"ın son bir ildə İsrailə minlərlə raket və mərmi atdığını bildirib. Bayden həmçinin özəlliklə Beyrut ətrafında sıx məskunlaşmış ərazilərdə dinc sakinlərə zərəri minimuma endirməyin vacibliyindən danışıb.
Bayden bundan öncə Netanyahu ilə İsrailin İranın ötənhəftəki raket hücumuna cavab vermək planlarını müzakirə edib. Ağ evin bəyanatına görə, tərəflər növbəti günlər ərzində həm birbaşa, həm də milli təhlükəsizlik komandaları səviyyəsində sıx əlaqə saxlamağa razılaşıblar.
İsrailin müdafiə naziri Yoav Qallant ölkə mediasında yayılan videoda bildirib ki, İsrailin reaksiyası "ölümcül, dəqiq və hər şeydən öncə qəfil olacaq".
Bayden ötən həftə deyirdi ki, İsrailin İranın nüvə obyektlərini vurmasını dəstəkləmir. Onun sözlərinə görə, İsrailin yerində olsaydı, İranın neft yataqlarını vurmağın alternativləri barədə düşünərdi.
9 oktyabr
Nəsrullahın varisinin öldürüldüyü ehtimal edilir
"Hizbullah" oktyabrın 9-da bildirib ki, döyüşçüləri Livanın sərhəd Labune kəndində İsrail qoşunlarına qarşı artilleriya və raketlərə əl atıblar.
Qruplaşma başqa bir bəyanatında qeyd edir ki, cənub-şərqi Livanda Blida sərhəd şəhərinə girməyə çalışan İsrail qüvvələri ilə döyüşə giriblər.
İsrail həmçinin Nəsrullahın varisinin məhv edildiyinin ehtimal olunduğunu bildirib. Netanyahu bu məlumatı ""Hizbulah"ın gücünü azaltmışıq" sözləri ilə reaksiya verib.
Nəsrullahın xalası oğlu Haşim Səfiəddinin qruplaşmanın lideri elan olunacağı gözlənilirdi. İsrailin oktyabrın 2-də "Hizbullah" liderlərinin toplantısına zərbə endirdiyini bildirməsindən sonra onun harada olduğu bəlli deyildi.
"Hizbullah" Səfiəddinin taleyi barədə şərh verməyib. Onu Birləşmiş Ştatlar qlobal terrorçu elan etmişdi.
Harris İranı ABŞ-nin ən böyük düşməni sayır
ABŞ-nin vitse-prezidenti Kamala Harris CBSTV-nin "60 Minutes" proqramına müsahibəsində İranı ölkəsinin ən böyük düşməni saydığını deyib.
"İranın əllərində amerikalıların qanı var. İsrailə yalnız bu hücumda gördüyümüz 200 ballistik raketdir. Biz İranın heç vaxt nüvə dövləti olmasına imkan verməməliyik – bu, mənim ən böyük prioritetlərimdən biridir", – o deyib.
İranın nüvə silahı hazırlamasına dəlil üzə çıxarsa, Birləşmiş Ştatlar hərbi tədbirə əl ata bilərmi? 5 noyabr seçkisində demokratların prezidentliyə namizədi Harris bu suala cavab verməyib.
Tehran belə silahlar hazırlamadığını, nüvə proqramının dinc məqsədli olduğunu deyir.
Bu arada "Hizbullah" İsraillə atəşkəs üzrə danışıqlara tərəfdar olduğunu bildirib. Qruplaşma liderinin müavini Naim Qasım televiziya ilə çıxışında ilk dəfə Qəzzada müharibənin bitməsini Livanda İsraillə atəşkəs üçün ilkin şərt kimi səsləndirməyib.
Qasım deyib ki, "Hizbullah"ın müttəfiqi, Livan parlamentinin spikeri Nabih Berri atəşkəs səylərini dəstəkləyir.
Türkmənistan banka borcu olanların pasportlarını alır
Vətəndaşlarını sərt nəzarət altında saxlayan avtoritar Türkmənistan hakimiyyəti ölkədən çıxmaq istəyən, ancaq banka iri məbləğdə borcu olanların pasportlarını müsadirə edir. Bu isə ailələrini dolandırmaq üçün xaricə gedən miqrant işçilərə böyük zərbə sayılır.
AzadlıqRadiosunun türkmən xidməti yazır ki, Rusiya və Türkiyəyə işləməyə gedənlər aeroporta gələn kimi onların pasportları alınır.
Səyahətçilərin sözlərinə görə, miqrasiya rəsmiləri onlara deyiblər ki, kreditlərini ödəyən kimi sənədləri qaytarılacaq. Söhbət 5700 – 8500 dollar civarında bank borclarından gedir.
AzadlıqRadiosu rəsmilərdən bu məsələyə şərh ala bilməyib.
Bu addım həm də Türkmənistanda səyahət qadağalarının genişləndiyini göstərir. Bir çox miqrant işçilər məhz bankdan kredit götürərək ölkəni tərk edirlər ki, xaricdə daha çox pul qazanaraq ailələrinə də göndərsinlər.
2023-cü ilin avqustundan bəri xaricə getmək istəyənlərdən hökumətdə işləyən qohumundan zəmanət məktubu istənilir. Qohum təsdiqləməlidir ki, onlar qayıdacaqlar, borcları yoxdur.
İsrail bildirir ki, Nəsrullahın xələfi də 'ehtimalən' öldürülüb
İsrail iddia edir ki, Hizbullahın öldürülmüş lideri Həsən Nəsrullahın xələfi də “ehtimalən” məhv edilib.
İsrailin müdafiə naziri Yoav Qallant oktyabrın 8-də deyib ki, İranın dəstəyi ilə Livanın cənubuna nəzarət edən “təşkilat hazırda başsızdır”:
"Nəsrullah məhv edilib. Onu əvəz edən şəxs də ehtimalən məhv edilib. Hazırda orda nə qərar qəbul edən kimsə var, nə də hərəkət”.
İsrail Beyrutda 'Hizbullah'ın silah təchizatına məsul şəxsin öldürüldüyünü bildirir
Bundan əvvəl İsrailin Müdafiə Ordusu Beyruta aviazərbələr nəticəsində "Hizbullah" qruplaşmasına İrandan silah təchizatına məsul Süheyl Hüseyninin öldürüldüyünü bildirmişdi.
"The Times of Israel" orduya istinadla yazır ki, Hüseyni həm silah daşınması, həm də onun "Hizbullah"ın bölmələri arasında bölüşdürülməsinə nəzarət edirdi. O, həmçinin "Hizbullah"ın vacib layihələrinin büdcəsinin tərtibi və maddi-texniki təchizatına cavabdeh idi. Buraya İsrailə qarşı əməliyyatları da əhatələyən "ən həssas layihələr" də daxildir.
Hüseyni "Hizbullah"ın ali hərbi orqanı olan Cihad Şurasının da üzvü idi.
"Hizbullah", hələlik, məlumatı təsdiqləməyib.
İsrail Livanın cənubunda quru əməliyyatına başlayandan "Hizbullah" qruplaşmasının 450 üzvü, o cümlədən lideri Həsən Nəsrullah və müxtəlif səviyyəli 30 komandiri öldürülüb.
ABŞ İrana bağlı "Hizbullah" qruplaşmasını terrorçu hesab edir. Aİ isə onun yalnız hərbi qanadını qara siyahıya salıb.
HƏMAS-ın ötən il İsrailə hücumundan bir gün sonra "Hizbullah" İsrailə raket atıb. O vaxtdan bəri sərhəddə gündəlik atışmalar baş verir. Hər iki tərəfdən sərhəd rayonlardan on minlərlə sakin evakuasiya olunub.
Vaşinqtonda isə prezident Co Bayden (Joe Biden) və vitse-prezident Kamala Harris HƏMAS-ın hücumunun ildönümündə qruplaşmanı pisləyib, ABŞ administrasiyasının Qəzza və Livanda döyüşlərə son qoymaq üçün atəşkəs əldə olunmasına sadiqliyini bildiriblər.
HƏMAS ötən il oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb.
Həmin hücumdan sonra İsrailin Qəzzada başlatdığı əməliyyatlarda 42 minə yaxın fələstinli öldürülüb. Qəzza əhalisinin 90 faizi məcburi köçkünə çevrilib, böyük ərazilər İsrailin bombardmanı nəticəsində dağılıb.
Hizbullah ABŞ və Avropa İttifaqında terrorçu təşkilat hesab olunur.
Putin bu həftə İran prezidenti ilə görüşəcək
Rusiya prezidenti Vladimir Putin bu həftə iranlı həmkarı Məsud Pezeşkian ilə görüşməyi planlaşdırılır. Bu arada Yaxın Şərqdə böhranın nəzarətdən çıxa biləcəyi sarıdan narahatlıq qalmaqdadır.
Rusiyanın rəsmi xəbər agentlikləri oktyabrın 7-də prezidentin köməkçisi Yuri Uşakova istinadla yazıblar ki, iki lider oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda bir araya gələcəklər.
Uşakov əlavə edib ki, Putin Pezeşkian ilə oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək BRICS sammitində də danışıqlar aparmağı planlaşdırır.
Bu görüşlərin elanı Yaxın Şərq böhranı fonunda iki ölkənin əməkdaşlığının davam etdiyini göstərir.
Putin Netanyahu ilə görüşməyi planlaşdırmır
Uşakov görüşlərlə bağlı detallı danışmayıb. Amma əlavə edib ki, Putin regiondakı eskalasiya ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırmır.
Netanyahu ilə görüşün planlaşdırılmaması Rusiyanın hazırda diplomatik baxımdan BRICS çərçivəsində tərəfdaşlıqlara fokuslandığını göstərir, nəinki birbaşa İsrail-Fələstin münaqişəsinə. Bu qurumun üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, eləcə də Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləridir.
Azərbaycan da BRICS-ə üzvlük üçün rəsmi müraciət edib.
İsrail oktyabrın 7-də HƏMAS-ın hücumunun bir ilini yad edib. Həmin hücum zamanı azı 1200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. İsrail ordusu bu arada Beyruta kütləvi hava zərbələrini və Livanın cənubunda quru əməliyyatlarını davam etdirib, məqsədin İrana bağlı "Hizbullah" silahlı qruplaşmasını dağıtmaq olduğunu deyir.
HƏMAS-ı həm ABŞ, həm də Avropa İttifaqı terrorçu təşkilat hesab edir.
"Hizbullah" isə ABŞ tərəfindən terrorçu kimi tanınır. Aİ onun yalnız silahlı qanadını qara siyahıya salıb. "Hizbullah"ın siyasi partiyası Livan parlamentində təmsil olunur.
İsrail Livanın cənubunda "Hizbullah"a qarşı ikinci cəbhə açdığı vaxt Qəzzada da münaqişə davam edir.