Kreml Qarabağda Türkiyə sülhməramlıları məsələsinə aydınlıq gətirir
Qarabağ üzrə monitorinq mərkəzi Azərbaycanda yerləşdirilə bilər, ancaq bu, ayrıca danışıqların mövzusudur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
"Həqiqətən də Azərbaycan ərazisində atəşkəs şərtlərinə monitorinq mərkəzinin yaradılması müzakirə olunub. Bu, Azərbaycanda olacaq və monitorinq mərkəzinin yerləşməsi artıq başqa danışıqların mövzusudur", – Peskov Qarabağda Rusiya ilə yanaşı, Türkiyə sülhməramlılarının da yerləşdirilməsinə dair suala cavabında deyib.
Türkiyə Qarabağda sülhyaratma işində iştirak etdiyini bildirir
Azərbaycanla Ermənistanın Rusiyanın vasitəçiliyi ilə imzaladığı razılaşma nəticəsində Dağlıq Qarabağ ətrafındakı yeddi rayon Azərbaycana qaytarılacaq. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada jurnalistlərə deyib ki, Türkiyə Azərbaycanın yanındadır.
"RİA Novosti"nin yaydığı məlumata görə, Çavuşoğlu Türkiyənin Dağlıq Qarabağda sülhyaratma işində iştirak edəcəyini vurğulayıb.
"Dünən atəşkəs haqda saziş imzalanıb. Hazırda ona necə nəzarət olunacağı müzakirə olunur. Ancaq atəşkəsə nəzarət prosesini birlikdə həyata keçirəcəyik, bundan sonra da Azərbaycanın yanında olacağıq", – Çavuşoğlu deyib.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində Türkiyənin də sülhyaratma işində iştirak edəcəyini bildirib. Ancaq imzalanmış sənəddə yalnız Rusiya sülhməramlılarının adı keçir.
Azərbaycan prezidenti, Ermənistan baş naziri və Rusiya Federasiyasının prezidentinin Qarabağ münaqişəsi ilə bağlı bəyanatı yayılıb.
Azərbaycanın dövlət saytı AZƏRTAC bəyanatın mətnini dərc edib.
Həmin mətndə 10 bənd yer alır.