Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:00
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

22:41 12.11.2020

ABŞ-ın ATƏT-dəki missiyası Qarabağla bağlı bəyanat verib

ABŞ-ın ATƏT-dəki daimi missiyası Dağlıq Qarabağ münaqişəsi barədə bəyanatla çıxış edib.

Noyabrın 12-də bu bəyanatı səfir Ceymz S. Gilmor səsləndirib.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi Dağlıq Qarabağ münaqişə zonasında əldə olunmuş atəşkəsi və döyüşlərin dayandırılmasını alqışlayır:

“Biz həmişə demişdik ki, bu münaqişənin hərbi həll yolu yoxdur və biz, son zorakılıqlarda çox sayda mülkilər də daxil lüzumsuz insan ölümlərinin baş verməsindən dərin təəssüf hissi duyuruq. Bu situasiya davam etdikcə və biz noyabr 10-da açıqlanmış razılaşmanın detalları barədə daha çox öyrəndikcə beynəlxalq icmanın və ATƏT-n özünün sülh prosesinin şəffaflığının saxlanmasındakı rolunu xatırladırıq”.

Bəyanatda deyilir ki, ABŞ bölgədə yaranmış humanitar vəziyyətdən dərindən narahatlıq keçirir.

Bəyanat tərəfləri noyabrın 10-da elan edilmiş atəşkəsə sadiq qalmağa çağırır:

“Biz habelə hər iki tərəfi oktyabrın 29-da Cenevrədə razılaşdırılmış addımların dərhal atılmasına çağırırıq. Biz tərəfləri mülkiləri və mülki obyektləri qorumağa çağırırıq”.

Qışın yaxınlaşdığı bir vaxtda...

Bəyanatda deyilir ki, mülkilərin geniş miqyasda didərgin düşməsi, xüsusilə də pandemiya şəraitində və qışın yaxınlaşdığı bir dövrdə tamamilə lüzumsuz humanitar böhran yaradacaq:

“Biz tərəfləri zorakılığı yenidən qızışdıra biləcək addımlardan, qızışdırıcı ritorikadan və hərəkətlərdən çəkinməyə, zorakılığın dayandırılmasından davamlı sülhün yaradılması üçün istifadə etməyə çağırırıq. Biz kənar tərəfləri məsuliyyətlə hərəkət etməyə və zorakılığı qızışdıracaq və ya regional gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə dəvət edirik”.

Bəyanatda daha sonra deyilir:

“Bu münaqişə son dərəcə uzun zamanda davam edir. Bunun nəticəsində bölgədəki insanların həyatı təsirlənib. Biz ümid edirik ki, davamlı sülh yaxındadır. Biz əminik ki, Minsk qrupu Dağlıq Qarabağa davamlı və daimi sülhün gətirilməsi işində iştiraka həmişə hazır olacaq”.

21:06 12.11.2020

Lavrov: Fransa və ABŞ Qarabağ müzakirələrindən kənarda qalmayacaq

Fransa və ABŞ nümayəndələri Dağlıq Qarabağda münaqişə tərəfləri arasında əldə olunmuş razılaşmanın müzakirəsi üçün Moskvaya gələcək.

Bu barədə məlumatı Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 12-də keçirdiyi mətbuat konfransında verib:

“Biz heç bir şəkildə öz amerikalı və fransalı həmkarlarımızdan kənarlaşmaq istəmirik. Əksinə, biz onları Moskvaya dəvət etmişik. Onlar əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə necə töhfə verə biləcəklərini müzakirə etmək üçün yaxın günlərdə burda olacaqlar”.

Lenta.ru saytının xəbərinə görə Lavrov əlavə edib ki, regionda sülh və təhlükəsizlik işinə BMT agentlikləri – ilk növbədə UNESCO da dəstək verə bilər.

O qeyd edib ki, bu sahədə Rusiyanın təşəbbüsləri ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təklif olunmuş axardadır.

19:50 12.11.2020

Zakir Həsənov Rüstəm Muradovla görüşüb

Bugün, noyabrın 12-də Azərbaycan Müdafiə naziri Zakir Həsənov Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovla görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirıiyi məlumat yayıb.

Məlumata görə, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

17:08 12.11.2020

Putin Naxçıvan dəhlizinə nəzarətlə bağlı fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin noyabrın 10-da "Dağlıq Qarabağda sülhə dəstək tədbirləri haqqında" fərman imzalayıb.

Sənəddə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin atəşkəs bəyanatına istinad olunur. Həmin bəyanatda rusiyalı hərbçilərin Qarabağa yerləşdirilməsini nəzərdə tutan bənd var. Bu məsələ isə Federasiya Şurasının xaricə hərbçilərin göndərilməsi haqda 2015-ci il 30 sentyabr tarixli qərarı ilə əsaslandırılır.

Həmin gün Suriyada Rusiyanın hərbi əməliyyatlarına start verilib. Konstitusiyaya görə, Federasiya Şurası prezidentə hərbçilərdən xaricdə istifadəyə razılıq verməlidir. Məsələn, Ukrayna ilə bağlı 2014-cü il martın 1-də oxşar razılıq verilmişdi. Amma Krımda əməliyyatlar bu tarixdən qabaq başlanmışdı. 2015-ci il qərarında ölkə adı göstərilməyindən nəzəri olaraq bu sənəddən dünyanın istənilən ölkəsi ilə bağlı istifadə etmək olar.

Sənəddə deyilir ki, sülhməramlılar Qarabağa 5 illiyə yerləşdirilir, ildə iki dəfədən az olmayaraq rotasiya olunacaqlar.

Sənəddə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Naxçıvan dəhlizinə nəzarət edəcəyi də bildirilir. Bu nəqliyyat dəhlizi Azərbaycanla Türkiyəni birləşdirəcək.

Rusiya hökumətinə sülhməramlı kontingentin maliyyələşdirilməsi də tapşırılır.

Davamı

XS
SM
MD
LG