Ağır artilleriya zərbələrindən Tərtərdə mülkü şəxsin öldüyü deyilir
Baş Prokurorluq cəbhədə mülkü əhalinin həlak olması ilə bağlı sentyabrın 28-də növbəti açıqlama yayıb.
Məlumatda qeyd edilib ki, qarşı tərəfin ağır artilleriya qurğularından intensiv atəşi nəticəsində sentyabrın 28-də saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına mərmi düşüb. Məlumata görə, qəlpələrindən 1975-ci il təvəllüdlü Mehman Əliyev həlak olub: "Həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb".
Bundan əvvəl Baş Prokurorluq son günlər cəbhə bölgəsində 27 mülkü şəxsin yaralandığını açıqlamışdı. Qurum sentyabrın 28-də də Ağdam rayonunun bir sakininin "Qrad" zərbələrindən həlak olduğunu bildirmişdi.
Baş Prokurorluq dünən, sentyabrın 27-də də qeyd etmişdi ki, top atəşi nəticəsində Naftalanda bir ailənin 5 üzvü həlak olub.
Ermənistan silahlı qüvvələrinin geri çəkildiyi deyilir
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Ağdarə istiqamətində geri çəkildiyini açıqlayıb.
Nazirliyin bu barədə məlumatı sentyabrın 28-də saat 15:57-də açıqlanıb. Ağdarə Dağlıq Qarabağ ərazisində yerləşir.
50 yaşdan yuxari zabitlər də çağırıla bilər
50 yaşdan yuxari zabitlər də səfərbərliyə çağırıla bilər.
Bu barədə bu gün, sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaydığı məlumatda bildirilir.
Məlumatda yazılıb ki, bu gün, sentyabrın 28-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Sərəncam imzalayıb: "Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər, miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar".
Füzuli uğurunda döyüşlər getdiyi bildirilir
Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumunun davam etdiyi bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 29-da səhər saat 8-52-də məlumat yayıb.
"Hazırda döyüşlər davam edir", - məlumatda qeyd edilir.