Döyüşlər davam edir
"İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir".
Bu məlumatı isə AMN sentyabrın 30-da saat 8:33-də yayıb.
Məlumatda habelə bildirilir ki, itirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən qarşı tərəf sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Azərbaycan ordusunun əks-həmlə əməliyyatı keçirdiyi vurğulanıb.
"Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir", - AMN açıqlayıb.
Tərtər atəşə tutulub
"Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) sentyabrın 30-da saat 8:25-də yayıb.
"İlkin məlumata görə, mülki infrastruktura ziyan dəyib və yaralılar var", -məlumatda qeyd edilir.
7 Tərtər sakini artilleriya zərbələrindən yaralanıb
Azərbaycan Baş Prokurorluğu cəbhədə mülkü şəxslərin xəsarət alması ilə bağlı növbəti açıqlama yayıb.
Sentyabrın 30-da yayılan məlumata görə, Ermənistan hərbi birləşmələri növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutublar. Bildirilir ki, sentyabrın 30-da saat 8:00 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulub.
Baş Prokurorluğun sentyabrın 29-da axşam saatlarında yaydığı məlumatda isə qeyd edilirdi ki, son günlər cəbhə bölgəsində Azərbaycan tərəfdən həlak olan mülkü insanların sayı 12-yə çatıb. 35 nəfərin də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirildiyi bildirilirdi.
Amma Azərbaycanın rəsmi qurumları sentyabrın 27-dən qoşunların təmas xəttində ağır silahların işə düşməsindən bəri hərbi qulluqçuların həlak olması və yaralanması ilə bağlı dəqiq say açıqlamayıblar.
Goranboy rayonunun da vurulduğu bildirilir
"Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıblar".
Bu məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti sentyabrın 30-da saat 10:50-də yayıb. Məlumatda görə, qarşı tərəfə adekvat cavab tədbirləri görülür.