Gürcüstanla Rusiya arasındakı münaqişə, Gürcüstanın MDB-dən çıxmaq haqqındakı qərarı bölgədə yeni situasiya yaradıb. Hətta bu münaqişəni görməməyə, bu qərarı eşitməməyə cəhd edən ölkələr belə bütün hallarda məsələyə münasibət bildirməyə məcbur olurlar. Gürcüstanın qərarını pisləyənlər, buna neytral yanaşanlar oldu. Məsələ ilə bağlı ən çox maraq kəsb edən Ukraynanın münasibətidir, çünki MDB-dən narazıların sırasında bu respublika son vaxtlar həmişə öndə olub. Artıq bu ölkənin də qanunvericilərinin bir qismi müvafiq təşəbbüslə parlamentə müraciət ediblər.
Sentyabrın 1-dən işə başlayacaq parlamentdə bu məsələyə baxılacağı gözlənilir. Son günlərdə diqqəti cəlb edən hadisələrdən biri də bu oldu ki, Almaniyanın kansleri Ukraynanın və Gürcüstanın NATO-ya qəbulu ilə bağlı fikrini dəyişib. Artıq Almaniya da bu iki ölkənin Alyansa üzv olmasını dəstəkləyir.
NATO-nun Buxarest sammitində Almaniya Gürcüstanla Ukraynanın üzvlüyünün əleyhinə çıxış etmişdi. Görünür, dəyişən situasiya köhnə qərarlara yenidən baxmağı tövsiyə edir.
Beləliklə, həm MBD-də, həm də onun bir hissəsi olan Cənubi Qafqazda yeni geosiyasi atmosfer hiss olunmaqdadır. Bu tendensiya digər respublikaların davranışında necə təzahür edəcək?
Son hadisələr göstərdi ki, Cənubi Qafqazın lider dövlətinin – Azərbaycanın həm təhlükəsizliklə, həm də gələcək inkişaf istiqaməti ilə bağlı çox ciddi problemləri var. Gurcüstan öz problemlərini görür və Rusiyadan uzaqlaşmaq xəttini tutur. Azərbaycan isə hələ də şimal qonşusuna etibar edir və onunla yaxşı münasibətlər saxlamağa cəhd edir
Amma son hadisələr göstərdi ki, Cənubi Qafqazın lider dövlətinin – Azərbaycanın həm təhlükəsizliklə, həm də gələcək inkişaf istiqaməti ilə bağlı çox ciddi problemləri var. Gurcüstan öz problemlərini görür və Rusiyadan uzaqlaşmaq xəttini tutur. Azərbaycan isə hələ də şimal qonşusuna etibar edir və onunla yaxşı münasibətlər saxlamağa cəhd edir. Amma reallıqda bu münasibətləri yaxşı hesab etmək olarmı? Bir həftənin içində Azərbaycanın əsas enerji xətləri iflic vəziyyətinə düşdü. Ölkə özünün əsas strateji məhsulunu - nefti ixrac edə bilmədi. Bakı–Novorossiysk xəttilə ixrac olunan neft tam gücündən qat-qat aşağıdır. Ölkə iqtisadiyyatı yarımblokada vəziyyətindədir.
Təbii sual yaranır: Azərbaycan üçün Gürcüstanla münasibətlər daha önəmlidir, yoxsa Rusiya ilə? Bəlkə enerji dəhlizi üçün daha etibarlı təminatlar axtarmaq vaxtıdır? Azərbaycan da Gürcüstanla birlikdə NATO-ya üzv qəbul olunmağa cəhd etsə, bu təminatlar daha da artar. Ancaq NATO bölgədə həqiqi təhlükəsizliyi və sabitliyi təmin etmək iqtidarındadır. Rusiya ilə ittifaq faydalıdırsa, nəyə görə Baltikyanı ölkələr buna can atmırlar? Nəyə görə Polşa öz ərazisində Rusiyanın deyil, ABŞ-ın raket hücumundan müdafiə sistemlərini yerləşdirir? Məgər onlar dünyadakı güc balansını və ən effektiv təhlükəsizlik sistemini real qiymətləndirə bilmirlər? MDB çoxdan özünü tükəndirib.Yarandığı vaxtdan səmərəsiz sistem kimi formalaşan bu birlik indi daha çox avtoritar rejimlərin ittifaqına çevrilib. Gürcüstan və Ukrayna bu birliyi tərk edəndən sonra bu çalar özünü daha çox təzahür etdirəcək.
Demokratik inkişaf yolu tutmuş ölkələr artıq Rusiya ilə bir ittifaqda deyillər və ondan uzaqlaşmaq yolunu tutublar. Ən böyük miflərdən biri də budur ki, Rusiya ilə münasibətlər Azərbaycana Qarabağ problemində yardımçı olur. Həqiqətdə belədirmi? BMT-də son səsvermə zamanı Rusiya da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməmişdi, baxmayaraq ki, başqa vaxt sözdə həmişə bunun əksini iddia edir. Üstəlik, Gürcüstandakı hadisələr bir daha göstərdi ki, Rusiya MDB ərazisindəki separatçı rejimləri müdafiə edir. Və nə qədər ki, Rusiyanın bölgədəki təsiri dominant olacaq, ərazisində münaqişə zonaları olan ölkələrin öz ərazi bütövlüyünü təmin etmək, lazım gələrsə bunun üçün hərbi gücdən istifadə etmək niyyətləri bir arzu olaraq qalacaq.
Rusiya Gürcüstanı öz ərazisində təcavüzkar elan etdi. Ən azı bu detal düşünmək və nəticə çıxarmaq üçün kifayət qədər əsas verir.
Bir məsələni də nəzərə almaq lazımdır: Gürcüstan NATO-ya daxil olandan sonra Azərbaycan istəsə də, istəməsə də Şimal Alyansı ilə həmsərhəd olacaq. Görəsən indi seçim etmək iqtidarında olmayan ölkə seçimin labüd olacağı zaman hansı qərarı verəcək?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.