Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:04

Rusiyanın növbəti səhvi


Cənubi Osetiya və Abxaziyanın liderləri Kokoytı və Baqapş Rusiya parlamentinin müraciətini alqışlayır - 25 avqust 2008
Cənubi Osetiya və Abxaziyanın liderləri Kokoytı və Baqapş Rusiya parlamentinin müraciətini alqışlayır - 25 avqust 2008
Rusiya parlamentinin hər iki palatası prezidentə Cənubi Osetiya və Abxaziyanın tanınması məqsədilə müraciət etmişdi. Palataların işində iştirak edən hər iki separatçı qurumların rəhbərləri də bəyan etmişdilər ki, daha Cənubi Osetiya və Abxaziya Gürcüstanın tərkibində qala bilməz. Artıq Rusiya prezidenti Dmitri Medvedev hər iki respublikanın müstəqilliyinin tanınması haqqında sərəncam verib. Bu, faktiki olaraq Gürcüstan ərazisinin təcavüzünün rəsmiləşdirilməsinin başlanğıcı deməkdir.
Prinsipcə, Rusiya çoxdan planlaşdırdığı siyasəti həyata keçirir. Təsadüfi deyil ki, bu müraciətin ardınca Rusiya prezidenti NATO ilə bütün əlaqələrin kəsilməsini tövsiyə edir. Belə çıxır ki, bu, bir növ qisas aksiyasıdır.
Amma Rusiya növbəti dəfə səhv edir. Gürcüstanın ərazi bütövlüyü əksər dövlətlər tərəfindən tanınır. Rusiyadan başqa heç kim Cənubi Osetiyanı və Abxaziyanı ya müstəqil dövlət kimi, ya da Rusiyanın tərkib hissəsi kimi tanımayacaq. Şimal ölkəsi bununla öz ətrafındakı siyasi həlqəni bir az da daraldacaq. Təcrid prosesi labüd olacaq. İndi heç kim Rusiyaya Cənubi Qafqazda yeni missiya axtarmır.
Getdikcə aydınlaşır ki, Rusiya artıq Qafqazın uzaqlaşan keçmişidir. İki separatçı respublikanın tanınması digər MDB respublikaları üçün də bir siqnaldır. Onlar özlərinə nə qədər təskinlik versələr belə, rahat qala bilməzlər, çünki perspektiv heç nə vəd etmir. Rusiya əvvəllər «müstəqillik əvəzinə torpaq» deyirdi, indi də «təhlükəsizlik və inkişaf əvəzinə torpaq» buyurur.
Ola bilsin, Rusiyanın bu səhvi onun üçün sonuncu olacaq. Vaxtilə keçmiş Yuqoslaviyada da Rusiya çox fəallıq göstərmişdi. Nəticəsi nə oldu?
Separatçı rejimlər Rusiyanın əlində bəzi MDB ölkələrinin xarici siyasətinə təsir etmək, müstəqilliyini məhdudlaşdırmaq üçün vasitədir. Bu, əbədi asılılıq deməkdir. Baxmayaraq ki, bəzi rejimlər bunu əbədi dostluq kimi qələmə verirlər. Rusiyanın isə dostları yoxdur, onun əbədi maraqları var. Bu maraqlar bütün vasitələrlə Cənubi Qafqazda qalmağı diqtə edir, çünki Cənubi Qafqaz Yaxın Şərqə çıxışdır, bura Şimali Qafqazın astanasıdır.
Cənubi Qafqazda da Baltikyanı respublikalarda olduğu kimi, birlik və həmrəylik olsaydı, Rusiyanın bu ərazini tərk etməsi asanlaşardı. Amma belə birlik yoxdur, Rusiyanın çoxəsrlik maraqları bu bölgəni ziddiyyətli hissələrə parçalayıb. Gürcüstan–Rusiya münaqişəsi bunu əyani şəkildə təzahür etdirdi.
İndi hər şey geosiyasi templərdən asılıdır. Hər şey dünya birliyinin Rusiyaya ardıcıl təzyiqindən asılı olacaq. Bu təzyiqlər isə özünü hiss etdirməkdədir.
Hətta münaqişəyə cəlb olunmayan ölkələr belə etiraf etdilər ki, bölgədəki sabitlik çox kövrəkdir. Elə dondurulmuş münaqişələrin də donu hər an açıla bilər. Bu isə Rusiyanın sabitlik potensialını heçə endirir. Bölgənin yeni təhlükəsizlik arxitekturasına ehtiyacı var. Nə MDB, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi bunu təmin etmək iqtidarında deyil. Hər şey daha müasir əsaslarla qurulmalıdır. Bunun üçün isə bölgəyə NATO-nun gəlişi labüddür. NATO təkcə bölgədə geosiyasi nizam-intizam yaratmaq üçün lazım deyil. O, həm də üzv qəbul etdiyi ölkələrin daxili siyasi həyatına bir qayda gətirərdi, onları demokratiya istiqamətinə yönəldərdi. Bəzi ölkələrin NATO-ya qarşı ehtiyatlı münasibətinin əsasında məhz sonuncu amil dayanır. Özü avtoritar olan və avtoritar rejimləri dəstəkləyən Rusiya onlar üçün daha cəlbedicidir. ABŞ prezidenti deyir ki, dünyada azadlığın və demokratiyanın yayılmasını Rusiya öz maraqlarına təhlükə hesab edir.
Bu, həqiqətən də belədir. MDB getdikcə qorxunc strukturu xatırladır–saxta seçkilər, ömürlük prezidentlər...
Tarixi təcrübə göstərir ki, dünyada heç bir ideya azadlıqla rəqabət apara bilmir, gec-tez azadlığa məğlub olur. MDB respublikaları da hələ də azad deyillər. Amma onların da azad olmasına çox qalmayıb. O gün gələcək. Yeni dünya nizamı, qloballaşma, demokratikləşmə sərhədlərini genişləndirməkdədir.
Ola bilsin, Rusiyanın bu səhvi onun üçün sonuncu olacaq. Vaxtilə keçmiş Yuqoslaviyada da Rusiya çox fəallıq göstərmişdi. Nəticəsi nə oldu? Bir vaxtlar Rusiya Şərqi Avropa ölkələrinin də NATO-ya üzv olmasının qarşısını almağa çalışırdı. Nəticəsi nə oldu? Ukraynada inqilab baş verəndə Kremlin ekspertlərindən biri Qleb Pavlovski belə bir söz demişdi: «O şey ki, baş verməlidir, onun qarşısını almağa dəyməz!». Bəlkə bu dəfə də labüd proseslərin qarşısını almağa dəyməz?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG