Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:16

General niyə öldürüldü?


Rail Rzayev Azərbaycan müstəqillik əldə etdikdən sonra qətlə yetirilən üçüncü yüksək rütbəli hərbçidir Foto: Media Forum
Rail Rzayev Azərbaycan müstəqillik əldə etdikdən sonra qətlə yetirilən üçüncü yüksək rütbəli hərbçidir Foto: Media Forum
Fevralın 11-də Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev öldürülüb.

O, Azərbaycan müstəqillik əldə etdikdən sonra qətlə yetirilən üçüncü yüksək rütbəli hərbçidir. Buna qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdilər.

Müdafiə Nazirliyinin (MN) verdiyi açıqlamaya görə, general səhər saatlarında işə gələrkən evinin qarşısında xidməti maşınına mindiyi zaman başından güllələnib. Onun yanında yalnız sürücüsü olub.

General MN-in Kliniki Tibbi Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Kliniki Tibbi Mərkəz nə generalın neçə güllə yarası aldığı, nə də ölümün səbəbləri ilə bağlı hər hansı açıqlama verməyib.

Müdafiə Nazirliyinə yaxın mənbələr gün ərzində qətlin necə törədildiyi ilə bağlı müxtəlif versiyalar irəli sürüblər.

Versiyalardan birinə görə, general maşına minərkən arxa şüşədən səssiz tapança ilə güllə atılıb, şüşə çiliklənib və güllə generalın başının arxa nahiyəsindən dəyib. Maşında olan sürücüyə zərər dəyməyib.

Amma «Azadlıq» radiosunun hadisə yerində olan müxbiri hər hansı şüşə qırıntısının şahidi olmayıb. Qonşular da heç bir şey eşitmədiklərini deyiblər.

Generalın ölümü ilə bağlı bir sıra versiyalar səsləndirilir. Ancaq bütün hallarda qətlin onun xidməti işilə bağlı olduğu vurğulanır.

1992-ci ildə Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına komandan təyin edilərkən Müdafiə naziri olmuş Rəhim Qazıyev onu yüksək ixtisaslı mütəxəssis kimi təqdim edir:

- Keçmiş SSRİ-də, xüsusən Azərbaycanda o, öz sahəsində barmaqla sayılan mütəxəssislərdən biri idi. Qısa zamanda bütün Azərbaycanın hava məkanını mühafizə sistemini onun böyük fədakarlığı ilə yararlı hala sala bildik. Keçmiş sovet orduları Azərbaycandan çıxanda bu sistemi faktiki olaraq yararsız hala salmışdılar. Yüksək səviyyəli mütəxəssis idi. Çöx təəssüf.

Keçmiş hərbçi Üzeyir Cəfərov da Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayır:

- Bu, onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib. O, bir sıra məsələlərin içərisində olub. Burda qətlin sırf onun işiylə bağlı olmasını araşdırmaq gərəkdir.

Ü.Cəfərov bir müddət əvvəl Hərbi Hava Qüvvələrində korrupsiya halları ilə bağlı yazılar dərc etdirmişdi.

Beynəlxalq Krizis Qrupunun yaydığı hesabatda Azərbaycan ordusunda hesabatsızlığın və korrupsiyanın hökm sürdüyü bildirilirdi.

R.Rzayevin bir neçə gündür izləndiyi ilə bağlı da xəbərlər yayılmaqdadır. Bu xəbərləri Müdafiə Nazirliyinin yüksək rütbəli məmurları mediaya açıqlamalarında da təsdiq ediblər. İzlənməsi ilə bağlı informasiyalar olduğu halda, hansı səbəbdən generala xüsusi mühafizə ayrılmadığı məsələsinə, yəqin ki, istintaq aydınlıq gətirəcək. Ancaq hələ ki, hökumət generalın ölümü ilə bağlı istintaqı hansı qurumun aparacağı məsələsində bir qərara gələ bilməyib.

Qətl faktı Yasamal rayonu ərazisində qeydə alınsa da, Daxili İşlər Nazirliyi R.Rzayev hərbi vəzifə daşıdığından istintaqı Hərbi Prokurorluğun aparmalı olduğunu bildirir.

Respublika Prokurorluğu da faktın Hərbi Prokurorluqda araşdırılacağını bildirir. Hərbi Prokurorluğun Mətbuat Xidməti isə məsələ ilə bağlı hələlik dəqiq qərarın olmadığını deyir. Orda deyiblər ki, onlar hərbçilər tərəfindən törədilən cinayətləri araşdırırlar. Bu qətli isə mülki və ya hərbi şəxsin törətdiyi hələlik bəlli deyil.

Faktın Milli Təhlükəsizlik Nazirliyində (MTN) araşdırılmasının mümkünlüyü ilə bağlı da versiyalar var. Rəsmilər bildirirlər ki, əgər ilkin araşdırmalar qətldə xarici qüvvələrin izini tapsalar, istintaqla MTN məşğul olacaq.

Rail Rzayevin nəşi isə bu gün iki saat morqda saxlanandan sonra evinə gətirilib. Generalla vida mərasimi isə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində olub. Mərasim qapalı keçirilib. Jurnalistlər vidalaşma mərasiminə buraxılmayıb.

Mərasimdə xarici diplomatlardan Rusiya səfiri iştirak edib. Rail Rzayev İkinci Fəxri Xiyabanın qonşuluğundakı Yasamal qəbiristanlığında dövlət himninin və yaylım atəşinin sədaları altında dəfn olunub.

Dəfndə yüksək rütbəli zabitlər iştirak edib. Müdafiə naziri Səfər Əbiyev dəfn mərasiminə qatılmayıb.

Qətl hadisəsi prezident İlham Əliyev Küveytdə səfərdə ikən baş verib. Onun Bakı vaxtilə axşam saat 7-də keçiriləcək Küveyt-Azərbaycan futbol matçına qatılacağı bildirilsə də, cənab Əliyev günorta saatlarında ölkəyə qayıdıb.

Səfərin gözlənildiyindən əvvəl başa çatmasının səbəbi açıqlanmır.
XS
SM
MD
LG