Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:35

QHT-lər yetkinlik yaşına çatmayanların əfv edilməsi üçün prezidentə müraciət etdi


Azyaşlı məhbusların saxlanıldığı cəzaçəkmə yerində kimya dərsi, Bakı, 30 mart 2006
Azyaşlı məhbusların saxlanıldığı cəzaçəkmə yerində kimya dərsi, Bakı, 30 mart 2006

Müraciət müəllifləri hesab edirlər ki, yetkinlik yaşına çatmayan məhbusların cəzaları yüngülləşdirməli, az ağır cinayət törədənlərsə azadlığa buraxılmalıdırlar


6 il müddətinə azadlıqdan məhrum edilmiş Vahid Rüstəmovun anası Aida Rüstəmova deyir ki, oğlu cəzasının yarısını çəksə də, Əfv Komissiyasında onun əfv olunmaq barədə müraciətinə baxılmır:


«Əfv Komissiyasına müraciət etmişəm. Fevral ayında əfv sektoruna getdim, dedilər ki, oğlunuz əfvə düşmür. Onda əfvlə bağlı nizamnaməni dəyişdirsinlər. Axı orada göstərilib ki, cəzasının yarısını çəkənlər bağışlanmaq üçün müraciət edə bilərlər».


Aida Rüstəmova məhkəmənin oğluna ağır cəza verməsindən də şikayətlənir.


Aprelin 27-də Uşaq Hüquqları üzrə Qeyri-Hökumət Təşkilatları Alyansı bu mövzuda müzakirə təşkil etdi. Hüquq müdafiəçisi Nabil Seyidov bildirdi ki, Qərb ölkələri ilə müqayisədə Azərbaycanda cinayət törədən uşaqlar daha ağır cəzalarla həbsxanaya göndərilir. Onlara qarşı alternativ üsullardan istifadə edilmir, çox vaxt azadlıqdan məhrum edilirlər:


«Avropanın inkişaf etmiş ölkələrində istifadə olunan ictimai işlər, sosial işçi nəzarətinə verilmə kimi tədbirlər Azərbaycanda həyata keçirilmir. Çünki onların həyata keçirilməsi üçün kifayət qədər şərait və imkanlar yoxdur».


BMT Uşaq Fondu – YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin Uşaqlar üzrə Proqram rəhbəri Radoslav Rzenak deyir ki, yetkinlik yaşına çatmayanlar cinayət törətsələr də, onlarla uşaq kimi davranmaq lazımdır. O hesab edir ki, uşaqlara Azərbaycan məhkəmələrində ağır cəzalar verilir:


«Biz indidən yetkinlik yaşına çatmayanların mühakiməsiylə bağlı islahatlara başlamağa çalışmalıyıq. Düzdür, Azərbaycanda azadlıqdan məhrum edilmiş uşaqların sayı o qədər də çox deyil. Ancaq Azərbaycanda digər Avropa ölkələri ilə müqayisədə uşaqlara verilmiş ağır cəzaların faizi çox yüksəkdir».


Radoslav Rzenak deyir ki, Azərbaycan məhkəmələrində uşaqlarla böyüklər kimi davranılır. Məhkəmə qarşısında dayanan uşaq çox vaxt nə baş verdiyini, nədən danışıldığını belə bilmir. Buna görə də qanunvericilikdə dəyişiklik edilməsi vacibdir.


Aprelin 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və 30 təşkilatı birləşdirən Uşaq Hüquqları üzrə Qeyri-Hökumət Təşkilatları Alyansı yetkinlik yaşına çatmayan məhbusların əfv edilməsi üçün prezident İlham Əliyevə də müraciət etdi. Müraciət müəllifləri hesab edirlər ki, yetkinlik yaşına çatmayan məhbusların cəzaları yüngülləşdirməli, az ağır cinayət törədənlərsə azadlığa buraxılmalıdırlar.


Prezident yanında Əfv komissiyasının üzvü Elmira Axundova isə hesab edir ki, yetkinlik yaşına çatmamış məhbuslar mütəmadi olaraq əfvə salınır. Onun sözlərinə görə son 10 ildə 50-yə yaxın yeniyetmə əfv olunub. Bir o qədər yeniyetmə də cəzasının 1/3, 2/3 hissəsini çəkəndən sonra azad edilib. İndi koloniyada cəmi 55 nəfər yeniyetmə var.


XS
SM
MD
LG