Azərbaycanda iş başında zorakılığa və təzyiqə məruz qalmış jurnalistlər Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunu yaradıb. Təşkilatın icraçı direktoru İdrak Abbasov institutun yaradılma səbəbini belə izah edir: «Təşkilatımızın əsas prioritetləri zorakılığa məruz qalmış jurnalistlərə hüquqi yardım göstərilməsi, onların vəkillə təmin olunmasıdır. İkincisi, beynəlxalq təşkilatlar kimi biz də Azərbaycanda medianın vəziyyətilə bağlı hesabatlar hazırlayacağıq. Və nəhayət jurnalistlərin məruz qaldığı zorakılıqlara dair jurnalist araşdırmasına da ehtiyac var».
3 may – Beynəlxalq Mətbuat Azadlığı Günündə «RUH» Jurnalistləri Müdafiə Komitəsi də ölkədə mətbuat azadlığının vəziyyətinə dair hesabat yayıb. Hesabata görə, ötən il oktyabrın 1-dən bu il mayın 1-dək mediada 77 münaqişə qeydə alınıb. Bu münaqişələr daha çox jurnalistlərə fiziki təzyiqlərlə bağlıdır. Qurumun rəhbəri Hüquq Salmanov: «Mətbuat azadlığı sahəsində irəliləyiş yoxdur. Nə qədər ki, mətbuat orqanları ayrı-ayrı siyasi qüvvələrdən, iş adamlarından asılıdır, reklam icazəli olacaq, irəliləyişdən isə danışmaq mümkün deyil».
ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Heniksə deyir ki, «Freedom House» Təşkilatı Vaşinqton yaxınlığındakı Arlinqtonda, «Azadlıq» parkında son bir ildə dünya üzrə həlak olmuş jurnalistlərə abidə qoyacaq. «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun adı da 2005-ci ildə dünyada həlak olmuş 59 jurnalist arasındadır. O ki qaldı, Azərbaycanda medianın durumuna, cənab Henik vəziyyəti belə dəyərləndirir: «Azərbaycanda çox fəal bir mətbuatın olmasıyla yanaşı, mətbuat azadlığına məhdudiyyətlər də var. Birləşmiş Ştatlar mətbuat azadlığını Azərbaycanda və dünyada demokratik dəyərlərin əsas prinsiplərindən biri hesab edir. Amerika səfirliyinin əsas işlərindən biri də sizinlə və digər QHT-lərlə, media təşkilatları və birbaşa hökumətlə bu azadlığı möhkəmləndirmək naminə işləməkdir».
13 il bundan əvvəl BMT mayın 3-nü Beynəlxalq Mətbuat Azadlığı Günü elan edib. Həmin gün dünyada mətbuat azadlığını qiymətləndirmək üçün bir imkan hesab olunur.