Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:32

Ölkə siyasətində lider problemi


Referendum təşviqatı zamanı bir qrup müxalifət liderinin seçicilərlə görüşü. 6 mart 2009
Referendum təşviqatı zamanı bir qrup müxalifət liderinin seçicilərlə görüşü. 6 mart 2009
Azərbaycan lider problemi ilə üzləşib. Bu problem özünü daha çox böyük müxalif partiyalarda büruzə verir. Siyasi cəhətdən ən fəal insanlar artıq şəhər kənarına qovulan müxalifət partiyalarının fəaliyyətini nəinki müdafiə etmir, hətta bəzilərinin adını belə unudub.

Bunun səbəbi odur ki, cəmiyyət müxtəlif vaxtlarda çox ziddiyyətli siyasət yürüdən və real nəticə əldə edə bilməyən liderlərin daha arxasınca getmək istəmir. Yeni siyasi partiyalara gəlincə isə, onlar özləri üçün «siyasi dükan» yaratmaq arzusunda olanlardır.

Bir detala diqqət yetirmək lazımdır ki, son illərdə yaranan siyasi partiyaların demək olar ki, əksəriyyəti hakimiyyətə tərəf meyl edənlərdir. Elə bu səbəbdən cəmiyyətin bu partiyalara münasibəti birmənalıdır - həmin partiyalar sırasında ciddi siyasi nəticələrə can atmırlar, bəzi hallarda isə heç tanınmırlar. Ona görə də hakimiyyətin özü də bu «siyasi dükanlara» bir o qədər əhəmiyyət vermir.

YAP-ın qurduğu siyasi sistem o qədər qəlizləşdirilib ki, hətta bu rejimdə kiçik siyasi partiyalar sırf məişət problemlərini həll edə bilmirlər. Artıq YAP-çılar elə siyasət aparırlar ki, hakim partiyanı və prezidenti tərifləmək hər bir insanın vətəndaşlıq borcu hesab edilir. Daha YAP əvvəllər olduğu kimi kimisə öz tərəfinə çəkməyə çalışmır.

Getdikcə oliqarxlara çevrilən yüksək rütbəli məmurlar bu dövlətə daha çox özlərinin şəxsi firması kimi baxırlar. Cəmiyyət, müxalifət, mətbuat kifayət qədər bəsitləşdirilib. Müxalifət daha çox virtual müxalifətə çevrilir. Maraqlısı budur ki, müxalifət partiyaları özləri bu qəlibdən çıxa bilmirlər.

Lider məsələsi o qədər mürəkkəbdir ki, dünyanın istənilən ölkəsində formalaşmış siyasi üçlük yaddan çıxarılır. Siyasətdə partiya, onun ideologiyası və lideri mühüm rol oynamalıdır. Amma Azərbaycanda bu üçlük çoxdan dağılıb.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG