Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:16

Azərbaycanda uşaqların istirahəti


Uşaq düşərgələri təyinatı üzrə istifadə olunmur
Uşaq düşərgələri təyinatı üzrə istifadə olunmur

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov: «Azərbaycandakı uşaqların heç bir faizi istirahət düşərgələrinə cəlb olunmayıb»


Valideynlərin bəzilərinin dediyinə görə, yay tətilində uşaqlarını istirahətə göndərə bilməmələrinin səbəbi imkansızlıqdan çox, istirahət yerlərinin qıtlığı ilə bağlıdır. Vaxtilə pis-yaxşı fəaliyyət göstərən istirahət düşərgələrindən indi cəmi bir neçəsinin qaldığını deyən valideynlər həmin düşərgələrdə artıq boş yer olmadığını bildirirlər.


Həmin düşərgələrdən biri Bakının Şüvəlan qəsəbəsindəki vaxtilə Yuri Qaqarinin, indisə Çingiz Mustafayevin adını daşıyır. Bu qəsəbədə əvvəllər uşaqların istirahət etdiyi ikinci bir uşaq pansionatı isə hazırda təmir edilir.


Pansionatdan «Azadlıq» radiosuna verilən məlumata görə, təmir işləri yeni başladığından bu yay uşaqlar orada dincələ bilməyəcəklər.


Daxili İşlər Nazirliyinin tabeliyində olan Uşaq İstirahət Düşərgəsində isə, 100 uşağın istirahət etməsi mümkündür. Düşərgənin rəisi Vaqif Şirəliyev deyir ki, burda 7 yaşından 14 yaşına qədər uşaqlar istirahət edir. Uşaqların 22 günlük istirahətinə görə, valideynlər köhnə manatla 540 min, Daxili İşlər Nazirliyində çalışanlar isə, 270 min manat ödəyirlər.


Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov uşaqların istirahətilə bağlı vəziyyətin çox pis olduğunu deyir. Onun sözlərinə görə, Bakıda uşaqların istirahət edə biləcəyi bir-iki düşərgə olsa da, bölgələrdə belə yerlər ümumiyyətlə yoxdur. Cənab Seyidov deyir ki, QHT Alyansının bir neçə üzvü diabetli, valideyn himayəsindən məhrum və küçə uşaqları üçün bəzi yerlərdə istirahət düşərgələri təşkil edir. Amma Azərbaycandakı uşaqların sayına görə, bu çox azdır.


Nabil Seyidova görə, vaxtilə uşaqların istirahəti üçün orta məktəblərdə də istirahət düşərgələri təşkil edilirdi, amma bu ənənə indi yalnız bir neçə rayonda qalır. Həmsöhbətimiz deyir ki, hazırda Azərbaycanda öz valideynlərilə xarici ölkələrə istirahətə gedən uşaqlar da var, Şüvəlandakı pullu istirahət düşərgələrinə gedənlər də. Amma bu istirahət hüququ olan uşaqların çox az bir hissəsidir: «Evdə, günün altında küçələrdə qalan uşaqlar daha çoxdur. Azərbaycandakı uşaqların heç bir faizi istirahət düşərgələrinə cəlb olunmayıb».


Bakı «SOS» Uşaq Kəndi də ötən illərdə olduğu kimi, himayəsində olan uşaqları gələn aydan bəzi yerlərə istirahətə göndərəcək. Kəndin pedaqoji məsləhətçisi Fərqanə Məmmədova deyir ki, himayələrində olan uşaqların əksəriyyətini onların öz işçiləri bu il yaşadıqları rayonlara aparacaqlar. Bir neçə nəfər də Şüvəlanda yerləşən «Çingiz Mustafayev» adına istirahət düşərgəsinə göndəriləcək.


Gənclər və İdman Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Raqif Abbasovun sözlərinə görəsə, ilk növbədə nazirlik qaçqın və aztəminatlı ailələrin uşaqları üçün istirahət düşərgələri təşkil edəcək. Bundan başqa, xüsusi istedadlı, beynəlxalq tədbirlərdə qalib və mükafatçı olan uşaqlar xarici ölkələrə istirahətə göndəriləcək. Bəzi rayonlarda da uşaqların səmərəli istirahətinin təşkil olunacağını deyən cənab Abbasova görə, Gənclər və İdman Nazirliyi bu il ümumilikdə 500 uşağın istirahət xərclərini öz üzərinə götürüb.


Bundan başqa, şimal rayonlarında yerli gənclər və idman idarələri tərəfindən də bir-neçə düşərgələrin açılışı gözlənilir. Raqif Abbasov deyir ki, uşaqlar üçün nəzərdə tutulan bütün istirahət düşərgələrində 90-cı ildən başlayaraq qaçqınlar yerləşdirildiyindən həmin düşərgələr, pansionatlar indiyə qədər təyinatı üzrə fəaliyyət göstərmir. Cənab Abbasovun sözlərinə görə, qaçqınlar yeni salınan qəsəbələrə yerləşdiriləndən sonra Gənclər və İdman Nazirliyi həmin düşərgələrin yenidən bərpasına və öz təyinatı üzrə fəaliyyət göstərməsinə çalışacaq.


XS
SM
MD
LG