Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:06

BTC - mifdən reallığa


«2020-ci ildə isə kəmərin yarısı Azərbaycan, yarısı isə Qazaxıstan nefti ilə işləyəcək»
«2020-ci ildə isə kəmərin yarısı Azərbaycan, yarısı isə Qazaxıstan nefti ilə işləyəcək»

İstifadəyə verilməsi bir il gecikməsinə və bir milyard dollar baha başa gəlməsinə baxmayaraq Bakı-Tbilisi-Ceyan (BTC) neft kəməri artıq reallıqdır. Lakin on il əvvəl bu kəmər bir çoxları üçün fantaziya, xülya kimi görünürdü. Xəzər regionunda çalışan neft analitiki Laurent Rusekas deyir ki, 90-cı illərin axırlarında kəmərlə bağlı bədgümanlıq bir neçə faktor üzərində qurulurdu.


Birinci faktor Xəzərdəki yataqlarda neft ehtiyatlarının həcmi ilə bağlı idi. Bəzilər ehtiyat edirdilər ki, Azərbaycanda BTC-ni təmin etmək üçün kifayət qədər neft yoxdur. Lakin illər keçdikcə bu narahatlıq aradan qalxdı. BP-nin apardığı qazıntılar yataqlarda gözlənildiyindən də artıq neftin olduğunu təsdiqlədi. Qazaxıstanın da gələcəkdə layihəyə qoşulması kəməri iqtisadi cəhətdən sərfəli edir. Neft qiymətlərinin rekord səviyyəyə çatması isə, kəmərin bahalı olması ilə bağlı əks-arqumentləri tamamilə dağıdır.


Laurent Rusekas: «Kəmər sırf Azərbaycan neftində işləyəcək. Bu, artıq aydındır. «Azəri-Çıraq-Günəşli» yatağından neftin hasilatı 2112-ci ildə azalmağa başlayacaq. Və çoxları ehtimal edir ki, həmin dövrdə Qazaxıstanın «Kaşağan» yatağından çıxarılan neft bu kəmərə yönəldiləcək. 2020-ci ildə isə kəmərin yarısı Azərbaycan, yarısı isə Qazaxıstan nefti ilə işləyəcək».


Bədgümanlığı gücləndirən ikinci əsas faktor isə kəmərin lap əvvəldən siyasi cəhətdən mübahisəli olması idi. Laurent Rusekasın sözlərinə görə, kəmər Birləşmiş Ştatların güclü dəstəyini alırdı. Bəziləri narahat idi ki, bu layihə üçün problemlər yarada bilər. Lakin bu narahatlıq da özünü doğrultmadı. Şirkətlər və banklar layihəyə sərmayə qoymağa başlayanda məsələlər həllini tapdı. Son nəticədə kəmərə olan hansısa siyasi müxalifət heç nəyi dəyişə bilmədi.


BTC-yə olan ən böyük müxalifət Rusiyadan və İrandan gəlirdi. On il əvvəl layihə müzakirə olunmağa başlayanda Moskva və Tehran açıq şəkildə təklif olunan marşrutla bağlı iradlarını və narazılıqlarını bildirirdilər: «O vaxtlar belə fikirlər səslənirdi ki, əgər neft Gürcüstan üzərindən Türkiyəyə axsa, deməli, Qafqazda Amerika hökmranlıq edəcək. Yox, əgər neft Rusiyaya axsa, o zaman Moskva Qafqaza nəzarət edəcək. Lakin artıq Rusiyanın belə düşünmədiyini görmək mümkündür. Kəmər tikilib, Azərbaycan nefti əsasən Ceyhan limanına axacaq. Lakin buna baxmayaraq Rusiyanın Qafqazda hələ də təsiri var. Bu təsir özünü daha çox geosiyasi maraqlarda göstərir, kəmərlərdə yox».


Ekspert deyir ki, kəmərin strateji əhəmiyyəti barədə danışanda ilk növbədə BTC-nin enerji təhlükəsizliyinə verəcəyi töhfəni araşdırmaq lazımdır: «Dünya bazarında gündəlik 1 milyon barel neftin çıxarılması yaxşı xəbərdir. BTC həmçinin neftin daşınması üçün istifadə olunan Türkiyənin Qara dənizdəki boğazlarının yükünü azaldır. Bundan başqa, Ceyhan terminalı Qara dənizdə istifadəsi mümkün olmayan daha böyük neft tankerlərindən istifadəyə imkan verir. Bu isə öz növbəsində Azərbaycan neftinin Avropa ilə yanaşı, Şimali Amerika və Asiya bazarına ixracına da şərait yaradır».


Bəs, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mifdən reallığa çevrilməsinin əsas səbəbkarları kimlərdir. Laurent Rusekas deyir ki, kəmərə siyasi təkan verənlər barədə danışarkən, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rolunu danmaq mümkün deyil: «ABŞ bu layihəni reallaşdırmaq üçün Azərbaycan, Gürcüstan və Türkiyə arasında hökumətlərarası müqaviləni bağlatdırmaq üçün çox iş görüb. Lakin son nəticədə ən mühümü Heydər Əliyevin rolu, onun layihəyə verdiyi dəstək oldu. O, aydın bildirdi ki, yarımçıq addımlarda, mərhələli yanaşmada maraqlı deyil. Onun qəti mövqeyi son nəticədə BP-nin kəmərə münasibətini dəyişməyə məcbur etdi. Bu, çətin bir layihə idi. Lakin layihənin operatoru olan BP onun öhdəsindən gəldi. BP-nin də zəhməti qiymətləndirilməlidir».


Ekspertin sözlərinə görə, Azərbaycan neftin satışından böyük pullar qazanacaq. Bu isə Azərbaycan xalqının yaşayış standartlarını yüksəltməyə geniş imkan yaradır. Lakin o xəbərdarlıq edir ki, neft pulları bəzən təhlükəli olur. «Bir çox ölkələr neft pullarının idarə olunmasında fəlakətli nəticələrlə üzləşiblər. Bir şey aydındır ki, Azərbaycanda və Qazaxıstanda siyasi qərar verənlərin bu məsələlərdən xəbərləri var. Əsas məsələ onların düzgün icra olunmasıdır», - deyə Laurent Rusekas vurğulayır.


XS
SM
MD
LG