Magistraturaya qəbul imtahanlarının nəticələri məlum olub. İmtahanın nəticəsinə əsasən 2701 bakalavr magistraturaya daxil olub. Onlardan 1348-i ali məktəbi bu il bitirən məzunlardır. Ali məktəblərin magistraturasına qəbul olanlar iyulun 28-dən avqustun 8-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər.
Magistraturaya qəbul ola bilməyənlər apellyasiya komissiyasına müraciət edə bilərlər. Ancaq hazırda ali məktəblərə qəbul imtahanları keçirildiyindən apellyasiya araşdırmaları sentyabrın 1-dən 5-dək aparılacaq.
Magistraturaya qəbul olmayan bakalavrlar imtahanın nəticələrinə dair bal arayışlarını iyulun 28-dən etibarən sənədlərini verdikləri komissiyadan ala bilərlər.
Qəbulun nəticələri ilə bağlı məlumatları «Magistr» jurnalının 3-cü nömrəsindən və www.tqdk.gov.az internet səhifəsindən öyrənmək olar.
Bu il magistratura pilləsində təhsil almaq üçün 4360 plan yerinə 10795 bakalavr sənəd vermişdi. İmtahan iyulun 23-də olmuşdu.