Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:02

«Dünya iqtisadiyyatı növbəti panikaya qaçır»


Səhmlər qalxır, neft bahalanır, ancaq iqtisadçılar bədbindirlər...
Səhmlər qalxır, neft bahalanır, ancaq iqtisadçılar bədbindirlər...
Dünya iqtisadiyyatında paradoksal durum yaranıb. Birjalarda səhmlərin, neftin qiyməti qalxır, şirkətlər ötən rübü böyük gəlirlə başa vurduqları haqda hesabatlar verirlər, ancaq bunlara qıraqdan baxıb, qiymət verənlər bədbindirlər.

«Nyu York Times» yazır ki, bu, növbəti panikaya doğru qaçışdır. Nobel mükafatı laureatı Pol Kruqman məşhur «Ceneral Motors üçün yaxşı olan Amerika üçün də yaxşıdır» ifadəsini dəyişib yazır ki, Qoldman Saks üçün yaxşı olan Amerika üçün pisdir. Bu, Qoldman Saksın 14 milyard dollar rüblük gəlir elan etməsinə reaksiyadır.

Şirkətlərin, bankların gəlirlərdə müsbət göstəriciyə çıxmasına niyə belə pis baxırlar?

NƏHƏNG BANKLAR HÖKUMƏTİN YARDIMINI MÖHTƏKİRLİYƏ BURAXIRLAR

Almaniyanın «Spiegel» jurnalı yazır ki, hələ may ayında milyardlarla avro ziyan eləyən Deutsche Bank indi milyardlarla gəlir əldə eləyib. Niyə? Bəlkə dünya iqtisadiyyatında böhran aradan qalxıb? – Yox.

Jurnal yazır ki, qlobal böhran investisiya banklarına çox xeyir oldu. Hökumətlərin böhranla mübarizəyə ayırdığı pulları banklar spekulyativ əməliyyatlara buraxdılar.

Hökumətin ayırdığı köməyin və mərkəzi bankların çox ucuz pulları hesabına indi investisiya bankları böyük pulları daha asan qazanırlar.

Bir beynəlxalq bankın rəhbəri jurnalın müxbirinə deyir ki, onların qazandığı pullarla müqayisədə bu qoyulan pullar kazinoda çipsi puludur.

QOLDMAN SAKS BİR GÜNDƏ 245 MİLYARD DOLLARLIQ RİSKƏ GEDİR VƏ QAZANIR

Qoldman Saksın rüblük gəlirinə «Spiegel» jurnalı da toxunub. Yazır ki, Amerika hökumətinin yardımını və Mərkəzi Bankın ucuz kreditini Qoldman Saks möhtəkirliyə buraxdı. Nəticədə 186 faiz gəlir əldə etdi.

Bankın risk iştahası isə sərhəd bilmir. Bu yaxınlarda bank öz tarixində ən böyük gündəlik riskə gedib. Pul qoyduğu əməliyyatın riski 245 milyard dollar olub. Yəni əməliyyat ziyanlı olsaydı, bank 245 milyard dollar itirəcəkdi. Ancaq təbii ki, itirmədi.

Bunlar inanılmaz görünə bilər. Doğrudanmı dünya maliyyə meydanında vəziyyət belədir?

Qodman Saksın keçmiş məsləhətçisi və indi Nyu Yorkda maliyyə professoru olan Roy Smit «Wall Street Journala» deyir: «Çimərlikdə cəmi bir neçə oğlan varsa, çimərlikdəki bütün qızlar onlarındır, Goldman Saks bu oğlanlardan biridir».

«Wall Street Journal» yazır ki, bu banklar dünya maliyyə bazarının oliqarxlarıdır. Hökumətlər onlara heç nə deyə bilmir, çünki hökumət məsələn, öz bondlarının satışında bu banklardan asılıdırlar.

Yaxşı, bəs bunun axırı necə olacaq?
«Nyu York Times» yazır ki, birjalarda qiymətin qalxmağı hələ iqtisadi vəziyyətin düzəlməyi deyil. Ona görə də qiymətlər belə qalxdığı kimi, hətta bundan da sürətli düşə bilər.
XS
SM
MD
LG