Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:53

Prezident dəyişikliyə qol çəkmədi


İqtisadi İnkişaf Nazirliyi həm sahibkarlıq fəaliyyəti, həm də investisiya haqqında qanun layihələri üzərində işləyir.
İqtisadi İnkişaf Nazirliyi həm sahibkarlıq fəaliyyəti, həm də investisiya haqqında qanun layihələri üzərində işləyir.
İLHAM ƏLİYEV AMERİKALILARI EŞİTDİ?

Azərbaycandakı xarici sahibkarlar rahat nəfəs ala bilərlər. Prezident parlamentin «Sahibkarlıq haqqında qanun»a dəyişikliklər etmək təklifini qəbul etməyib. Ölkə başçısı dəyişikliklərə yenidən baxılması üçün Milli Məclisə qaytarıb.

Bu haqda AzadlıqRadiosuna Amerika-Azərbaycan Ticarət Palatasının nümayəndəsi Nərgiz Nəsrullayeva məlumat verib.

Söhbət hansı dəyişikliklərdən gedirdi?

Parlament təklif edirdi ki, təsisçisi xarici vətəndaş və ya xarici hüquqi şəxs olan şirkətlərin, o cümlədən nizamnamə kapitalı və ya səhminin 51 faizdən çoxu xarici vətəndaşa və ya xarici hüquqi şəxsə məxsus filial və nümayəndəliklərin rəhbərlərinin müavinləri mütləq Azərbaycan vətəndaşı olmalıdır. Və müavinliyə namizəd mütləq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Yalnız bundan sonra müəssisə dövlət qeydiyyatına alınmalıdır. Şərtlərdən biri də beləydi ki, həmin qurumlarda çalışanların 90 faizindən çoxu azərbaycanlılar olmalıdır.

Nərgiz Nəsrullayeva deyir ki, bu bəndin qanuna əlavə edilməsi ölkədə biznes mühitinə, investisiya cəlbinə mənfi təsir göstərə bilərdi. Buna görə də ötən ay prezidentə müraciət ediblər və iki gün öncə müsbət cavab alıblar:

«Bununla bağlı mövqeyimizi Prezident Administrasiyasına çatdırdıq. Və biz çox şadıq ki, mövqeyimizi nəzərə alıblar. Prezident bu qanuna qol çəkməyib, Milli Məclisə işlənməyə göndərib».

AVROPA KOMİSSİYASI DA NARAZIDIR

Yeri gəlmişkən, narazı təkcə Amerika-Azərbaycan Ticarət Palatası yox, həm də Avropa Komissiyasıdır.
Vahid Əhmədov
Qurumun nümayəndəsi Alan Vaddams radiomuza müsahibəsində deyib ki, bu təklif Ümumdünya Ticarət Təşkilatının qaydalarına ziddir və investisiyaların qarşısını alacaq. Cənab Vaddams əlavə edir ki, hökumət investisiyalardan qorxmamalıdır.

«AZƏRBAYCANA ONSUZ DA İNVESTİSİYA GƏLƏCƏK»

Təşəbbüs müəlliflərinin - parlamentin İqtisadi-siyasət komitəsinin üzvlərinin isə deyəsən, hələ ki, sənədin geri qaytarılmasından xəbərləri yoxdur. Deputat Əli Məsimli deyir ki, sənədin aqibətindən yalnız Milli Məclis tətildən qayıdandan sonra xəbər tutacaqlar. Qərar da birgə müzakirədən sonra veriləcək. Hələliksə Əli Məsimli əvvəlki fikrində qalır ki, xarici şirkətlərdə Azərbaycan vətəndaşları da təmsil olunmalıdır, bu, həm də milli kadrların yetişdirilməsi baxımından faydalıdır.

Komitənin başqa üzvü Vahid Əhmədov isə deyir ki, belə bir dəyişiklik zamanın tələbidir:

«Bir vaxt vardı, Azərbaycana sərmayə qoymaq istəyən yox idi. Ona görə də Azərbaycan hökuməti sərmayədarları ölkəyə cəlb etmək üçün bu addımı atdı. Amma artıq Azərbaycan özü investisiya qoyan ölkədir. Bir də, istəsən də, istəməsən də Azərbaycana investisiya gələcək. Azərbaycanda sabit şərait var, təbii ehtiyatı çoxdur. Ölkəyə maraq da həddən artıq çoxdur».

Vahid Əhmədov bunu da deyir ki, xarici şirkətlərdə müavinin Azərbaycan vətəndaşı olması və üstəlik də namizədin icra qurumu ilə razılaşdırılması vacibdir:

Azər Mehtiyev
«Dövlət bilməlidir ki, həmin adam kimdir, bu adam ölkənin iqtisadi-siyasi maraqlarını qoruyur».

«QAYDALARI KƏSKİNLƏŞDİRMƏK OLMAZ»

İqtisadçı Azər Mehtiyevsə Vahid Əhmədovla razılaşmır. O hesab edir ki, qanuna bu cür dəyişikliklər ədalətsiz olardı. Çünki xarici şirkətin təsisçisinə özünə müavin seçməklə bağlı diktə etmək olmaz:

«Xarici investisiyalarla bağlı bu cür qəti şərtin qoyulması yolverilməzdir. Kapital sahibi əmlakının idarəedilməsini özü arzu etdiyi şəxsə etibar edə bilər. O ki qaldı, müəssisədə işləyənlərin Azərbaycan vətəndaşı olmasına, burda norma qoyula bilər, amma tələb bu qədər kəskinləşdirilməməlidir».

YENİ QANUN HAZIRLANIR

Azər Mehtiyev bunu da deyir ki, təkcə «Sahibkarlıq fəaliyyəti haqqında» qanun yox, bu sahədəki qanunvericilik toplusu özü iş adamlarına ciddi maneələr yaradır.

Parlamentin İqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görəsə, artıq İqtisadi İnkişaf Nazirliyi həm sahibkarlıq fəaliyyəti, həm də investisiya haqqında qanun layihələri üzərində işləyir.
XS
SM
MD
LG