Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Apteklərdə adi qrip dərmanları yoxa çıxıb


«Maska çıxış yolu deyil»
«Maska çıxış yolu deyil»
- Salam, sizdə «İnterferon» var?

- Yox.

- «Orbidol» var?

- Yox.

- «Oksalin» mazı, maska…

- Yoxdur. Qripə aid heç nə yoxdur. İstədikləriniz indi defisitdir.

Bu «yox» cavablarını Bakının mərkəzində yerləşən apteklərin birində bizə söylədilər. Dedilər ki, istədiyimiz preparatlar, qoruyucu maska 5 gündür qurtarıb.

«20-30 DƏNƏ ÖZÜMƏ SAXLADIM»

Başqa bir aptekdə isə müdir qoruyucu maskaları satışdan özü yığışdırıb, çünki satış mərkəzlərində maskanın qurtardığını bilib. Aptekin müdiri İradə xanım deyir ki, qalan maskanı özü üçün saxlayıb. Çünki o, həm də aptekdə satıcılıq eləyir, müştərilərlə təmasda olur, ona görə də özünüqoruma instinkti işə düşüb:

- Biz risk qruplarına aidik. Ona görə də 20-30 dənə özümə saxladım. Hər 3 saatdan bir maskanı dəyişmək lazımdır.

Maska hələ qurtarmamış qiyməti 10 qəpikdən 30 qəpiyə qalxıbmış. İradə xanım deyir ki, 50 qəpiklik «Oksalin» mazını isə dərman satış mərkəzlərinin birində ona 4 manata təklif ediblər deyə götürməyib.

Elə bu aptekdə də qripə aid dərmanlar yoxa çıxıb. Səbəbini İradə xanım da bilmir:

- Depodan istəyirik, deyirlər ki, yoxdur. Nə vaxt olacaq, bilmirik.

Bakıdakı iri dərman satış mərkəzlərindən də bizə bildirdilər ki, qripə aid dərmanlar qurtarıb. Səbəbini onlar da bilmirlər:

- Yəqin ki, kim gətirirdi bu dərmanı, o da artıq gətirmir.

«SƏHİYYƏ NAZİRLİYİ TƏDBİR GÖRƏCƏK»

Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov isə deyir ki, onlar yaranmış problemdən xəbərdardırlar:

Şair Qurbanov
- Qoruyucu maskalar özəl xətlə gətirilir. Səhiyyə Nazirliyi onlarla iş aparır, vəziyyət qısa müddətdə düzələcək. Nazirliyin innovasiya mərkəzləri də var, indiyə kimi belə problem olmamışdı, yəqin həll olunacaq bir-iki günə.

HÖKUMƏT «DONUZ QRİPİ»NƏ DƏ PUL AYIRACAQMI?

Azərbaycanda «quş qripi» tapılanda, həm hökumət, həm də Dünya Bankı bu virusla mübarizəyə milyonlarla dollar vəsait ayırdı. O vaxt da ölkənin Baytarlıq Xidməti bildirirdi ki, bu vəsaitə laboratoriyalar qurulub, nəqliyyat vasitələri alınıb.

Bəs indi Səhiyyə Nazirliyi hökumətdən «donuz qripi» ilə mübarizəyə vəsait istəyəcəkmi?

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən deyirlər ki, hələlik, ölkədə 8 xəstə var, buna görə də ajiotaj yaratmağına dəyməz. Buna görə də hökumətdən vəsait istənilməsi barədə ortalıqda müzakirə də yoxdur. Vaksinlər isə Ümumdünya Səhiyyə Təşkilatının xəttilə gətiriləcək və müəyyən olunmuş qruplar arasında pulsuz vurulacaq.

Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyir ki, əslində, indi apteklərdə tapılmayan «İnterferon», «Orbidol», «Oksalin» mazı adi qriplər üçündür, onun «donuz qripi»nə heç bir köməyi yoxdur. O, yeganə qoruyucu maskanın effektiv üsul sayıldığını söylədi.

«MASKA ÇIXIŞ YOLU DEYİL»

Amma tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, əslində, qoruyucu maska da virusa yoluxmanın qarşısını ala bilmir:

- Bu virus hava-damcı yoluyla yayılır, deməli, paltara da, ələ də hopa bilər. Buna görə də evdə, ofisdə üst paltarda gəzmək olmaz. Yaxşı olar ki, adamlar gigiyenik qaydalara əməl etsinlər. Bir də məktəblərin dezinfeksiya olunması kifayət deyil. Lazımdır ki, kompleks tədbirlər aparılsın. Ağciyərində problem olan adamlardan, yaşı 65-dən yuxarı xəstələrdən, 15 yaşa qədər olan uşaqlardan ehtiyatlı olmaq lazımdır. Çünki onlarda immunitet zəif olur.

Professor məsləhət görür ki, risk qrupuna aid olan adamlar vitamin terapiyasından keçsinlər.

Fikrini öyrəndiyimiz sakinlərsə deyirlər ki, əgər adi qripə aid dərmanlar indidən yoxa çıxırsa və ya qiyməti kəllə-çarxa qalxırsa, hökumət «donuz qripi» ilə necə mübarizə aparacaq?
XS
SM
MD
LG