Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:28

«Orduya vətəndaş cəmiyyətinin nəzarəti olsaydı, bir belə hərbçinin qətlindən danışılmazdı»


Daxili qoşun əsgərləri, 29 aprel 2006

«Oğlum komandirinin əlindən özü özünü güllələyib. Komandiri hər gün ikiqat qaravula basırmış, «naryad» verirmiş. Uşaq dözə bilməyib, məcbur qalıb haradansa anasına zəng edib deyib ki, ya komandiri öldürəcəyəm ya da özümü. Sonra komandiri vura bilmir, özünü vurur, gəlir düşür hospitala».

Bu ordudakı vəziyyətdən AzadlıqRadiosuna gileylənən Göygöl rayon sakini Surxay Rəsulovun dedikləri idi. Onunla 2009-cu ildə Mərkəzi Hərbi Hospitalın qarşısında söhbətləşmişdik.

Deyirdi ki, oğlu Ruslan Rəsulov N saylı hərbi hissədə 11 ay xidmət edəndən sonra komandirinin işgəncələrinə dözməyib intihara cəhd edib.

«ELƏ DANIŞIRSINIZ ADAM QORXUYA DÜŞÜR»

Həmin ərəfədə ordudan eşidilən işgəncə, intihara cəhd, yaxud kütləvi zəhərlənmə halları ilə bağlı parlamentdə bəzi deputatlar izahat istəyəndə spiker Oqtay Əsədov məsələnin şişirdildiyini bildirdi:

«Elə danışırsınız adam qorxuya düşür. Orduda ciddi heç nə yoxdur. Gül kimi ordumuz var, inkişaf edir».

İndi isə artıq Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü deputat Pənah Hüseynin təbirincə desək, kütləvi qətldən söhbət gedir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verən hadisədə rəsmi məlumata görə, 6 nəfər ölüb, 2 nəfər yaralanıb. Qeyri-rəsmi mənbələr isə yaralananların daha çox olduğunu bildirir.

«ÇOX QARANLIQ MƏQAMLAR VAR»

Deputat Pənah Hüseyn deyir ki, bu faciəvi haldır və çox ciddi şəkildə araşdırılmalıdır. Əvvəla, bu cür məsələlərin nədən törəndiyi aşkar olunmalı və ciddi araşdırmalar aparılmalıdır:

Pənah Hüseyn
«Bu cür məsələlərin nədən törəndiyi əvvəla aşkar olunmalıdır. Ayrıca haldır, yoxsa ümumi ordu ilə bağlıdır. Əgər günahkarlar varsa, cəzalandırılmalıdır. Çünki müxtəlif məlumatlar daxil olur. Əvvəl intihardan danışıldı, sonra dedilər onlar qaçarkən vurulub. Çox qaranlıq məqamlar var».

Pənah Hüseyn əlavə edir ki, Müsavat deputat qrupu ən azı məsələ qaldıracaq ki, baş verən hadisə ilə bağlı Təhlükəsizlik və müdafiə komitəsinə lazımi arayış verilsin.

«Ordunun Dostları» İctimai Birliyinin rəhbəri Emin Həsənli deyir ki, əslində, belə hadisələr dünyanın bütün ordularında – Rusiya Silahlı Qüvvələrindən tutmuş Avropanın, NATO–nun ayrı-ayrı dövlətlərinin ordularına qədər hər yerdə baş verir:

«Heç kim də istəməz ki, belə olsun. Xüsusən də ordu rəhbərliyi. Amma təəssüflər olsun ki, bəzi şərhlərdə bu məsələyə sərt, qərəzli yanaşılır. Cənab Həsənli hesab edir ki, orduda cəzasızlıq mühitinin hökm sürməsi, hərbi qulluqçulara ancaq mükafatların verilməsi barədə deyilənlər ədalətsiz yanaşmadır. Bütün faktlarla bağlı cinayət işləri açılır, araşdırma aparılır, cinayətkarlar cəzasını alır. Məhkəmə hökmlərinə baxmaqla bu cür hadisə törədənlərə ömürlük həbs cəzası verildiyini, hadisələrə uyğun olaraq zabitlərin rütbələrinin, vəzifələrinin kiçildiyini görmək olar. Orduya da ordu rəhbərliyi, hərbi məhkəmə, hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları tərəfindən kifayət qədər nəzarət var».

Emin Həsənli deyir ki, nə qədər qarşısı alınmağa çalışılsa da, insan olan yerdə həmişə dava-dalaş olub. Ordu isə həm də silah olan yerdir. Ona görə də orada baş verən narazılıqlar bəzən daha təəssüfləndirici olur.

Onun sözlərinə görə, son illər orduda uğurlu islahatlar aparılır. Orduya ictimaiyyətin nəzarəti var. Millət vəkilləri, QHT təmsilçiləri, media nümayəndələri tez-tez orduya baş çəkir. Ona görə də orduda xeyli inkişaf var.
Arif Yunus
Ötən il Müşfiqabad qəsəbəsi yaxınlığında yerləşən hərbi hissədə əsgərlərin kütləvi zəhərlənmə halı baş verəndə bəzi deputatlar orduya ictimai nəzarətin olmadığını deyirdilər.

«ORDUMUZDA VƏZİYYƏT O QƏDƏR DƏ YAXŞI DEYİL»

Baş verən son hadisədən təəccüblənmədiyini bildirən konfliktoloq Arif Yunus isə hesab edir ki, əgər Emin Həsənlinin dediyi kimi orduya vətəndaş cəmiyyəti nümayəndələrinin nəzarəti olsaydı, bəlkə də indi bir belə hərbçinin qətlindən danışılmazdı. Belə komissiyalar həqiqi demokratiyası olan ölkələrdə yaradılır. Arif Yunusa görə, hətta sovet ordusundan qalan «Dedovşina» məsələsinin bu gün Azərbaycan Ordusunda mövcudluğunun səbəbi də Müdafiə Nazirliyinin müxtəlif qrupların nümayəndələrindən formalaşdırılan komissiyanın yaranmasında maraqlı olmamasıdır:

«Müdafiə Nazirliyinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, media və cəmiyyətin nümayəndələrindən ibarət xüsusi komissiya yaradılmalıdır. Hərtərəfli araşdırmalar aparılmalıdır ki, niyə son vaxtlar bu cür hadisələr haqda biz tez-tez məlumatlar alırıq. Yəni, ordumuzda vəziyyət o qədər də yaxşı deyil».

Arif Yunus deyir ki, belə bir komissiyanın olmaması hakimiyyətin bu hadisənin üstünü ört-basdır etməsi ehtimalını xeyli artırır.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG