Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:28

Əndicandan okeanın o tayına…


İsmayıl və anası
İsmayıl və anası
Roziya Kadırova 5 il əvvəl şərqi Özbəkistan şəhəri olan Əndicandan hökumətin hərbi birləşmələrinin dinc nümayişçilərə qəddarlıqla divan tutmasından sonra qaçıb. Az sonra oğlu İsmayıl dünyaya gəlib. Ana və oğul həmin hadisələrin stresindən əziyyət çəkirlər, amma indi ABŞ-ın qərbində, başqa özbək qaçqınlarının da yaşadığı yerdə yeni ev düzəldiblər.

İsmayılın 5 yaşı var. Ancaq o hələ danışa bilmir. 5 il əvvəl o anasının bətnində ikən anası və yüzlərlə başqa etirazçı hökumət qüvvələrinin atəşi altında Əndicandan qaçıblar. Roziya Kadırova:

«O nə ingiliscə, nə də özbəkcə danışır. Həkim deyir ki, bu, mənim mayın 13-də yaşadığım qorxunun və şokun nəticəsidir».

Roziya Kadırova öldürülməkdən qorxduğu üçün yüzlərlə başqa qaçqınla kilometrlərlə yolu piyada qət edərək qonşu Qırğızıstan sərhəddini keçib:

12 SAAT QAÇMAQ HƏDSİZ DƏRƏCƏDƏ AĞIR İDİ

«Əndicandan düz Qırğızıstan sərhəddinə leysan yağış altında 12 saat qaçmaq hədsiz dərəcədə ağır idi. Çox dəhşətliydi. Mən yorulanda kiçik qardaşım kömək edirdi».

İsmayıl 4 ay sonra Rumıniyadakı qaçqın şəhərciyində doğulub. Onun atası Abdunasir Əndicanda baş verən ölüm hadisələrinə görə həbs olunub. Dövlət rəsmiləri İsmayılın babası Akrom Yuldaşevin isə Əndicandakı iğtişaşlara həbsxanadan başcılıq etdiyini bildirirlər.

İndi İsmayıl ABŞ-ın Aydaho ştatında yaşayır və Boyse şəhərindəki məktəbdə oxuyur.

Boyse şəhərində 40-dan artıq Əndican qaçqını məskunlaşıb. İsmayıl onların ən balacasıdır.

Ən yaşlısı Nəcməddin Otanınsa 70 yaşı var. Deyir ki, o İsmayılı öz nəvəsi kimi istəyir.

İsmayılı Əndicandan okean və minlərlə kilometr məsafə ayırır. O heç vaxt qohumlarını görməyib, Skype-la əlaqə saxlamağı saymasaq. Anası Roziya Kadırova ümid edir ki, vaxt gələcək İsmayıl da qohumları ilə danışa biləcək.
XS
SM
MD
LG