Qırğızıstanın müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva ölkənin etnik münaqişə ocağına çevrilmiş cənub bölgəsinə səfər edib.
Otunbayeva bölgədəki dağıntıları görmək üçün Oş üzərindən uçub.
Oşda jurnalistlərə açıqlamasında o, bölgənin yenidən qurulacağını və qaçqınların öz yurdlarına qayıdacağını söz verib:
«Biz qaçqınların evlərinə qayıtması üçün əlimizdən gələni edəcəyik. Fikrimcə, bütün dünya bizə bu işdə kömək edəcək, çünki xoş məramımızın olduğuna inanır – bizim özbək və qırğız xalqlarının sülh və əminamanlıq şəraitində yaşamasını arzuladığımızı bilir».
ÖZBƏKİSTAN 75 MİN ÖZBƏK QAÇQIN QƏBUL EDİB
İndiyəcən yayılan məlumatlara görə, etnik toqquşmalarda 190 nəfər ölüb, 2000-ə yaxın adam yaralanıb.
Otunbayeva isə deyib ki, real rəqəmlər bundan 10 dəfə artıq ola bilər.
BMT-nin hesablamalarına görə, etnik konflikt 400 000 adamın Oş və Cəlalabad vilayətlərindəki evlərini tərk etməsinə səbəb olub.
Qonşu Özbəkistan 75 min özbək qaçqın qəbul edib. Onlar hücumlardan xilas olmaq üçün Özbəkistana pənah gətiriblər.
Qaçqınlar Özbəkistanın Qırğızıstanla həmsərhəd Əndican vilayətində çadırlarda yerləşdirilib.
Amerika Dövlət katibinin mərkəzi və cənubi Asiya məsələləri üzrə köməkçisi Robert Bleyk iyunun 18-də Əndicandakı çadır şəhərciyini ziyarət edib.
O deyib ki, Qırğızıstanın cənubunda baş vermiş etnik toqquşmaların müstəqil istintaqı aparılmalı, özbək qaçqınların dedikləri də dinlənməlidir.
Bleyk Qırğızıstandakı müvəqqəti hökuməti zorakılığı durdurmağa, qaçqın axınını dayandırmağa çağırıb.
SOYĞUNÇULUQ HALLARI DAVAM ETMƏKDƏDİR
Toqquşmaların ən gərgin dövrü arxada qalıb, amma orda-burda hücumlar və soyğunçuluq halları davam etməkdədir.
Azadlıq Radiosunun Oşdakı müxbiri Janarbek Akayev deyir ki, iyunun 18-də səhər yerli sakinlərin böyük bir qrupu şəhər mərkəzinə toplaşıb. Onlar bölgədəki vəziyyətdən narazılıqlarını bildiriblər:
«Müvəqqəti hökumətin rəhbəri Otunbayeva vilayət icra hakimiyyətinin binasına gəlib. Binanın qarşısında 200 nəfər toplaşıb. Onlar Otunbayevanı gözləyirlər, amma o, bayıra çıxıb həmin adamlarla görüşməyib. Onların bir sıra tələbləri var. Onlar müvəqqəti hökumətin Oşdakı vəzifələrə təyin etdiyi adamlardan narazıdırlar, hüquq-mühafizə orqanlarından da narazılıq edirlər. Məsələn, bir qadın hələ də oğlunun özbəklər tərəfindən girov saxlandığını deyir».
İyunun 11-də alovlanan konflikt nəticəsində Oşda bir çox binalar, o cümlədən mədəni, biznes mərkəzləri, dükanlar, restoranlar dağıdılıb, yandırılıb. Xeyli şəxsi ev də yandırılıb.
Münaqişə qurbanları arasında qırğızlar da var, amma qurbanların çoxu özbəklərdir.
AzadlıqRadiosunun başqa bir müxbiri Brüs Panier xəbər verir ki, Oşda barışıq əlamətləri də müşahidə olunur. Cümə namazına toplaşanlar qarşısında çıxış edən Oş imamı Əl Buxari məscidə gələn özbək və qırğızlara müraciət edib.
İmam deyib ki, həm qırğız, həm də özbəklər müsəlmandırlar və buna görə qardaşdırlar, heç kəs provokasiyaya uymamalıdır.