Nizami Cəfərov
«Polisin döymək səlahiyyəti var. Polis əlində dəyənək gəzdirir». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında YAP-çı millət vəkili Nizami Cəfərov deyib.
YAŞAR ƏLİYEV VƏZİFƏSİNDƏN SUİ-İSTİFADƏ EDİB, TƏPİK ATIR
AXCP-nin Sabirabad rayon təşkilatının sədr müavini Tofiq Zeynallı iyunun 19-u «Azadlıq» blokunun şəhərin mərkəzində keçirmək istədiyi aksiyadan sonra saxlanılaraq 8-ci Polis Bölməsinə aparıldığını, həmin bölmədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tərəfindən döyüldüyünü deyib:
«Yaşar Əliyev telefonla başıma vurdu, sonra uzaqlaşdı».
Tofiq Zeynallı deyib ki, bütün bu prosesləri gözü ilə görən şahidləri var:
«Bütün yerli məhkəmələrə müraciət edəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyəm».
POLiS MƏNİM HÜQUQUMU POZUB
AXC-nin Ali Məclisinin sədr müavini Gözəl Bayramlı isə deyib ki, budəfəki aksiyada 82 nəfər həbs olunub. Onlardan bir neçəsi buraxılsa da, hələ də saxlanılanlar və buraxılanların bir neçəsi polis zorakılığına və hətta işgəncəyə məruz qalıb:
«Polis mənim hüququmu pozub, mənə zorakılıq göstərib. Aksiya keçirmək mənim qanuni hüququmdur, onlar hansı qanunu pozduğumuzu deyə bilər?».
ADP-nin Gənclər Təşkilatından Cəmil Hacıyev isə bildirib ki, Yaşar Əliyev saxlanılan gəncləri yumruqlayırdı:
Cəmil Hacıyev
«Yaşar Əliyev cansız uşaqların başını yumruqlayırdı. Hamıya bir yumruq, bir təpik vururdu».Cəmil Hacıyev deyib ki, Rövşən Nəsirlini bölmədə polislər elə döymüşdülər ki, gözləri görünmürdü:
«Onu əli qandallı, sürüyə-sürüyə saxlama təcridxanasına apardılar».
Hüquq müdafiəçisi Sahib Məmmədov isə deyib ki, bütün bu deyilənlər qanun pozuntusundan xəbər verir:
«Hakim özünə hörmət edən hakim olsaydı, o saxlanılanların əlibağlı aparılmasına razı olmazdı».
Hüquq müdafiəçisi deyib ki, polis belə aksiyalarda lüzumsuz olaraq qeyri-adekvat hallardan, dəyənəkdən istifadə edir.
ONUNLA QEYRİ-İNSANİ RƏFTAR EDİBLƏR
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Rövşən Nəsirlinin döyülməsi faktını təsdiqləyib:
«Rövşən Nəsirlinin üzündə və bədənində işgəncənin əlamətləri var. Onunla qeyri-insani rəftar ediblər».
Elçin Behbudov deyir ki, faktla bağlı artıq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasova müraciət edib:
Elçin Behbudov
«Oradan mənə dedilər ki, guya Rövşən Nəsirli polisə müqavimət göstərib, üstünə tüpürüb. Amma Rövşən belə oğlana oxşamır».BU MƏSƏLƏDƏN ATƏT-İN XƏBƏRİ VAR
Elçin Behbudov deyib ki, məsələni sona qədər araşdıracaq:
«Beynəlxalq qurumlara müraciət edəcəyəm. Artıq bu məsələdən ATƏT-in xəbəri var».
Yeni Azərbaycan Partiyasından olan deputat Nizami Cəfərov isə deyib ki, kimliyindən asılı olmayaraq, qanundan kənar olan bütün addımlar cəzalandırılacaq:
«Polisin döymək səlahiyyəti var. Polis əlində dəyənək gəzdirir. Polis qeyri- qanuni hərəkətin cavabını verməsə, onda o polis deyil».
«Vətəndaş müqavimət göstərirsə, polisin ona güc tətbiq etməyə ixtiyarı var» deyən deputat Yaşar Əliyevin bölmədə insanları döyməsi fikrinə şübhə ilə yanaşıb:
«İnanmıram ki, Yaşar Əliyev belə iş görə. Əgər döyübsə, düz etməyib».
/Hazırladı Kamran Mahmudov/
MƏSƏLƏYƏ MÜNASİBƏTİNİ BURADA BİLDİR