Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:38

«Aqrolizinq»in vəzifəlilərinə cinayət işi açıldı


“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əli Bayramov və keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasov
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əli Bayramov və keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasov

.


«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətininin vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb.

Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Hesablama Palatasının «Aqrolizinq»dəki yoxlaması Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Hesablama Palatası «Aqrolizinq»dəki yoxlamalar zamanı cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini aşkarlayıb. İddiaya görə, «Aqrolizinq» rəhbərliyi 2011-2013-cü illərdə dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etməkdə, bir sıra maliyyə pozuntularına yol verməkdə şübhəli bilinirlər.

Baş prokurorluq bildirir ki, Hesablama Palatasının araşdırması əsasında vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə cinayət işi başlanıb.

Bu ittihamlar sübut olunsa, təqsirli şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

«Aqrolizinq» ASC-nin sədri Əli Bayramov bu yaxınlarda öz ərizəsi ilə işdən çıxıb.

«Aqrolizinq» ASC-in İdarə Heyətinin sədr müavini Aydın Əzizov mətbuata bildirib ki, Əli Bayramovun səhhətində problem var və o hazırda İstanbulda yerləşən xəstəxanaların birində müalicə olunur.



Bu cəmiyyətdə ciddi qanun pozuntuları, büdcə pullarının mənimsənməsi barədə hələ 2010-cu ildə AzadlıqRadiosunun araşdırması olmuşdu. Həmin araşdırma ilə aşağıda tanış ol.


*******

Azərbaycan prezidenti Nazirlər Kabinetinin toplantısındakı çıxışlarının birində deyir: “Aqrolizinq”in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi”

Amma preizdentin bu toplantıda istinad etdiyi rəqəmlər gələcək zaman formasında təqdim olunur.

“Azərbaycan tarixində ilk dəfə olaraq biz özümüzü taxılla təmin edəcəyik”. Və ya “Bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal oluncaq”.

Nə qədər qəribə olsa da, “Aqrolizinq”in fəaliyyətini araşdıran Dövlət Nəzarət şöbəsi prezidentin optimizmini bölüşmür.

“Məhsuldarlığın artırılması üçün texnika və aqrokimyəvi maddələrin alınmasına dövlətin milyon manatlarla pulu xərclənib. Amma nəticə nədir: 2004-cü ilə baxanda 2009-cu ildə taxıl üzrə məhsuldarlıq cəmi 0.1 sentner artıb. Hətta 2008-ci illə müqayisədə 2009-cu ildə bu sahədə məhsuldarlıq 4.7 faiz azalıb” – deyə Nəzarət Şöbəsinin hazırladığı hesabatda bildirlirlr.

Bu geniş hesabatda sadalanan faktlar elə təsəvvür yaradır ki, kolxoz quruluşu yenidən Azərbaycana qayıdıb.

TEXNİKANI 5 GÖSTƏRİB 3 ALIB, ONUN DA İKİSİNİ TANIŞ-BİLİŞƏ VERİBLƏR


Məsələn, 2010-cu ilin martında hazırlanmış arayışda deyilir: “Alınmış texnikanın yalnız 38.9 faizi lizinqə verilib. 46.5 faizi istifadə üçün aqroservislərə paylanıb. 13.6 faizi (1293) bazalarda istifadəsiz qalıb.

Cəmiyyət alınmış texnikanı lizinqə vermək əvəzinə Aqroservis ("Aqrolizinq"in rayonlarda yaratdığı strukturlar – red.) müdirlərinə, onlar da cəmiyyətin yaratdığı mexanikləşdirilmiş dəstələrin rəhbərlərinin istifadəsinə vermiş, həmin şəxslər texnikanı öz təsərrüfatlarında istifadə edib, istifadə haqqının bir hissəsini ödəməyiblər.

33 RAYONDA 250 KOMBAYNI 3 GÜNƏ TƏMİR EDİBLƏR?

Nəzarət şöbəsi yazır: “2008-ci il avqustun 26-da “Xəzər Sənaye Quraşdırma” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən kombaynların təmirinə 52 274 manat pul köçürülüb. Sənədlərdən belə məlum olur ki, həmin müəssisə 33 rayonda 250 kombaynı cəmi üç günə təmir edib. Bu hal və təmirə dair aktların telefon məlumatları əsasında Cəmiyyətdə tərtib edilməsi onların doğruluğuna şübhələr yaradır.

SƏN SAYDIĞINI SAY, GÖR GÖMRÜK NƏ SAYIR

Cəmiyyət 2005-2009-cu illərdə Azərbaycana 100.1 milyon manat dəyərində 8085 ədəd texnika gətirdiyini bildirir. Qanuna əsasən ölkəyə gətirilən mallar Gömrükdən keçməlidir. Lakin Gömrük Komitəsi həmin dövrdə ölkəyə 84.9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi məlumat verir.

Yəni, Cəmiyyət rəsmi élan etdiyindən 15.2 milyon manatlıq 1996 ədəd az texnika gətirib.

“Aqrolizinq” ümumilikdə son beş ildə ölkəyə 207.6 milyon manatlıq mal gətirdiyini bildirir.

Amma gömrük Komitəsindən həmin dövrdə keçirdiyi malların dəyəri 174.5 milyon manat olub. Beləliklə, ortada 33.1 milyon manat fərq yaranır.

ANBARLARDA GÜBRƏ QALDIĞI HALDA, “ƏLAVƏ TƏLƏBAT” NECƏ YARANIR?

2005-2009-cu illərdə 254.8 min ton gübrə, 294.3 min litr pestisidin alınması haqqında müqavilələrə 72.7 milyon manat xərclənib. Amma faktiki olaraq ölkəyə 5.3 min ton az gübrə gətirilib.

2008-ci ildə alınmış gübrənin böyük hissəsi satılmadığı halda, birinci müqavilədən təxminən iki aydan sonra “gübrəyə təcili tələbat yaraması” əsas gətirilib. Bu əsasla da tonu 550 manata (əvvəlki müqavilədən 123 manat baha) 18 162 ton gübrə alınmasına haqqında eyni şirkətlə birbaşa müqavilə bağlanıb, şirkətin hesabına 10 milyon manat köçürülüb.

Beləliklə də, dövlətin kəndliyə güzəştlə gübrə verilməsi üçün ayırdığı puldan kəndli deyil, gübrəsatan xarici şirkət qazanc götürüb.

QIZIL QİYMƏTİNƏ ALINAN İNƏKLƏRDƏN 259-U YOXDUR


2008-ci ildə 1000 baş cins inək alınmasına dair Böyük Britaniyanin “Rista Alliance” şirkəti ilə 3 milyon manatlıq müqavilə imzalanıb.

Amma ölkəyə 770 baş inək gəlib çıxıb.

(Bu yaxınlarda bir qrup mütəxəssis Azərbaycan gətirilən həmin inəklərin də tələf olması barədə prezidentə məktub göndərmişdilər – red.)

VİRİCİNİYA ADALARINDAKI VASİTƏÇİ ŞİRKƏTLƏRLƏ ÇOXMİLYONLUQ TENDERSİZ MÜQAVİLƏLƏR İMZALANIB

Cəmiyyət son beş ildə 127.7 milyon manat məbləğində 91 tendersiz müqavilə imzayaıb. Satınalmalar üzrə 140 milyon manat məbləğində 66 müqaviləni isə birbaşa texnika, avadanlıq, damazlıq mal-qara, gübrə, toxum istehsalçıları ilə yox, Marşal, Virciniya adaları, Panama, Beliz, Yeni Zelandiya, Dominikan və başqa ölkələrdə qeydiyyatda olan vasitəçi firmalarla bağlayıb. Təkcə Virciniya adalarında qeydiyyatda olan “Aqroinvest Sl” şirkətindən 61.7 milyon manatlıq gübrə alınması üçün 7 müqavilə imzalanıb”.

“AQROLİZİNQ”İN RƏHBƏRİ DÖVLƏT NƏZARƏTİNİN YAZDIQLARINI İLK DƏFƏ AZADLİQRADİOSUNDAN EŞİDİR

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əli Bayramova müraciət edirik:

- Dövlət Nəzarət Şöbəsi “Aqrolizinqlə” bağlı yoxlama aparıb?

- Prezident Administrasiyasında Dövlət Nəzarəti Şöbəsi cənab prezidentin verdiyi fərman və sərəncamların dövlət strukturlarında icra vəziyyətini yoxlayır. Bununla əlaqədar, bəli, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində də onlar bu ilin əvvəlində yoxlama keçiriblər. Bizdə ciddi pozuntu aşkar edilməyib. Hər şey normaldır.

- Yoxlamanın yekunları ilə bağlı protokol, arayış verildimi?

- Yox, əgər, ciddi bir siqnal, nöqsan olsaydı, yəqin ki, bizim tabe olduğumuz Kənd Təsərrüfatı Nazirliyinə göndəriləcəkdi. Oradan da tədbirlər görüləcəkdi. Yəni, bizim təşkilatda bu yoxlama ilə bağlı töhmət alan, işdən qovulan olmayıb.

Əli Bayramov təsdiq edir ki, həqiqətən də bu arayışda deyildiyi kimi 2008-2009-cu illərdə qurumun Qusar və Ağcabədi rayonlarının filiallarında 123 000 manat dövlət əmlakını mənimsəmə haqqında məlumat ortaya çıxıb.

Ə.Bayramovun sözlərinə görə, bu qanunsuzluqla bağlı onun özü prokurorluğa müraciət edib, Cəmiyyətin Qusar rayon filialının müdiri buna görə doqquz il azadlıqdan məhrum edilib.

Ağcabədi rayon filialının müdiri isə mənimsədiyi pulu dövlətə qaytardığından ona şərti cəza verilib. Amma Cəmiyyətin idarə heyətinin sədri arayışda qeyd edilən digər qanun pozuntuları haqqında birinci dəfə eşitdiyini söylədi.

KÜTLƏVİ YEYİNTI, YOXSA ANCAQ BƏRDƏ?

Mətbuatda “Aqrolizinq”in Bərdə filialının rəhbərinin də 7 il azadlıqdan məhrum olunması haqda xəbər yayıldı. Onun 160 min manat dövlət vəsaitinin mənimsədiyi qeyd olunurdu.

Dövlət Nəzarət Şöbəsinin arayışında isə “Aqrolizinqin” Saatlı, Tərtər, Kürdəmir, İmişli, Biləsuvar və başqa rayonlarındakı filiallarında 4.3 milyon manatdan çox büdcə vəsaitinin mənimsənildiyi deyilir, bu faktlarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsində istintaq aparıldığı bildirilir.

Əli Bayramov isə bizimlə söhbətdə deyir ki, yoxlamalar artıq bir il əvvəl başa çatıb və onun işçilərindən heç biri günhakar bilinməyib.

ARAYIŞ VERİLİR PREZİDENT ADMİNİSTRASİYASINA… BƏS, SONRA?

Bunlar dövlət Nəzarət Şöbəsinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2005-2009-cu illər fəaliyyəti haqqında yoxlaması barədə arayışında qeyd etdikləridir. Şöbə prezidentə göndərdiyi bu sənədin sonunda həm də qeyd edir: “müəyyən olunmuş qanun pozuntuları Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyətinin sənədli təftişinə və ciddi araşdırmaların aparılmasına əsas verdiyindən sənədlər Baş Prokuroluğa göndərilə bilər”.

Bu arayışın Prezident Administrasiyasından hara göndərilməsi haqqında bir məlumat ala bilməmişik. Hər halda, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rəhbərinin dediyindən belə çıxır ki, bu sənədi heç tanışlıq üçün də onlara verməyiblər.

Baş Prokurorluqda da sənədin oralara gedib çıxıb-çıxmadığını öyrənmək mümkün olmadı. Prokurorluqdan bildirdilər hazırda onların başları peşə bayramları ilə bağlı tədbirlərə qarışıb, bayramı yola verəndən sonra, baş açılan kimi bizim sorğumuza cavab verəcəklər.

XS
SM
MD
LG