Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:18

«Astara keçid məntəqəsində məhsullar yoxlanmır»


İrandan gətirilən mənşəyi məlum olmayan mallar satılır
Lənkəran rayon mərkəzi bazarın önündə İlhamə adlı qadınla rastlaşdıq. Əlində tutduğu torbanı göstərib dedi ki, bazarlıq edib. Pomidor, xiyar, lobya alıb:

«Bunlar ucuz olduğu üçün almışam. Hamısı yerli məhsullardır. Keyfiyyəti pis deyil».

İlhamə Avropada yayılan bağırsaq infeksiyasından xəbəri olmadığını söylədi.

Söhbət etdiyimiz adamlardan yalnız bir nəfərin bu xəstəlikdən xəbərdar olduğunu dedi. Bazara gələnlər ən çox kənd təsərrüfatı məhsulları alırlar. Xiyarın 3 kilosu 1 manata, pomidorun 3 kilosu 2 manata satılır. Lobyanın kilosu 70 qəpik, badımcanın bir kilosu isə 1 manat 20 qəpiyədir. Bazarda Türkiyədən və İrandan gətirilən badımcan da satırlar. Yerli badımcan bir qədər bahadır.

MƏHSULLARIN KEYFİYYƏTİNƏ HEÇ KİM NƏZARƏT ETMİR

Kənd təsərrüfatı məhsullarının satışı ilə əsasən qadınlar məşğuldur. Bazarda gilas, çiyələk və digər yerli məhsullar da az deyil. İrandan, Türkiyədən və digər ölkələrdən gətirilən müxtəlif növ almaları yeşiyə töküb yolun üstündəcə satırlar. Bu məhsulların keyfiyyətinə heç kim nəzarət etmir. Bazarda yalnız baytarlıq xidməti var. Onlar əti yoxlayırlar.

Astara rayonunun mərkəzi bazarı da eyni vəziyyətdədir. Fərq ondadır ki, burada satılan kənd təsərrüfatı məhsullarının çoxu - xiyar, pomidor istisna olmaqla - İrandan gətirilir. Çünki bu məhsullar daxili bazarda ucuzdur. Burda da kənd təsərrüfatı məhsullarına nəzarət yoxdur. Deyirlər ki, yerli kənd təsərrüfatı məhsullarından ehtiyat etməyə dəyməz.

«KARANTİN FORMAL XARAKTER DAŞIYIR»

Astara sərhəd keçid məntəqəsinin önündə onlarla satış mərkəzləri var. Bu mərkəzlər İrandan gətirilən mənşəyi məlum olmayan mallar satırlar.

Hacı Fayıq Cəfərov
İrandan qayıdan, adının çəkilməsini istəməyən bir Astara sakinin dediyinə görə, keçid məntəqəsində olan karantin işçilərinə yalnız xidmət haqqı ödəyib. Onun İrandan gətirdiyi məhsulu yoxlamayıblar.

Keçid məntəqəsinin önündə ticarət obyekti olan Hacı Fayıq Cəfərov da deyir ki, İrandan gətirilən sənədsiz ərzaq məhsulları heç vaxt yoxlanmır. Onun fikrincə də, keçid məntəqəsində olan karantin formal xarakter daşıyır:

«Onlar ancaq öz pullarını alırlar. Avropa ölkələrini dolaşan bağırsaq infeksiyasından xəbərim var. Düzdür, İranda bu xəstəlik yoxdur. Astara keçid məntəqəsindən təkcə İrandan məhsullar gətirilmir, Avropa ölkələrindən də yüklər gəlir».

«NARAHATLIĞA ƏSAS YOXDUR»

Astara rayon Gigiyena və Epidemiologiya Stansiyasının müdiri Füzuli Mirzəyev isə deyir ki, narahatçılığa əsas yoxdur. Onlar gücləndirilmiş iş rejiminə keçiblər:

«İrandan gətirilən ərzaq və kənd təsərrüfatı məhsullarından xəbərimiz var. Yerli bazarlara qonşu rayonlardan da kənd təsərrüfatı məhsulları gətirilir. Hələ ki, narahatlığa səbəb ola biləcək faktla rastlaşmamışıq».

Astara Gömrük İdarəsindən suallarımıza cavab verəcəklərini bildirsələr də, sonra bundan imtina etdilər.
XS
SM
MD
LG