Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:49

İrandan gəlib Azərbaycanda ev alırlar...


Astara keçid məntəqəsi
Astara keçid məntəqəsi
Həmişəki kimi Astara keçid məntəqəsinin önündə qələbəlikdir. Keçid məntəqəsinin qapısına qədər gedən yolun sağ və sol tərəfində müxtəlif markalı minik maşınları durub. Bu maşınlar İrandan çıxan müsafirləri və geriyə qayıdan Azərbaycan vətəndaşlarını respublikanın müxtəlif yaşayış məntəqələrinə çatdırırlar. Səhər saatlarında İrana gedən azərbaycanlılar çoxluq təşkil edirlər.

İRANDAN AZƏRBAYCANA NECƏ GƏLİRLƏR?

Keçid məntəqəsinin çıxış qapısından isə viza ilə gələn İran vətəndaşları gözə dəyir. Onların bir çoxları ilə söhbət etmək istəsək də, müsbət cavab ala bilmədik. Adətən Azərbaycan tərəfinə keçən iranlılar jurnalistlərlə danışmaqdan çəkinirlər. Vizası olan İran vətəndaşları bütün həftə boyu keçiddən istifadə etsələr də, onların sadələşdirilmiş qaydada Azərbaycana gələn həmvətənləri barədə bunu demək olmaz. Sərhədyanı ərazilərdə yaşayan İran vətəndaşları həftənin 3 gününü, hər gün 300 nəfər olmaqla sadələşdirilmiş qaydada Azərbaycana gəlirlər. Onların çoxu Azərbaycan gömrüyündə qeydiyyata düşəndən sonra yükü götürüb dərhal da geriyə qayıdır.

İRANDAN AZƏRBAYCANA HƏR GÜN YÜZLƏRLƏ YÜK MAŞINI KEÇİR...

Keçid məntəqəsinin nəqliyyat yolunda vəziyyət bir qədər fərqlidir. Burda bizə dedilər ki, İran vətəndaşları şəxsi minik maşınları ilə gələrkən rüsum ödəməli olurlar. Ona görə də onlar minik maşınından az istifadə edirlər. Gündə Azərbaycana İrana məxsus 5-6 minik maşını keçir. Onlar adətən iş adamları olurlar. Lakin Azərbaycana keçən yük maşınları çoxdur. Elə gün olur ki, yük maşınlarının sayı 100-ü ötür. Yük maşınlarından birinin sürücüsü suallarımıza cavab verməyə
Elə gün olur ki, yük maşınlarının sayı 100-ü ötür
Elə gün olur ki, yük maşınlarının sayı 100-ü ötür
razılaşdı:

- İranda indi vəziyyət necədir?

- Əla, bizdə vəziyyət əladır.

- Deyirlər bir çox insanlarda narahatlıq var?

- Yox, baba, İranda belə söhbət yoxdur.

- Bahalaşma ilə bağlı nə deyirlər?

- İranda bahalaşma yoxdur ki.

- Dollar bahalaşır. Belə şey varmı?

- Dünyadadır da... Bizim prezident əla prezidentdir.

Söhbətimizə qulaq asan yerli sakinlərdən biri bildirdi ki, İrandan gələn sürücülər təlimatlandırılmış adamlardır. Onlardan bundan artıq cavab eşitmək mümkün deyil.

İRANDA DOLLAR BAHALAŞIR, ANCAQ UCUZLUQDUR...

Sərhədyanı ticarətlə məşğul olan iş adamı Fayıq Cəfərzadənin fikrincə, İrana qoyulan embarqo hələ ciddi şəkildə özünü göstərməyib. Bu, yalnız dolların qalxması ilə özünü büruzə verir. İş adamının dediyinə görə, İranda ərzaq məhsullarının qiyməti isə düşməkdə davam edir:

Fayıq Cəfərzadə
Fayıq Cəfərzadə
«Astaranın ticarətini iflic halına salan İrandır. Astara zonasında ticarət yoxdur. Adamlar gedir orda tərəvəzindən tutmuş ta gündəlik tələbat mallarına qədər alır. Orda tamam ucuzdur. Burda yerli toyuğun 1 kiloqramı 3 manat 20 qəpikdirsə, orda 1 manat 50 qəpikdir. Gedir ordan ucuz alır, öz güzəranını yaxşılaşdırır. Adi göyərtini də İrandan gətirirlər. Gömrükdə hansı mallar ki, bizdə istehsal olunur, onun gətirilməsinin qarşısını almırlar. Kişmişdir, xurmadır, bizdə istehsal olunmayan məhsullardır, onun qarşısını alırlar».

Fayıq Cəfərzadə deyir ki, belə getsə, embarqoya məruz qalan İran qapısı açıq olan Azərbaycan bazarını tamamilə ələ keçirəcək. O, qeyd edir ki, İranda ABŞ dolları və Azərbaycan manatı yüksəlməkdə davam edir:

İRANDA AZƏRBAYCAN MANATI NƏDƏN BAHALAŞIR?

«Ona görə bahalaşır ki, embarqo qoyulub, orda dolardan istifadəyə qadağa qoyulub. Azərbaycan manatının qalxmasının səbəbi isə odur ki, insanların İrana axınını gücləndirmək istəyirlər. İranla ticarət heç vaxtı çətin olmayıb, İran nə istəyirsən buraxır. İran tüməninin aşağı düşməsində haradasa siyasət var».

Adının çəkilməsini istəməyən bir iş adamının dediyinə görə, İranda dövlət səviyyəsində bütün ölkə boyu ABŞ dollarını toplayırlar. Bu baxımdan da dollar qıtlığı yaranıb.

Asən Həşimli
Asən Həşimli
İRANLILARIN AZƏRBAYCANDAKI EVLƏRİ...

Astara şəhər ziyalısı Asən Həşimli isə deyir ki, imkanı olan İran vətəndaşları artıq özləri üçün Azərbaycanda ev alıblar. O hesab edir ki, buna İran azərbaycanlıları daha çox maraq göstərirlər. Asən Həşimli bununla belə qeyd edir ki, İran vətəndaşları heç də Azərbaycanda daimi yaşmaqda maraqlı deyillər:

«İranlılarla edilən söhbətdən məlum olur ki, onlar Azərbaycanda rüşvətxorluq, korrupsiya hallarını bizdən də gözəl bilirlər. Onların bu halı görüb Azərbaycanda daimi məskunlaşması inandırıcı görünmür. Onlar sadəcə, Azərbaycandan hansısa Avropa ölkələrinə getmək üçün tranzit ölkə kimi istifadə edə bilərlər».

İqtisadçı Vidadi Mirzəyev isə hesab edir ki, İranın siyasi sistemindən fərqli olaraq, onun iqtisadiyyatı nisbətən azad bazara söykənir. Bununla belə, o qeyd edir ki, İranda dövlət bazardakı qiyməti tənzimləmək üçün müəyyən təsir imkanlarını öz əlində saxlayır. Bu səbəbdən orada dövlət mağazaları da fəaliyyət göstərir. Həmin mağazalarda az da olsa, əhaliyə ucuz qiymətə məhsullar satılır.
XS
SM
MD
LG