Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:28

Gürcüstanlı sürücünün Bakıda yol polisi ilə macəraları


Soin Seidiyev
Soin Seidiyev
-

ŞİRİNLİK VER ÇIX GET?

Bakı Apellyasiya Məhkəsində hakim Əmir Bayramovun sədirliyi ilə Gürcüstan vətəndaşı Soin Seidiyevin məhkəmə prosesi gedir. Soin Seydiyev 2004-cü ildə Nərimanov rayon ərazisində yol polisilərinə müqavimət göstərməkdə günahkar bilinib.

Hadisə baş verəndə onun maşınında olan iki nəfər sərnişin şahid qismində ifadə verməli olduğundan məhkəmə növbəti dəfə təxirə salındı. Sərnişinlərin kimliklərinin müəyyənləşdirilməsi isə Nərimanov rayon Polis İdarəsinə həvalə olunsa da hələlik onlardan xəbər yoxdur. Soin Seidiyev isə polislərin onu saxladığı günü xatırlayır:

“Polis mənə dedi ki, qaydanı pozmusan. Mən də tələb etdim ki, hansı qaydanı? O da dedi ki, pozmusan da. Şirinlik ver çıx get. Mən də dedim ki, vermirəm. O da protakol yazmağa başladı. Və protakoda hansı qaydanı pozmduğumu qeyd etmədən protakolu mənə uzatdı ki, imzala. Mən də protakolu götürüb arxa hissəsinə polislərin məndən pul istədiyini yazmağa başladım. Bu vaxt polislər protakolu dartıb cıraraq mənim əlimdən aldılar”.

ƏGƏR MƏN 3 POLİSİ DÖYÜRƏMSƏ, ONLAR NECƏ POLİSDİR?

Bundan sonra Soin Seidiyev Nərimanov rayon Prokurorluğuna aparılıb. Prokurorluqda o, 3 nəfər yol polisi əməkdaşlarına zor tətbiq etməkdə, protakolu cırmaqda, polislərdən birinin paqonunu qopartmaqda, polisə yumuruqla xəsarət yetirməkdə təqsirləndirilib.

2004-cü ildə barəsində Nizami rayon məhkəməsinin qərarı ilə bir il 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə hökmü çıxarılıb:

“Mən 3 nəfər polis döyəni oxşayıram? 60 kiloqram çəkim var. Ümumiyyətlə əgər mən 3 polisi döymüşəmsə onlar necə polisdilər? Onda belə çıxır ki, Azərbaycanda polis yoxdur”.

AVROPA MƏHKƏMƏSİNİN QƏRARI

Soin Seidiyev Nizami rayon məhkəməsinin qərarından Apellyasiya və Ali məhkəməyə şikayət edib. Hər iki məhkəmə birinci instansiya məhkəsinin qərarı qüvvədə saxlayıb.

O, 2005-ci ilin sonlarında cəzasını başa vurub Tiblisiyə qayıtdıqda Avropa Məhkəməsinə üz tutub. 5 ildən sonra - 2010-cu ildə Avropa Məhkəməsi onun xeyrinə qərar çıxarıb.

Avropa Məhkəməsi hadisə baş verən vaxt maşında olan iki nəfər sərnişinin şahid qismində dindirilmədiyini və işə əlavə olunmuş protakolda Soin Seidiyevin yazısının yarımçıq qalmasının protakolun məhz polislər tərəfindən cırılması ehtimalını göstərdiyini və digər qeydlər edərək işin düzgün araşdırılmadığını göstərib. Avropa Məhkəməsinin qərarından iki il keçsə də hələ də nəticə yoxdur. Soin Seidiyev deyir ki, buna səbəb 8 il bundan əvvəl onun maşında olan iki sərinişin axtarılmasıdır. O, deyir ki, 8 il bundan əvvəl məhkəmədən sərnişinlərin dindirilməsini xahiş edib. Amma:

“Polislər dedilər ki, mən Soin onları döyəndə, yəni polisləri sərnişinlər də qorxub qaçıblar. Əgər o vaxt onları tapa bilmirdilərsə indi 8 ildən sonra necə tapacaqlar? Mən aylarla, illərlə ailəmdən ayrı Bakıda qaldım. 30 dəfədən çox Gürcüstandan Bakıya məhkəməyə gəlib-getmişəm. Bu nə qədər maddi və mənəvi ziyandır.

Tam 8 ildir ki, mən mübarizə aparıram. Ali Məhkəmədə Plenium iclası Eynulla Fətullayevin plenium iclası ilə eyni gündə idi. Əvvəl onun iclası oldu sonradan mənim. Amma hələ də Avropa Məhkəməsinin qərarı icra olunmur”.

Soin Seidiyev əlavə edir ki, polisə aparıldığı vaxt onun maşınında həmin sərnişinlərin yükü olub. Polislər ona həmin yüklərin sərnişinlərin evinə boşaldıldığını bildiriblər. Belə olan halda o, həmin sərnişinlərin o vaxt bilərəkdən məhkəməyə cəlb edilmədiklərini hesab edir.

Soin Seidiyevin növbəti məhkəmə prosesi fevralın 1-nə təyin olundu. O, çətin də olsa ümid edir ki, 8 il bundan əvvəl tapılmayan sərnişinlər, indi tapılaraq məhkəmədə ifadə verəcəklər. Onun istədiyi rəsmi qayda barəsində çıxarılmış hökmün ləğv edilməsi və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsidir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, bu iş üzrə artıq konkret məhkəmə hökmləri də olduğu üçün bu məsələyə hər hansı şərh verə bilməz.

Azərbaycan yol polisində rüşvətin kökünü birdəfəlik kəsməyin yolları yanvarın 26-da AzadlıqRadiosunda debatda geniş müzakirə ediləcək. Bir təklifin varsa, buyur, göndər, polemikaya sən də qatıl.

XS
SM
MD
LG