-
"Anna Karenina"nın həmin bölümünü oxuyan Dostoyevski Tolstoyun qəhrəmanı Levini "yıxıb-sürüyür"...
Tolstoy isə müharibə isterikasından kənarda qalmaq istəyir...
James Warner
(ixtisarla)
HUMANİTAR MƏQSƏDLİ HƏRBİ MÜDAXİLƏ MƏSƏLƏSİNDƏ DOSTOYEVSKİ TOLSTOYA QARŞI
1875-ci ilin yayında Hersoqovinanın pravoslav xristianları Osmanlı İmperiyasına üsyan etdilər. 1876-cı ildə isə Serbiya və Monteneqronun slavyan knyazlıqları Türkiyəyə müharibə elan etdilər, Bolqarıstanda üsyan başlandı. Bu hərəkatlara çar Rusiyasından da dəstək gəldi. Ruslar slavyan üsyançılara pul, dava-dərman yığıb göndərir, rus könüllüləri slavyanların tərəfində döyüşmək üçün Balkana yollanırdı.
QƏZETLƏR-QURBAĞALAR
O dövrün rus qəzetlərində Balkan slavyanlarının mübarizəsini qəhrəmanlıq kimi təqdim edən böyük məqalələr çap edilirdi. Bunu Lev Tolstoyun "Anna Karenina" romanında Koznışevlə Şerbatski arasındakı dialoq da təsdiq edir: "Ziyalı təbəqəsinin əvvəllər bir-biri ilə düşmənçilik edən ən müxtəlif dairələri indi bir araya gələrək vahid cəbhədə birləşib. Nifaq aradan qalxıb, bütün ictimai qurumlar eyni sözü deyir, hamı fövqəladə bir qüvvənin təsiri altındadır və bu qüvvə onların hamısını eyni istiqamətdə aparır".
"Bəli, qəzetlərin hamısı eyni şeyi yazır, - knyaz dedi. - Bu, düzdür. Özü də tufandan qabaq qurultusundan qulaq tutulan qurbağalar kimi. Onların səsindən bir şey eşitmək də mümkün deyil".
1876-cı ilin yayından 1877-ci ilin yazına qədər ölkədə qızğın debatlar gedirdi ki, Rusiya Balkandakı münaqişəyə müdaxilə etməlidirmi? Fyodor Dostoyevski humanitar və vətənpərvər prinsiplərə söykənərək Rusiyanın Balkana hərbi müdaxiləsini vacib sayırdı. Lev Tolstoy isə Rusiyanın həmin müharibəyə cəlb olunmasını anlamsız hesab edirdi. Dostoyevskinin mövqeyi o zaman cəmiyyətdə hökmran olan ictimai rəylə səsləşirdi. Onun həmin dövrdə hissə-hissə nəşr edilən "Yazıçının gündəliyi" mənə ABŞ-da 2002-03-cü illərin "hərbi bloqları"nı xatırladır...
İSTANBULU İŞĞAL ETMƏK FANTAZİYALARI
Dostoyevski "gündəliy"ində slavyan üsyançıların halına acıyır, onlara qarşı cəza əməliyyatlarını pisləyir, humanist mövqedən çıxış edərək zorakılıqlara son qoyulmasına çağırırdı.
Amma elə oradaca o, slavyanlara qarşı zorakılıqların təsvirindən sonra nifrətini xarici diplomatlara, "müharibənin iqtisadi cəhətdən ölkəyə vura biləcəyi zərbə haqda çərənləyənlər"ə yönəldir.
Pafosla bəyan edir ki, serblər rusların vəziyyətə müdaxiləsini alqışlayacaqlar, bunu etməyən serblər isə yəqin ki yalnız özünü xalqından təcrid edərək yaşayanlar olacaq. Dostoyevskinin mövqeyi birtərəflidir, o sanki görmür ki, dəhşətli əməlləri münaqişə tərəflərinin hər ikisi törədir.
Dostoyevski türklərə simpatiyası olan ruslara qarşı qəzəblidir. O tam əmindir ki, ruslar vəziyyətə müdaxilə etsələr, qələbə qazanacaqlar və düşünür ki, tarix onun fikirlərinə haqq qazandıracaq.
O hətta məsləhətlər də verir ki, Osmanlı qoşunlarının darmadağın edilməsindən sonra hansı addımlar atılmalıdır. O, bəzən hətta xaç yürüşçülərinin arqumentlərinə bənzər əsaslar gətirir, yəni Xristianlıq və İslam arasında həlledici döyüş haqda...
İngiltərə müxalifətinin lideri William Gladstone "türklərin törətdiyi vəhşiliklərdən dəhşətə gəlmişdi". O hesab edirdi ki, Britaniya türkləri Balkandan qovmağa kömək etməlidir, amma Britaniyanın baş naziri Benjamin Disraeli fərqli düşünür və Rusiya ilə münasibətlərdə Türkiyə və Britaniyanın müttəfiq olduqlarını əsas gətirərək neytral qalırdı. Disraeli-nin yəhudi olması Dostoyevskiyə əsas vermişdi ki, müxtəlif sui-qəsd nəzəriyyələri də irəli sürsün.
ÇAŞ-BAŞ QALMIŞ TOLSTOY...
Tolstoy isə o zaman "Anna Karenina"nı bitirməkdə idi. Vronski Annanın intiharından sonra öz pulu ilə başına dəstə toplayıb Balkana yola düşür. O zaman «Русский вестник» jurnalı çox populyar olan həmin romanı hissə-hissə çap edirdi. Amma süjet xətti Balkan məsələsinə çatanda jurnal romanın həmin hissəsini çap etməkdən imtina edir.
8-ci hissənin çap edilməyəcəyi ilə bağlı jurnalda belə bir qeyd var:
""Anna Karenina"nın bundan əvvəlki sayımızda çap edilmiş hissəsinin altında "ardı var" qeyd edilmişdi. Amma romanın qəhrəmanı olan qadının ölümü ilə əlaqədar, əslində, əsər sona çatmışdır. Müəllif əsərə bir neçə səhifəlik epiloq yazmağı planlaşdırır, oradan bizə məlum olur ki, böyük sarsıntı keçirmiş və hüzn içində olan Vronski könüllü kimi Serbiyaya döyüşməyə gedir. Başqa qəhrəmanların hamısı sağ-salamatdır. Yalnız Levin kənddəki malikanəsində təkliyə çəkilərək əvvəlkitək könüllülər və slavyanofillərə nifrət bəsləyir. Ola bilər ki, müəllif əsərin həmin hissəsinin ayrıca nəşrində bununla bağlı əsərə bir neçə fəsil əlavə etsin".
«Вестник» oxucuya hiss etdirir ki, əslində Tolstoyun öz düşüncələrinin ifadəçisi olan Levin obrazı o qədər də sağlam deyil... Problem isə yəqin onda idi ki, çar 2-ci
Aleksandrın hərbi müdaxilə ilə bağlı tərəddüd içində olduğu bir vaxtda «Вестник» başqa media orqanları ilə birlikdə aktiv kampaniya apararaq hökuməti Balkana qoşun göndərməyə sövq etmək istəyirdi.
Romanın 8-ci hissəsində Levin əslində slavyanofillərə nifrət bəsləməkdən daha çox çaş-baş qalıb. Koznışev kimi adamlarla söhbətlərdə o nəinki konfrontasiyaya getmir, heç söhbətin də çox uzanmasını istəmir.
Onun mövqeyi əslində Tolstoyun mövqeyi ilə üst-üstə düşür. Levinə çatmır ki, niyə ölkədə bu qədər adam, barəsində çox az şey bildiyi ölkəyə müdaxilə üçün belə pafoslu bəyanatlar verir. Liviyaya müdaxilə bağlı çağırışlar eşidəndə belə fikirlər mənim özümdə də yaranır...
Tolstoy müharibə isterikasından kənarda qalmaq istəyir və yəqin ki bu, onun ömrünün son dövrlərində qatı müharibə əleyhdarına çevrilməsində böyük rol oynamışdı.
Tolstoy romanın 8-ci hissəsini ayrıca nəşr etdirir - öz puluna. Həmin hissəni oxuyan Dostoyevski "Yazıçının gündəliyi"ndə Levini "yıxıb-sürüyür".
O təzad yaradır: bir tərəfdə atasının dərisi gözünün önündə soyulan qızın dəhşətli vəziyyəti, digər tərəfdə öz nəhəng malikanəsində rahat kresloda əyləşib filosofluq edən Levin.
Dostoyevski sual edir: belə vəhşiliklər törədildiyi bir vaxtda biz necə seyrçi mövqe tuta bilərik?
SÜQUTUN BAŞLANĞICI?
Bu mübahisələrin ortasında Rusiya rəsmən Türkiyəyə müharibə elan edir. Müharibə təxminən 1 il çəkir. Nəticədə kazaklar sistemli şəkildə müsəlman və yəhudilərə hücum edir və 1879-cu ilə qədər Bosniya-Hersoqovinanın müsəlman əhalisinin üçdə biri ya öldürülür, ya da qaçıb canını qurtarır.
Britaniyalılar isə münaqişəyə qoşulmur. Yalnız rus ordusu İstanbula yaxınlaşanda oraya hərbi donanma göndərir. Sonda Rusiya və Türkiyə arasında saziş bağlanır. Rusiyanın qoyduğu şərtlərin çoxu yerinə yetirilir. Serbiya müstəqillik qazanır, Bosniya-Hersoqovinaya özünüidarəetmə statusu verilir, xristianlarla bağlı məhdudiyyətlərin çoxu ləğv edilir. Amma Avropa ölkələri birləşib müqaviləyə yenidən baxılmasını tələb edirlər və Berlin Konqresində rusların hərbi qələbəsinin nəticələri ləğv edilir. Berlin Konqresi Avstriya-Macarıstana Bosniya-Hersoqovinanı işğal etməyə imkan yaradır. Britaniya isə gözlənilmədən Kipri ələ keçirir. Bir sözlə Rusiya-Türkiyə müharibəsindən sonra Balkan yenə də narahat bölgə kimi qalır.
Sonradan həmin müharibə ilə bağlı fikirlərini başqa bir rus yazıçısı Aleksandr Soljenitsın da ifadə edəcəkdi. Tarixə aid "Rus məsələsi" əsərində Soljenitsın yazır ki, Rusiya ilə Türkiyə arasında ümumilikdə 8 müharibə olub: dördü 18-ci, dördü isə 19-cu əsrdə: "Bizim bütün hökmdarlarımızı iki bədbəxt ideya daim rahatsız edib. Bu, həm də onları birləşdirən cəhət olub: həmin ideyalardan biri Zaqafqaziya xristianlarına kömək etmək, onları xilas etmək ideyası olub, digəri isə Balkandakı pravoslavlara kömək etmək, onları xilas etmək ideyası. Əlbəttə, bu mənəvi prinsiplərin aliliyini etiraf etmək lazımdır, amma bunlar öz dövlətinin maraqlarının tamamilə arxa plana keçməsi, öz xalqının (onlar da xristiandır) ehtiyaclarının unudulması bahasına başa gəlməməlidir axı".
Soljenitsın 1877-ci ilin müharibəsini məxsusi olaraq tənqid edir: "Belə "qələbə" elə məğlubiyyətə bərabərdir. Kaş ki, həmin müharibə, ümumiyyətlə, başlanmamaydı. Çünki bu, Rusiyanın həm hərbi, həm də iqtisadi qüdrəti sarsıtdı, cəmiyyətin ovqatı pozuldu - bu, inqilab və terror dalğasının yayılması üçün bir təkan oldu".
may, 2011
"Open Democracy", Britaniya