Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:45

"Stoqbreqin ölümü" (Seyfəddin Hüseynlinin tərcüməsində)


-

«Sarsaqlar, - Alxas bağırdı, - düşmən arvadınızı, bacılarınızı zorlayır, qardaşlarınızı öldürür, sizinsə, bir heyvana ürəyiniz yanır! Bu baş-qulaqla axırına çıxmaq istəyirsiniz gürcülərin?!»


Abxaz yazıçının müharibə haqda hekayəsi. Müəllifin icazəsi ilə çap edilir.


Daur Naçkebia


STOQBREQİN ÖLÜMÜ

(Seyfəddin Hüseynli rus dilindən tərcümə edib)


Alxas səhər-səhər gətirdiyi öküzü «S toqo bereqa» - «Otaylı» adlandırdı: batalyondakı bir çoxbilmiş tezcə bu ləqəbi skandinav ladına keçirdi: Stoqbreq. Alxas, adətən, eynəkli çoxbilmişlərə yuxarıdan-aşağı baxardı, ancaq bu ad onun xoşuna gəlmişdi: «Stoqbreqdi, olsun Stoqbreq».

Öküzə bu adı məzə xatirinə seçdi, bilirdi ki, onsuz da dediyinə inanan olmayacaq.

Ancaq öküzün hansı taydan – çayın bizim müdafiə mövqeyi tutduğumuz Eşer sahilindən, yoxsa gürcülərin əlindəki Açadar yaxasından – olması kimsənin vecinə deyildi.

Təzə adı onu guya uzaq şimaldan olan bir yadelliyə çevirmişdi: buna görə də, öküzün mənşəyi hər nə qədər bizi maraqlandırmasa da, elə bil, bu cəhət onun bizim tərəflərdən - Eşer yaxasından ola biləcəyinin yükünü üstümüzdən götürmüşdü.

Alxas qaravəlli danışırdı: Bir də baxıram, yekə bir öküz çayı keçir. Əvvəl elə bildim, tankdı; amma çox səssiz hərəkət elədiyindən, ağlıma gəldi ki, ola bilsin, ruslar gürcülərə nəsə yeni, özü də qoşalülə bir silah ötürüblər; sonra görürəm, öküzmüş; o tayda heç heyvanın da günü gün deyil...

Alxas öküzü çubuqla irəli qovur, o isə sakitcə qabağa düşüb gedirdi. Heysiz-həvəssiz, çarəsiz yeriyirdi – bütün işlək əkin öküzləri kimi.

Alxasın çubuğu havada yellətməsinə bənddi öküz: gözünün ucuyla gördümü, istər-istəməz yerişini yeyinlədirdi. Elə yeriyirdi ki, Alxasın onun belini odlamasına ehtiyac qalmırdı.

Əkin-biçin işinə, köhnə yiyəsinin xasiyyətinə alışmış öküzü bu təzə gedişat bir az karıxdırmışdı. Bu nə işdisə, indiki yiyəsi hövsələdən çıxmışdı, ancaq ya yorğunluq, ya da kəndli yaddaşı Alxası sərt, kəskin hərəkətlər etməyə qoymurdu.

Onu məktəbin qabağındakı ağaca bağladılar. Nəhəng ağacdı, budaqları göyə çatırdı, ancaq öküz də, ətrafdakıları heyrətə, az qala lap qorxuya salan eni-boyuyla ondan geri qalmırdı.

Məktəbdə biz olurduq – bizim batalyon; geyimimiz də, rəftarımız da, silahlarımız da başqa-başqaydı. Müharibə cəmisi bir ay əvvəl başlamışdı, hələ sir-sifətimizi sürtüb-yonmamışdı.

Aramızda ən qəribəsi, əlbəttə ki, Alxasdı. Əyin-başı bu biçimdəydi: hündür, dizinə qədər qalxan, yumşaq altlıqlı dəri çəkmələri, qara, candərdi hörülmüş iplik papağı, fil sümüyündən patrondaşlı çərkəzi geyməsi vardı. Pulemyotun güllə qatarlarıyla özünü əməlli-başlıca bələmişdi: güllə qatarlarını ilan kimi dolamışdı arıq bədəninə. Bir də, pulemyot – Alxasın qüruru, sonsuz fərəhli qayğılarının mənbəyi; hey tumarlayırdı onu, ana balasını əzizlədiyi kimi.

Hardasa bir boydaydılar – pulemyot da, Alxas da; biz onlara «əkiz qardaşlar» deyirdik.

Öküzün aqibəti haqqında fikirlər üst-üstə düşürdü: kəsib-doğramaq lazımdı. Özü də mümkün qədər tez: birdən yiyəsi ortaya çıxar! Belə görünürdü ki, buralar öküzüydü, bu taydandı: ya abxazındı, ya erməninin.

Alxasın versiyasının yeni təfərrüatları beləydi: yiyəsi – minqrelmiş - o taydan yanıqlı bir səslə öküzü geriyə - öz pəyəsinə döndərməkçün haylayırmış, ancaq heyvanın ardınca suya girməyə ürək eləmirmiş. Guya, öküz onu heç qulağına da almayıb, düz Alxasa sarı gəlib. Alxas bir ad da çəkdi, həmin zavallı minqrel o adla haylayırmış öküzü: Zquri...

«Zquri! Zquri» - çağırdıq, amma öküz bizi də qulağına almadı.

Alxas dedi, Stoqbreq hələ özünə gəlməyib, gərək bir az toxtaya: axı Qumistanı gəmi kimi köpükləndirə-köpükləndirə üzüb keçib, qulaqlarında hələ də o qorxaq yiyəsinin səsi cingildəyir, böyürlərinin qalın, cadarlanmış gönü hələ də o adamın qabarlı əllərinin sığalını hiss edir; öküzün içi-içalatı alışıb yanır, Qumistanın soyuq sularını, cəbhə xəttini dəlitərsinə yarıb keçməsi onun taleyini biryolluq həll eləsə də də, içinə bircə udum sərinlik gətirməyib; bir yandan da, köhnə adından zəhləsi gedir, təzəsinə isə hələ öyrəşməyib.

Alxasın bu sözlərindən sonra biz onu da, Stoqbreqi də bir az başqa gözlə görürdük. Lap belə deyildisə də, hər halda, ürəyimizdən onlara rəğbət oyadan anlaşılmaz bir titrəyiş keçmişdi – bu, dəqiqdi.

Öküz indi əvvəlki kimi yekə, güclü görünmürdü, yorğun, qoca bir öküzdü: vaxtilə çox tarlalar şumlamışdı, həm qızmar günəşin, həm yiyəsinin hay-harayı altında, kotanı arxasınca aramla dartıb, torpaqda uzun qara şırım aça-aça yerimişdi.

Alxas da yumşalmış, az qala muma dönmüşdü gözümüzdə: yırtıcı baxışı, mərmi kimi tökmə bədəni - «qabarlı əllər», «cadarlanmış gön» haqqında o təsirli sözlərindən sonra – həmişəki qədər sərt, sarsılmaz görünmürdü bizə; elə bil, pulemyot da kiçilmişdi, gözə girmirdi.

Ancaq bizi bürüyən bu qəfil həlimliyin ömrü çox qısa oldu. «Hə, nə mısmırığınızı sallamısınız?!» - Alxasın qəfil hayqırtısı bizi bir anda özümüzə qaytardı.

Məlum oldu: Alxas bizi dolayırmış! Elə bildik, indicə hönkürəcək, bizdəki bu yumşalma onu cırnadıb ağladacaq. «Sarsaqlar, - Alxas bağırdı, - düşmən arvadınızı, bacılarınızı zorlayır, qardaşlarınızı öldürür, sizinsə, bir heyvana ürəyiniz yanır! Bu baş-qulaqla axırına çıxmaq istəyirsiniz gürcülərin?!»

Qolları çırmamaq vaxtıydı. Kimsə təklif elədi ki, öküzün təpəsinə bir güllə çaxaq, ölsün, ancaq əksəriyyət işi qayda üzrə, dədə-baba üsuluyla görməyin tərəfdarıydı: yerdə, özü də bıçaqla.

Alxasın böyründən sallanan gümüşü qındakı xəncərdən söz salmaq yadımdan çıxıb, axı: pulemyot lentlərinin yanında, tənha da olsa, məğrur, əzəmətli görünüşü vardı onun.

Deməli, Alxas xəncərini çıxardıb öküzə yaxınlaşdı, öküz isə…

Kəsəsi, neçəmiz girişib öküzü yerə yıxmağa çalışdıqsa da, bir şey çıxmadı. Ölümünü gözünün altına alan o cantaraq ət tayası, əlimizin altında ola-ola, yerə-göyə sığmırdı. Nəhəng bir gəmini dor ağacından yapışıb saxlamaq istəyən gicbəsərin gününə düşmüşdük.

Ölümqabağı zehni açılıb itiləşən Stoqbreq ayaqlarını aralı qoyub var gücüylə dirəşmişdi: biz öz qüvvəmizlə onu ancaq yüngülcə yelləyə bilirdik, bu yellənməninsə ondan ötrü bir qorxusu yoxdu, çevikliyi, taqəti yerindəydi.

Onun nəhəng cəmdəyində elə yenilməz güc, elə çılğın həyat eşqi vardı ki, mən bir anlıq duruxub qaldım. Mənə elə gəldi ki, nəsə pis bir iş görürük, günaha batırıq, öküz də öz vəhşi vahiməsiylə, belinin dalğa-dalğa səyriməsiylə bizə bunu çatdırmaq istəyir, biz isə o vurhavurda heç nə anlamırıq.

Ancaq bu fikir tezcə ötüb keçdi, üstələyə bilmədi məni: öküzün isti cəmdəyi, səfeh tərsliyi məndə - ondakından heç də geri qalmayan – inadkarlıq, onun bu abırsız, sırtıq həyat eşqini boğmaq istəyi oyatdı.

Stoqbreq öz dilində nəsə böyürürdü; ondan xalis heyvan iyi gəlirdi – tünd, turş, həyat dolu! O, zülüm-zülüm böyürürdü, istəmədən, zorla böyürürdü, elə bil! Yalnız bütün ümidlərini itirmiş, fəryadını özündən başqa eşidən olmayacağını anlasa da, yenə də əlacsızlıqdan dilə gələn canlılar belə zarıya bilərdi. Onun isti, yumşaq ətini ovcumda hiss elədim, özüm də bilmədən əlimi çəkdim: bu təmas iyrəncdi, yandırıcıydı.

Stoqbreq yerə - ayağımızın altına işədi; köpüklü, tünd iyli sarı maye, toz qaldıra-qaldıra, torpağa yayıldı.

Hoydu-hoydu qopdu: “Haqq olur sizə, fərsizlər! Yerində işəyib-batırdı sizi öküz!”

Kimsə avtomatı ayağa çəkib bərkdən çığırdı ki, kənara duraq, işi onun öhdəsinə buraxaq... Amma biz hələ də bezməmişdik, durub-dincəlmədən, öküzlə tutaşmaqdaydıq.

Axır ki yıxdıq onu. Elə hey çabalayır, qalxmağa can atır, dilini çıxarıb böyürürdü, ancaq nə xeyri vardı: taleyi həll olunmuşdu.

Ovxarlı xəncərin Alxasın əlində parıldamasıyla öküzün boğazında dümağ xəmirçəyin görünməsi, ardınca da qanın poqquldaması bir oldu.

Buğlanan qan bir azdan Stoqbreqin altına axıb gölləndi …

Uşaqlar öküzü tez-tələsik soydular. Ondan ancaq doğranmış təzə ət tayası qaldı; ətlər arabir səyriyir, həyatın anbaan zəifləyən əks-sədasını xatırladırdı.

Stoqbreqin gözləri ağara qalmış başı ağacın dibindəydi...


(Hekayə Cənubi Qafqaz yazıçılarının “Yaşamaq zamanı” almanaxından götürülüb)
XS
SM
MD
LG