-
Stalin çörəklərin içini çıxarıb, yumrucuqlar düzəldərək, marşal arvadının döşlərinin arasına atırmış. Qadın özünü itirib. Hamı görürmüş ki, Stalinin bu hərəkəti Alliluyevanı qıcıqlandırır və təhqir edir. Amma Stalin yumruları atmaqda davam edirmiş...
Vera Tulyakova-Hikmət
NAZİMLƏ SON SÖHBƏTİMİZ
(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)
əvvəli
Hə, səninlə bir dövrümüz də vardı – bir yay biz hər üçüncü gün gündüzlər nahar eləmək üçün memarlıq üzrə akademik Joltovskinin qəribə tikilisinə –“Beqa” restoranına gedirdik. Evimizin yaxınlığında olduğuna görə deyil, Nikolay Robertoviç Erdmana görə.
Bir dəfə yay günü biz evdən qaçdıq – adamlardan, məclislərdən bezmişdik, sakit bir yerdə ikilikdə yemək istəyirdik. Əvvəllər heç vaxt olmadığımız, at yarışları keçirilən meydandakı həmin restorana gəldik – gözlərimizə inanmadıq, restoranda bir nəfər də müştəri yox idi, ofisiantlar bekarçılıqdan əsnəyirdilər.
Yeməyi bizə bir göz qırpımında gətirdilər. Sən heyrətdən özünə gələ bilmirdin: necə yani, Moskvada boş restoran ola bilərmi? Bu – demək olar ki, fantastik vəziyyət idi. Qəfildən hər şey dəyişdi! Restoran elə doldu ki, elə bil iş vaxtı qurtarmış və camaat metroya axışmışdı. Hamı həyəcanlı idi, bərkdən mübahisə eləyirdilər, zalda eyni anda az qala altmış adam birdən danışırdı... Məlum oldu ki, yarış qurtarıb, əksəriyyəti kişilərdən ibarət olan azarkeşlər isə bura yeməyə və yarışları müzakirə eləməyə gəliblər. Sən elə bil teatrda idin – bu qədər çılğın, həvəsli, bayram ovqatl adamların arasında olmaq sənə elə maraqlı gəlirdi ki.
– Heç vaxt düşünməzdim ki, ruslar da gürcülər, ya da türklər kimi qaynar xalqdı!
Qəfildən mən qapıdan girən Erdmanı gördüm. O, başının dəstəsi ilə gəlmişdi. M.M. Yanşinlə idi, ya da deyəsən, Yanşin sonradan gəldi... A.P. Starostin, moskvalı məşhur bir vəkil və bir rəssam da vardı yanında. Mən Erdmana əl elədim və o vaxta qədər bizim ada kimi boş olan masamız restorandakı ən qızğın masa oldu.
Mən onun atlara olan sevgisini hələ “Multfilm”də işlədiyim vaxtlardan bilirdim. "Erdmaşka"nı özünün sevimli müəlliflərindən sayan bütün studiya əhli də bilirdi bunu.
– Sizi Tanrıya and verirəm – həftənin üçüncü günü Nikolay Robertoviçə pul verməyin! – onun qoca xadiməsi zəng eləyib yalvarırdı, – o, pulun hamısını lənətə gəlmiş at yarışlarında uduzur!
Biz axmaqlar isə onu incidirdik, ona yalan deyirdik, onun öz puluna qənaət eləyirdik, onu bu sevincdən məhrum eləyirdik.
Çox təəccüblüdür ki, Erdman səninlə tanış deyildi. Siz hətta Volpinlərin evində də qaşılaşmamışdınız. Amma bir-birinizi qiyabi yaxşı tanıyırdınız. Nazim, Erdman o dəqiqə özünü sənə sevdirdi. Sən nəyi də olmasa, istedadı kilometrlərlə uzaqdan hiss eləyirdin, o isə istedadlı olmaqdan əlavə, alicənab, ağıllı idi, üstəlik həssas, ağrıya bilən ürəyi vardı. Siz bir-birinizə nə qədər maraqlı idiniz!
Aranızda şux zarafalarla, ədəbi lətifələrlə, Moskvadakı gəncliyinizdən yada saldığınız maraqlı xatirələrlə dolu söhbət başladı. Məlum oldu ki, siz yaşıdsınız və ikiniz də cavanlıqda o ki var, köhnə Moskvanın «məhrəm» yerlərində olmusunuz. Sonra sizi dayandırmaq mümkün deyildi: elə hey bir-birinizin sözünü kəsə-kəsə soruşurdunuz: «Filan məsələ yadındadı?», «Bəs, o məsələ?»
Sən az qala qışqırırdın:
– Kafe “Peqas”? Bəs nədi?! Divarlara çəkilənlər yadınızdadı?
– Onu Vikulov eləmişdi də! Teatr rəssamı idi – götürüb divarlara şəkil çəkmişdi! Divara Yeseninin yazdığı yadınızda?
Hamınız xorla təkrarladınız:
- Külək, tüpür yarpaq topalarını,
Mən də sənin kimi başdanxarabam...
– Koleçka, sən öz yazdığını da oxu da, –Yanşin Erdmana kinayə ilə dedi.
– Siz də divara nəsə yazmışdınız? – sən sevincək soruşdun.
– O vaxt cavan idim, bir az də dəliqanlıydım, yəqin elə siz də elə olmusunuz, Nazim. Bütün şairlərin qabağına doqquz qoymaq istəyirdim. Dəhşətli epatajlar eləyirdim. Divara özümün bakirəlik deklarasiyamı fəxrlə yazmışdım:
Mən öz qasığımı
Bədənlərinizin dar yerindən
Bakirə dərinizdən
Heç vaxt çıxarmamışam!
Siz yaşınızı, dünyadakı hər şeyi yaddan çıxarıb, dəli kimi qəhqəhə çəkirdiniz..
– Deməli, siz şairsiniz? Mən Veradan öyrənmişdim ki, siz iyirminci illərdə məşhur pyeslər yazırmışsınız. Özünüz də imajinist olmusunuz. Axı yaddaşım məni yanıltmırsa, “Peqas” imajinistlərin qərargahı idi? Mən Yesenini dəfələrlə orada görmüşəm, bir də kim idi, o Yeseninin çox sevdiyi şair vardı e, həmişə qəşəng geyinən yaraşıqlı cavan oğlan...
– Şerşeneviçi deyirsən? – qoca vəkil dedi.
– Yox, əşi! –Erdman əlini yellədi. – Marienqof! Nazim Marienqofu deyir, düzdümü? Hə də, odu, həm yaraşıqlı, həm qəşəng geyinən, həm istedadlı, həm də Yeseninin sevimlisi.
– Hə, hə, – sən razılıq əlaməti olaraq başını tərpətdin, – mən özümü ona oxşatmağı çox istəyirdim, amma o vaxtlar siz deyən əyin-başım yox idi, amma əlbəttə ki, könlümdən keçirdi...
– Amma Nazim, bəlkə də siz bilmirsiniz, Yeseninin çevrəsinin bütün ümidi, onun davamçısı hesab olunan adam – gənc şair Nikolay Erdman idi! Əlbəttə, Nazim, siz yəqin ki, xatırlamırsınız, –Yanşin deyirdi, – amma Kolyanın şeirləri o vaxt məşhur olan “Qostinitsa” toplusunda çap olunurdu.
Və o ancaq son sətirlərini yadda saxlaya bildiyim şeiri səlistcə oxumağa başladı:
…Yer üzü, yer üzü –
Şən bir mehmanxanadır
buralardan ötüb
Uzaq məmləkətlərə
Gedən yolçular üçün.
– Mişa, lazım deyil, şişirtmə...
– Onda sizin neçə yaşınız vardı – on səkkiz? – sən Erdmandan soruşdun.
– Hə, iyirmi yaşım olardı, bəlkə də daha çox… “Peqas"ı "NEP"* dövrünə yaxın açmışdılar, artıq orada araq verirdilər, halbuki bu, ancaq "NEP" vaxtlarında peyda oldu...
_____
*NEP - Novaya Ekonomiçeskaya Politika (Yeni İqtisadi Siyasət). SSRİ-də 1921-ci ildən - Vətəndaş müharibəsindən sonrakı dövr belə adlandırılırdı. Plan belə idi ki, iqtisadiyyat inkişaf etdirilsin və növbəti mərhələyə - sosializmə keçilsin.
– Yadınızdadı, köndələndə də “Şairlər kafe ”si vardı, Steniç də orada çıxış eləmişdi – yaxşı tərcüməçi idi, hə? O yadınızdadı, Nazim?
– Qardaş, mən familiyaları yadda saxlaya bilmirəm...
– Görmüsünüz onu! Ola bilməz ki, görməyəsiz! Mayakovski ilə dost idi. Nə adamlar vardı, hə, Nazim?!
Sonra yenə Yesenini yada saldınız. Onun gözəl qadınlarını, Aysedora Dunkanı yada saldınız, amma qeybət eləmədiniz, birlikdə keçən gəncliyinizi xatırlayıb sevindiniz...
Bir dəfə də Erdman Yeseninin evinə getməyindən danışdı: “Seryoja masanın üstündə əlləri və dizləri üstə dayanaraq, qafiyələr, şeir eskizləri ilə dolu vərəqələri döşəməyə atırdı. Ondan neylədiyini soruşdum. Dedi ki, poeziya maşını kəşf eləmişəm. Mənə elə gəlir ki, əvvəlcədən hazırlanmış bu sətirlərdən nəsə təptəzə şeir çıxa bilər ya da ən azı yeni obraz üçün cizgilər tapmaq olar...”
– Onu sevməmək mmükün deyil - sən Erdman barədə belə deyirdin.
Onunla, onun pyesləri ilə tanışlıq sənə çox şey verdi. Amma Erdmanın pyesləri iyirminci illərdən bəri çap olunmamışdı. “Mandat”ı biz Zavadskinin arxivindən tapdıq, “İntihar edən adam”i isə heç cür tapa bilmirdik. Axırda sən pyesi Erdmanın özündən istədin, ona da sənin «İnəy»indən danışmışdılar, sonra da səndən «Olum, ya ölüm»ü istədi.
Sənə elə gəlirdi ki, Erdmanın pyesləri indi elə aktualdır ki, rejissorlar bu əsərlərin üstündə dava salmalıdırlar. Sən hamıya onun süjetlərindən danışırdın... Sən Erdmanı «satmaq» istədiyin rejissorların hamısının onu yaxşı tanıdığını, onun əsərlərindən heyranlıqla sitatlar gətirdiyini görəndə necə heyrətə gəldin? Amma onun əsərlərini səhnələşdirmək qadağan idi.
Çərşənbə günlərindən birində “Beqa” restoranında nahar vaxtı siz oxuduqlarınızı bir-birinizə qaytarırdınız: sən Nikolay Robertoviçə – “İntihar edən adam”ı, Erdmansa sənə – “Olum, ya ölüm»ü qaytarırdı.
– Qulaq as, Erdman qardaş, belə çıxır ki, biz səninlə öz pyeslərimizdə eyni şeyi düşünmüşük! Sən insanlara ideya verməyin necə asan olmağı barədə yaman yazmısan!
– Sənsə sonra baş verən hər şey barədə əla yazmısan!
– Amma bilirsən, qardaş, mən sənin seçdiyin ada həsəd aparıram. Necə oldu ki, mən axmağın ağlına «İntihar edən adam» kimi asan ad gəlməyib!
– İlahi, Nazim! Buna görə qanın niyə qaralır? Xoşuna gəlir? Sənin olsun! Sənə bağışlayıram! Ey, ofisiant, ordan içki ver! Onsuz da nə sənin pyesini çap edib, səhnələşdirmirlər, nə də mənim!
Sən onun böyük yazıçı ola biləcəyini deyirdin. Deyirdin ki, onda Çaplinin intonasiyası var. Amma Erdman həddindən artıq kövrək yazıçı çıxdı. Üzdə hər şey yaxşı olsa da – laureat olmuşdu, ssenariləri yazmışdı, operettaların librettolarını yazmışdı – amma əsl ədəbiyyatı o həbsdən sonra yazmağa başladı.
– O sənin dediyin o burnu uzun balıq idi. Onun burnundan vurmuşdular və o küsməməyi bacarmamışdı. Yaradıcı damarı zəifləmişdi, axı bizim hamımızın dözə biləcəyimiz bir hədd var. Bilirsən, Nazim, Erenburq təzəlikcə sənin barəndə bir bölmə yazıb. Sən onun dostluq elədiyi məşhur adamlar barədə yazdığı çoxcildlik «İnsanlar, illər, həyat» kitabına düşmüsən. Mənə elə gəlir ki, o kitabda adı keçən adamlardan ancaq üçü barədə – sən, Pol Elüar və Babel – ürək ağrıs ilə yazıb.
Qışda biz İlya Qriqoryeviçgilə qonaq getmişdik. Bu qonaqlıqdan bir müddət əvvəl biz Erenburqla Politexnik İnstitutunda görüşmüşdük – sənin poeziya gecəndə apırıcı idi. Biz onun Qorki küçəsində yerləşən evinə çatanda, sən dedin:
– O, yeganə adamdır ki, onun qarşısında mən özümü birtəhər hiss eləyirəm. Səbəbini özüm də bilmirəm. O çox məlumatlı adamdır. Söhbət əsnasında yüzlərlə adamın adını çəkir, yüzlərlə tarixi hadisədən danışır – bunların heç biri mənim yadımda deyil. İndi görəcəksən..
Erenburq mənə xoşsifət, ürəyəyatan adam kimi göründü.
Beynimdə sənin sözlərin fırlanırdı:
- O bir az qəzəbli adamdı, fikir verməzsən...
Bütün qərbli qocalar kimi, onun da çəhrayı, şən, amma kinayə ilə deyil, şıltaqlıqla dolu gözləri vardı. O səninlə görüşməyinə ürəkdən şad idi.
Nazim, sən ona mənim «Novosti» Agentliyində müxbir işlədiyimi dedin:
– Vera sizin sayənizdə bir az pul qazanmaq istəyir. İndi onun redaksiyası üçün maraqlı olan mövzularda sizi təxribata çəkəcək. Baxın, xəbərdarlıq eləyirəm.
– A-a... –Erenburq kinayə ilə güldü. – Dünyanın bütün zibil qutularına material göndərən agentlikdə işləyirsiniz? Yox, mənə görə siz APN-dən* bircə qəpik də ala bilməzsiniz. Mən bütün axşamı qəsdən sizin redaksiya üçün maraqlı olmayan mövzularda danışacam.
_________
*Агентстве печати “Новости”
Və o bütün axşamı məni tənqid atəşinə tutaraq, qəsdən hər söhbətdən sonra soruşurdu:
– Hə, necədi? APN üçün yarayarmı?
Bir azdan Erenburqun kefinin kök olduğu məlum oldu – kitabının çapına icazə almışdı.
– Kim icazə verib? – sən soruşdun. – Mən həmişə o qadağan edən, icazə verən adamın kim olduğunu bilmək istəmişəm. Nədi, o ən ağıllı, ən istedadlı, yoxsa ən hiyləgər adamdı?
– Bu yaxınlarda mən bir tədbirdə idim. Xruşşov orda mənə yaxınlaşdı. Biz onunla yarım saat bir kənarda söhbət elədik.
– Sizin memuarlar barədə?
– Yox e, xəstəlik barədə, –Erenburq əlini yellədi. – O məndən soruşurdu ki, mən hansı pəhrizi saxlayıram, mən də ona belə suallar verirdim. Axı iki qoca adam başqa nə barədə danışa bilər! Bizim ədəbi başbilənlərdən kimsə də bir kənardan bizim şirin-şirin söhbət eləməyimizə baxaraq, bu vəziyyəti bürokratik nöqteyi-nəzərdən şərh eləyib. Səhər mənə nəşriyyatdan zəng elədilər və dedilər ki, kitab çapa imzalanıb. Budur, yeri gəlmişkən, - o mənə sarı döndü – APN üçün əla passaj!
Sən dünyadan köçəndən sonra Sov. İKP MK-nın təbliğat-təşviqat üzrə katibi, mədəniyyət qənimi İlyiçev məni Köhnə Meydana çağırdı. Getməyə gücüm, orda danışmağa sözüm yox idi, amma neyləmək olardı, getdim. Tosya məni palıd ağacından düzəldilmə qapılara qədər ötürdü və söz verdi ki, qarşı xiyabanda məni gözləyəcək. Əlində hakimiyyət olan o adam, hiyləgər gözlərini qıyaraq, guya təzə qovluğun içindəki bir-iki ölüvay kağızı oxuyurmuş kimi, mənə baxanda nələr fikirləşirdi– bilmirəm. O açıq-aşkar tərzdə məni süzür, pauzaları ilə canmı boğazıma yığırdı. Nəhayət, o suallara başladı:
– Hə, necə yaşayırsız?
– Sağ olun, pis deyil, – mən moskvalılara xas şəkildə cavab verdim.
– Bəlkə, sizə nəsə lazımdı?
– Yox, sağ olun.
– Deyəsən, siz Hikmətlə bir yerdə pyeslər yazırdınız? – bu nəhəng kabinetdən ideologiya və mədəniyyəti idarə eləyən, tez-tez burnunu kobud şəkildə sənin işlərinə soxan adam dedi..
– Hə, yazırdıq.
– Hm, bunu necə eləyirdiniz? – o kinayə ilə gülümsədi. – Beləcə, yanaşı oturub, yazırdınız?
Qalxıb getmək istədim. Amma qalxıb gedə bilmədim..
–Nazim Hikmətin bu məktubu sizə tanış gəlir? –Politbürodakı o yoldaş mənə bir vərəq uzatdı:
“Sov. İKP MK-ya.
Hörmətli yoldaşlar. Mən çox xəstəyəm. Bu günlərdə mən Tanqanikaya gedirəm. İçimdə elə bir hiss var ki, geri qayıtmayacağam. Mən heç vaxt sizdən özüm üçün nəsə istəməmişəm. Amma indi sizə xahişlə müraciət eləyirəm. Bu dünyada mənə doğma olan iki insan var – həyat yoldaşım Vera Tulyakova və oğlum Məmməd. Məndən onlara pul qalmayacaq, qonorarlarım isə onların işinə uzun müddət yaramayacaq. Onları pulsuz-parasız qoyub ölmək mənə dəhşətli gəlir. Sizdən çox xahiş eləyirəm, arvadımı və oğlumu təmin edin. Mənə elə gəlir ki, ömrüm boyu sadiq əsgəri olduğum partiyanın köməyinə ümid etmək haqqım var.
Nazim Hikmət”.
– Hə, xəbərim var, – dedim.
– Bu məktubdan belə nəticə çıxır ki, yoldaş Hikmət öləcəyin qabaqcadan hiss eləmişdi. Niyə? – palıd ağacından olan kabinetin sahibi səmimi təəccüblə soruşdu. - Hikmət burada çox yaxşı yaşyırdı! Hər yerdə diqqət mərkəzində idi. Pyeslərini səhnələşdirirdilər, kitabları çap olunurdu... Düzdü, bəzi siyasi məsələlərdə o tam anlamazlıq nümayiş etdirirdi. Məsələn Stalin kultunun tam dağılmasını istəyirdi. Niyə? Bu ki sadəlövhlük idi! Qəribəsi bu deyil ki, o, italyan kommunistlər ilə eyni kəşfiyyatçı mövqelərdə dayanırdı, təəccüblüsü bu idi ki, burada çoxları, məsələn Tvardovski onu dəstəkləyirdi. Mən hələ Erenburqu demirəm. Bu moskvalı ədəbi bogema da ki, öz yerində. Hə, hə, o, buradakı intellektual müxalifətin lideri idi!
“Lap yaxşı, – düşündüm, – deməli, mən də intelligent müxalifət liderinin arvadıyam. ”.
Mən ona qulaq asır və bu adamın eyni anda danlağı təntənəli məsləhət intonasiyası ilə uzlaşdırmağına, təkcə dodaqlarını tərpədərək, qışqırmağına, heç bir iz buraxmadan öldürə bilməyinə heyrətlənirdim.
Heyif, onun səninlə necə danışdığını eşitməmişdim, Nazim. Sizin dialoqunuzu heç cür təsəvvür edə bilmirəm. Əgər sənin dəfnindən ikicə həftə keçməmiş o məni yanına çağırıb, qarşımda öz ambisiyalarını gerçəkləşdirirdisə, deməli, söhbətiniz elə də uğurlu alınmamışdı...
Biz vakuumdayıq, telefonlar susub, heç kim bizə baş çəkmir, küçədən bircə səs də eşidilmir... Qaranlıqdı, qaramatdı. O elə bil, ürəyimi oxuyub, otağın havasını dəyişmək istəyir. Mən sorğuya çəkilən partizan kimi, diqqətlə onun hərəkətlərini izləyirəm. Niyə sən öləndən sonra mənimlə haqq-hesab çürütmələrindən qorxmusan, Nazim? Aha, o nəsə bir düyməni basdı – nəsə olacaq, ya məni burdan harasa aparacaqlar, ya da özüm çıxıb gedəcəm. Qalın qapı səssizcə açılır, qapıdakı xoşsifət qız qulluqpərgarcasına ağasının əmrini gözləyir.
– Bizə yaxşı bir çay gətirin.
Qız yoxa çıxır, sonra əlində podnosla qayıdır. Əlinə ağ əlcək geyinmiş qız qarşımıza incə, altlıqlı stəkanlarda buğlanan çayları, suxarıları, meyvə qurularını düzür.... və kabinet sahibinin sənin, yəni mənm ərim barədəki mülahizələri davam eləyir:
–Hikmət təkcə Türkiyədə deyil, bizdə də qiyamçılıq eləyirdi..Bizim Zoşşenkonun, Bulqakovun yaradıcılığına münsibətimizi dəyişmək istəyirdi. Bu yaxınlarda hətta Pasternakın əsərlərini nəşr etməyə icazə almaq xahişi ilə gəlmişdi. Bunlar elə-belə işlər deyil. Bizsə ona dözürdük!
– Həmişə yox, – mən sakitcə dedim.
– Siz elə bilirsiniz ki, qadağan eləmək asandı?! – kabinet sahibi partladı. – Yoxsa xoşdu? Bizi qalmaqallı vəziyyətə salmaq lazım deyil! Elə təkcə “İvan İvanoviç” məsələsi başımıza nə qədər oyun açdı! Xəlvətcə dövlət əleyhinə olan pyesi soxuşdurmaq istəyirdiniz?!
Onun ağ əllərinə baxıram. “Gör, yaradıcı intelligentlər buna nə qədər nifrət eləyirlər ki, rəssamlar bu adamın əllərinin kriminal ünsürlər kimi döymələrlə dolu oluğunu danışır” - düşünürəm.
– Hə, Hikmət ölümdən niyə qorxurdu, başa düşə bilmədim? – o donquldanır.
Dəvət olunduğun yerdə, oturduğun kətildən yad adama Nazimin niyə ölüm barədə düşündüyünü necə izah eləyəsən? Əgər o, evimə gəlsəydi, mən onu çaya dəvət eləsəydim, bu onun üçün doğrudan da maraqlı olsaydı, mən ona çox şey danışa bilərdim.
İndisə yad adam qarşımda oturub, soruşur ki, Nazimin oğlu niyə Varşavadadır, niyə Nazim oğlunun anası ilə yaşamaq istəməyib... mənə eşitdiyi şayiələrdən, qadınlarla bağlı macəralardan danışır... Görünür, Köhnə Meydan məşhurların şəxsi həyatları barədə qeybət eləməyi xoşlayan adamlarla doludu!
Mən artıq partlamaq üzrəyəm. O da bunu hiss eləyir və məmnuncasına soruşur.
– Sizcə, Nazim Hikməti kiminlə müqayisə eləmək olar? – o, eyhamla soruşur.
– Gertsenlə! – mən az qala bağırıram.
– Gertsenlə?! – o qəzəblənir.
– Bəs siz elə bilirdiniz Kazanova ilə müqayisə eləməiyəm? – mən açıq-aşkar onu zəhərlədim.
Bu vaxt onun çox şey ifadə edən gözləri kişilərə xas bir maraqla dolur.
– Sizin dilniz zəhərdi! Belə şeylər qadına yaraşmır, – o mənə eyham vurur.
Marina Svetayevanın sözləri yadıma düşür:
- Hakimiyyətdən ötrü ölənlərdən inqilabçı olmadığı kimi, inqilabçılar da hakimiyyət xəstəsi olmur”...
O danışdıqlarını, öz cəfəngiyyatını daha ifadəli eləmək üçün az qala bağırır:
– Bu telefonlara baxın: mənim bircə əmrim, bircə göstərişim yarımca saatın içində İttifaqın hər yerinə çatar və o əmr icra olunar!
Mən onun zövqsüz tikilmiş boz kostyumuna, xəstəhal, boz üzünə baxıram. Cındır! Yox, mən qorxmuram. Sadəcə, mənə çətindi. Nazim, gəl, onun ayağının altına daş qoy, gəl onun başını bu palıd qapıya çırp, axı indi sənin əlin gicişir. Bu dəqiqə Xruşşov, ya da Suslov başını qapıdan içəri soxsaydı, o necə acizləşərdi!
“Axı mən niyə o dəqiqə çıxıb getmədim...” – evdə elə hey bunu düşünürdüm.
Erenburqla Pasternakdan danışırdınız. Sən uzun illər onunla Peredelkinoda bağ qonşusu olmuşdun, ona bağlanmışdın, məmurların narazılığına baxmayaraq tez-tez ona qonaq getmişdin, hətta onu müdafiə eləməyə çalışmışdın. Stokholmda olanda sən o dəqiqə “Doktor Jivaqo”nu alıb oxumuşdun, amma kitabı özünlə ölkəyə gətirmədin. Köhnə Meydana gedib, onları inandırmağa çalışmışdın ki, bu darıxdırıcı romanda heç bir zərərli şey yoxdur, əksinə gözəl şeirlər var və dahilərdən qorxmaq lazım deyil. Amma sənə eyham vurmuşdular ki, bizim daxili işlərimizi ancaq əsl sovet adamı başa düşə bilər.
– Sizdən əvvəl yanıma Olqa İvinskayanın, Pasternakın ömrünün son illərində sevdiyi qadının qızı gəlmişdi.
– Mən o qadını tanıyıram. Bir dəfə köhnə Arbatdakı həyətdə o mənə gözəl sevgi şeirləri oxumuşdu. Mən onun şeir oxumasını sevirdim. Onunla romanı barədə danışanda, Pasternak mənə öz həyatının qadını barədə danışdı. İndi o qadın yenə Pasternaka görə həbsxanadadır...
– Hə, İvinskaya hələ də düşərgədədi. Qızı anası üçün xahişə gəlmişdi. Amma o xanım qanunu pozub, Pasternakın əlyazmalarını xaricə satıb, yaxşı da pul alıb.
– Mən başa düşmürəm, niyə sovet qanunları yazıçıya istədiyi yerdə çap olunmağı qadağan eləyir?! İstedada niyə belə kölə hüququ verilməlidi? Pasternak – dahidir. Bunu mən də bilirəm, siz də bilirsiniz. Bunu ancaq birhüceyrəli məxluqlar, ya da intibah düşmənləri başa düşməyə bilərlər! Dahi gəlinlik paltarı deyil ki, onu sandıqda saxlayalar!
– Hə, hə, əlbəttə, Boris Leonidoviçin xətrinə ona kömək eləmək lazımdı. Amma Moskvada kiməsə kömək eləmək gündən-günə çətinləşir. Hamı başını salamat istəyir. Amma... qadın məsələsində onun bəxti gətirmədi.
– Niyə?! – sən təəccübləndin. – O, qadınları sevirdi! Onlara şeirlər, özü də gözəl şeirlər yazırdı! O qadınlardan biri ona roman yazdırdı!
– Pasternak öləndən sonra o qadınların hamısı sərhəddən o tayda yatan pullara görə dəli oldular. Hərəsi öz payını qamarlamaq istəyirdi! –Erenburq hirsləndi.
– Axı, burada onlar kasıblıq çəkirlər... Mən Pasternakın necə geyindiyini görmüşdüm. Onun hamının üzünə açıq, qonaqpərvər evində yeməklər nədən ibarət olurdu, bunu da görmüşəm... Xaricdə onun qazandığı o qədər pul var, burdasa səfalət içində yaşayırlar... Bəs, o qadınlar neyləməlidi, sizcə?!
– Amma məni bir şey sevindirdi, Nazim. O qız mənə dedi ki, anasının qaldığı düşərgədə bütün siyasi məhbuslar nəyə görə burada olduqlarını bilirlər. Başa düşürsünüz, Nazim! Hamısı. Bəs əvvəllər, Stalinin vaxtında necə idi? Dustaqların doxsan doqquz faizi niyə həbs olunduqlarını bilmirdilər. Bu, yaxşıdır! Ümumiyyətlə, deyilənə görə siyasi məhbus azdır, cəmi altmış nəfərdi. Əsasən də sektantlar, imanlı adamlardı. İstəyənlər qəzetə abunə yazıla, ya da kitabxanadan kitab götürə bilirlər. İş seçmək haqları var. Təbii ki, yeməkləri keyfiyyətli deyil.
– Mən sovet həbsxanalarının cənnət oluğuna inanmıram. İmanlı adamlır nəyə görə həsbdə yatmalıdırlar ki?
– Mən sizin axırıncı şeirlər kitabınızı görmüşəm, Nazim, yubileyiniz ərəfəsində çıxanı. – Erenburq göz görəsi Pasternak, KQB söhbtlərindən yayınırdı. – Siz son qırx ildə yazdığınız şeirləri göstərmisiniz. Poeziyada belə uzun müddət uğur qazanmağı hamı bacarmır. Mən həyatınızın şeirlərdən keçə-keçə get-gedə necə çətinləşdiyini gördüm.
– Elə şeirlər də dərinləşirdi, məncə. Son illərdə mən yeni formada yazıram. Sərbəst şeir türkcədə çox gözəl səslənir, amma rusca kobud alınır. Ritm axsayır, melodiyası olmur. Şeirlər dağılır: lirika bir yana, publisistika bir tərəfə ayrılır. Tərcüməçilərlə də iş çətinləşir. Görürəm ki, onlardan çoxu klişeləşmiş, çeynənmiş qafiyələrdən istifadə edirlər, hansı ki, öz şeirlərinə o qafiyələri yaraşdırmazdılar. Amma tərcüməçiyə onun kəmfürsət olduğunu demək olmaz axı, insandı, necə xətrinə dəyəsən?
– Belə məsələlərdə liberal olmaq olmaz. Siz Moskvaya köçəndən sonra ilk illərdə az qala bütün şairlər szi tərcümə eləmək istəyirdi. Yadıma gəlir ki, siz də heç kimə rədd cavabı vermirdiniz. Amma onlardan çox az adam oldu ki, sizin tələbkarlığınıza davam gətirdi.
– Çətindi. Şeirləri pis şairlər tərcümə eləyəndə olduqca darıxdırıcı, boz şeirlər alınır. Onların rus dili rəngsizdi, formanı düzgün tapa bilmirlər. Yaxşı şairlər isə şeirləri tərcümə eləyəndə öz şeirlərinə oxşadırlar. Onlara deyirəm ki, mən özünəməxsusluğu olan şairəm, məni olduğumdan daha yaxşı tərcümə eləmək lazım deyil. Sizin təcümənizdə alınan şeir çox gözəldi, amma bu sizin şeirinzdi. Onları öz adınızdan çap elətdirməniz daha doğru olar. Mənsə sizin şöhrətinizə göz dikə bilmərəm..
– Hə, Nazim, mən sizin xasiyyətinizi bilirəm. Amma sizin necə böyük şair olduğunuzu mən şeirlərinizdən birinin fransızcaya tərcüməsini oxuyandan sonra bildim..
– Bilirsiniz, dostum Nezvalın şeirlərini mən çex dilində oxuya bilmirəm. Rusca oxuyuram. Veradan xahiş eləyirəm, o mənə kömək eləyir. Onun dilində səslənən şeirlərin dilini mən daha asan başa düşürəm. Pasternakın tərcüməsində mən bir, Axmatovanın tərcüməsində isə başqa Nezval görürəm. Amma ağlınıza başqa şey gəlməsin! Gözəl şeirlərdi! Amma Nezval ikisinin arasında qalıb. Buna görə də mən Muza Pavlovanı, Slutskini seçmişəm. Samoylovu sevirəm, onun mənim şeirlərimi hiss eləməyi də xoşuma gəlir. Vinokurov da mənə yaxşı kömək elədi. Amma cəhənnəm olsun bu iş! Barəsində danışdığınız kitabı mən başqa cür, başqa bədii tərtibatda görmək istərdim. …
Nazim, səninlə Bolşoy Teatrda, «qızıl loja»da Jukovla rastlaşdığımız yadındadı? Onun yanına tez-tez hərbçilərə oxşayan adamlar gəlirdi. O arvadının, hündür, gözəl, ağır toppuz saçlı arvadının onu zorla evdən çıxarmağından şikayətlənirdi. O dəqiqə görünürdü ki, qadın teatrı sevir və indi tamaşaya gəldiklərinə görə o çox sevinirdi.
Sən dedin:
– Necə bilirsən, burdan kimsə zala tərəf: “Yoldaşlar, marşal Jukov bu dəqiqə teatrdadır!” – deyə bağırsaydı, nə olardı? Yəqin ki, tamaşa yarımçıq qalardı, bütün zal arxasını səhnəyə çevirərdi!
Jukovu Xruşşov işdən uzaqlaşdırmışdı və sən onunla ehtiyatla danışırdın – ehtiyatsız bir söz deyib, onu incitməkdən qorxurdun. Ondan səhhətini soruşdun – Jukov ah çəkdi. Hiss olunurdu ki, çətin yeriyir, amma üzü, hərəkətləri, xüsusilə də baxışları – ilahi, o nə baxışlar idi?! – həmin qüvvətli, sərt xarakterli, özünün haqlı olduğuna əmin olan adama məxsus idi.
Sən ona Sovet Ordusu Teatrının sifarişi ilə müharibə barədə pyes yazdığını dedin.
O qaşlarını çataraq, soruşdu:
– Müharibə vaxtı siz harada idiniz?
–Türkiyədə həbsxanada yatırdım.
– Bəs, necə yazacaqsınız? –Jukov təəccübləndi.
– Mən sovet adamları, çexlər, polyaklarla xeyli söhbətlər aparmışam...Veranın atası Leninqrad yaxınlığında həlak olub, bu yaxınlarda onun cəbhədən yazdığı məktubu oxumuşam...
– Lazım deyil, –Jukov nəzakətlə, amma qəti səslə dedi. – Yazmayın. Qoyun, qələbəni qazananlar yazsın bu barədə. Düzdü, elə onların da danışdıqları yalanla, bəzəmələrlə doludu. Amma bizə gerçək lazımdı. Ancaq gerçək. Bu yaxınlarda hardansa oxudum ki, marşal Konev təyyarəyə minib. O təyyarədən dəhşətli dərəcədə qorxurdu, bütün ordu da bunu bilirdi! Belə olmaz!
– Georgi, Georgi, – deyəsən, ərinə əzab verən mövzuya son qoymaq üçün, arvadı tez-tez ona mənasız suallarla mürəciət eləyirdi. Qadın özünü çox şux tutmuşdu, onun necə güclü qadın olduğu hiss olunurdu. Bizə elə gəldi ki, onlar bir-birlərini sevirlər.
– Məncə, o, arvadını qısqanır, – sən qulağıma dedin, – yoxsa, onun burada nə işi vardı? Balet-zad onun vecinə də deyil, bura ancaq arvadının yanında olmaq üçün gəlib. Qadına bax, gör necə şuxdu? Donu da elə geyinib, elə bil ingilis kraliçasıdır!
Tez-tez düşünürəm ki, niyə bizim bu hürkmüş ölkədə minlərlə sadə vətəndaş kömək üçün sənə, yadelli adama müraciət eləyirdi? Sən daima kiminsə haqqı uğrunda, repressiya olunmuş xalqların (mehmanxananın döşəməsində oturan yetmiş krım tatarı, inquş köçərilərinin və qoca çeçenlərin göz yaşları, abuzarlar – hamısı yadımdadı) haqları uğrunda, humanist sosializm uğrunda, yalanlardan qaçmayan gözlərlə mübarizə aparırdın.
Nazim, bir dəfə evimizdə sənin MK-dakı aparat rəhbərlərindən biri ilə, şöbə müdiri Milovanovla söhbətini eşitdim. Nomenklatura ilə ölçəndə onun vəzifəsi nazir səviyyəsində bir mərtəbə idi. Həmin səhər siz İraqdakı kürdlərin problemini müzakirə eləyirdiniz. Sən kürd tələbələrdən məktub almış, onların faciəsi ilə tanış olmuşdun və əlindən gələn köməyi eləmək istəyirdin. Mən qonşu otaqda darıxdırıcı bir məqalənin üstündə işləyirdim, sənin çılğın monoloqunu eşidəndə həvəslə onu yazmağa başladım. Bu monoloqu axşam dostlarımıza göstərmək istəyirdim...
– İkinci vətənimin – Sovet İttifaqının həqiqətlərini məndən gizləmək üçün gözlərimdən asılan qara pərdələr kələm qabıqları kimi, bir-birinin ardınca qopub düşür. Yoldaş Milovanov, gözlərinizi qaçırmayın, mənimlə də əcnəbi ilə danışırmış kimi danışmayın. Mən– türkəm, amma mən – sizdən daha çox sovet vətəndaşıyam! Mən iyirminci illərdən gəlmişəm, həqiqəti məndən gizləmək lazım deyil. Deyin – niyə cavanlar araq içir? Niyə tikintilərdə işləyən fəhlələr bütün günü siqaret çəkir və avaralıq eləyir, niyə bütün ölkədə bürokratlar vətəndaşların xahişlərinə əvvəl «yox» deyir, sonra, aparılan vəhşi mübarizədən sonra dillərindən «hə» sözü qopur? Niyə hər yerdə universitetlərə qəbul işində milli ayrı-seçkilik olur, niyə anketlərdə milli mənsubiyyət barədə suallar olur? Hətta kitabxanadan kitab almaq üçün də biyabırçı beşinci maddə var. Niyə rus kommunisti yüz faizli, ukraynalı kommunist səksən faizli, gürcü kommunist əlli faizlik, özbək qırx faizlik, yəhudi beş faizlik kommunist hesab olunur, türk isə ümumiyyətlə kommunist sayılmır və onun həqiqəti demək haqqı olmur?! Niyə sizin məsul işçi yoldaşlarınız xüsusi paylar, istirahət, paltar üçün əlavə pullar alır? Niyə onlar xüsusi müalicə alır, niyə onlara dərmanlar üçün ayrıca pul verilir? Niyə səhər işə gedən səksən min iri çaplı məmur qışın nəfəsdonduran soyuğunda belə avtobus dayanacaqlarında donan cücələri – birinci sinif uşaqlarını maşınlarına mindirmirlər? Gülməyin, yoldaş Milovanov, mənə qulaq asın: tezliklə bütün bu biabırçılıqlara son qoyulacaq. O gün uzaqda deyil! Bunu sizə mən – ömrü boyu çox şeylər görmüş qoca türk deyir!
Sən həmişə Stalin və onun başının dəstəsinə yaxın olan yazıçıların, rejissorların, aktyorların necə yaşadığını bilmək istəyirdin.
Sən bu barədə Mixail Rommla, Dovjenko ilə, bir sözlə Stalinin gecələr həvəslə söhbət elədiyi adamlarla danışırdın.
Sən bizim məşhur tenor İvan Semyonoviç Kozlovskinin, deyəsən, müharibənin axır vaxtlarında Stalinlə olan dialoqunu yadında saxlamışdın:
“– Yoldaş Kozlovski, baxın, bu artist Vertinski sovet əsgərləri üçün qospital almaq istəyir, əvəzində isə Şanxaydan vətənə qayıtmağı xahiş edir. Artist Vertinskiyə münasibətiniz necədir?
– Bəs sizin, yoldaş Stalin, artist Vertinskiyə münasibətiniz necədir?
– Yoldaş Molotov da soruşur ki, onu vətənə buraxaq ya yox?
– Bəs yoldaş Molotov necə düşünür: Vertinskini bura buraxmaq olar ya yox?
Söhbətlər bax, belə olurdu. Başa düşürsünüz də, Nazim? O gürcüdü, mənsə xoxol. Biz onlardan hiyləgərik. Beləliklə, mən ona heç bir cavab vermədim. Çünki Stalinə cavab versəydim, başımı salamat saxlaya bilməyəcəkdim!”
Stalinin portretinə növbəti ştirixi məşhur professor, «ziyankar həkimlər» işinə görə həbs olunmuş M.S. Vovsi əlavə elədi. O uzun illər Stalini müalicə eləmişdi, onu yaxşı tanıyırdı. Professor Lefortovo həbsxanasında, istintaqda olanda, Stalin Beriyadan soruşur: “Vovsinin işləri necədir?” Beriya deyir: “Pisdi, qara ciyəri ağrıyır ”. Stalinin cavabı bu olur: “Deyin, qara ciyərinə vursunlar!” Beriya bunu əmr kimi qəbul eləyir və professoru istintaqa çəkəndə bunu onun özünə də deyir …
Bu əhvalatı isə mən özüm eşitmişəm. Bir dəfə yaşlı bir adam, 30-cu illərin ortalarında Stalinin mühafizəsində işləyən bir bolşevik danışıb. O həm də Stalinin arvadı – Nadejda Alliluyevanın ölümündən əvvəlki axşam bütün gecəni Stalinin arxasında dayanıb.
Oktyabr inqilabının XV ildönümünün şərəfinə dövlət çapında ziyafət verilirmiş. Banket MDU-nun zalında keçirilirmiş – uzun bir ziyafət masası hazırlayıbmışlar. Banket elə də izdihamlı deyilmiş amma. Ölkənin əsas adamları öz arvadları ilə orada imişlər. Qadınlardan biri ziyafət paltarında, bəziləri isə dekolteli donlarda gəlibmişlər. Stalinlə Alliluyeva öncədən hazırlanmış, başdakı kətillərdə deyil, ortada oturublar. Qarşılarında Tuxaçevski öz gözəl arvadı ilə oturubmuş. Qadının paltarının yaxası o vaxtlar üçün ifrat dərəcədə açıqmış. Ziyafət boyu Stalin çörəklərin içini çıxarıb, yumrucuqlar düzəldərək, marşal arvadının döşlərinin arasına atırmış. Qadın özünü itirib. Hamı görürmüş ki, Stalinin bu hərəkəti Alliluyevanı qıcıqlandırır və təhqir edir. Amma Stalin yumruları atmaqda davam edirmiş. Alliluyeva bir neçə dəfə əsəbi halda ona müraciət eləyib, amma Stalin ona fikir verməyib.. Nəhayət, təhqirə dözməyən qadın qalxaraq, ziyafəti tərk eləyib. Stalin başını çevirib, ona tərəf baxmayıb. Həmin gecə Nadejda Alliluyeva özünü güllə ilə vurub.
Bir dəfə siz Pablo Neruda ilə oturub, çılğınca Stalini lənətləyirdiniz. Sonra Pablo bir az susduqdan sonra soruşdu:
– Nazim, sən o əclafın bircə dənə də olsun yaxşı əməlini yada sala blərsən?
– Birini deyə bilərəm, – bir az düşünəndən sonra sən dedin. – Bax, orda, Qızıl Meydanın ortasındakı kilsəni görürsən? (Biz Kremllə üzbəüz, Pablonun qaldığı “Natsional” mehmanxanasında oturmuşduq) Deməli, bir dəfə Stalin Kremldə Moskvanın rekonstruksiya planını müzakirə edirmiş. Moskvanın baş memarı köhnə evlərin sökülməsi hesabına necə geniş prospektlərin salına biləcəyini maketlərin köməyi ilə təsvir edirmiş. Stalin razılıqla başını tərpədirmiş. Nəhayət, arxitektor Qırmızı Meydana çatır. Onun maketini masanın üstündə quraşdıraraq, təklif eləyir: “Gəlin, bu kilsəni burdan yığışdıraq, bununla da nümayişlərdən sonra ordunu meydandan iki yerə bölərək yox, bütün bir sıra ilə çıxara bilək...
Görürsünüzmü, necə yaxşı olacaq ”, – deyə qədim kilsənin maketini aşırır...
“Kilsəni yerinə qoy, –Stalin gürcü ləhcəsi ilə deyir və maketin hələ də böyrü üstə olduğunu görəndə qışqırır: – Sənə dedim ki, kilsəni qaldır!!!”
“İnsanlar, illər, həyat ” kitabının sənin barəndəki bölməsinin qaralamasında Erenburq (o, kitab çıxmazdan əvvəl bu hissəni mənə oxumağa vermişdi) sənin sözlərini xatırlayır: “Mən Fadeyevin ölümü barədə tez-tez düşünürəm… Mənim bəxtim gətirib, düzdü, mən həbsxanada yatırdım, amma məni ora düşmənlər atmışdı, mən cəhənnəmdə olduğumu bilirdim. Cənnətdə yaşayıb, mələklərin sənin dostlarını necə tavada qızartdığını görmək daha faciəvidir …”
Hələ biz səninlə tanış olana qədər sən Aleksandr Aleksandroviç Fadeyevin 1956-cı ildə intiharının təsiri altında özünün sonradan qadağan olunmuş “Olum, ya ölüm?” pyesini yazmışdın.
1962-ci ilin axırında siz Zavadski ilə pyesin Mossovet adına Teatr üçün axııncı variantını hazırlayanda, sən öz süjetinə Fadeyev barədə müxtəlif xatirələrini əlavə eləmişdin.
Yadındadı, Yuri Aleksandroviç səndən xahiş eləyirdi ki, öz hekayələrini yazasan, o da sonra pyesə quruluş verəndə istifadə eləsin? Sənin yazıların qaldı, tamaşa isə ərsəyə gəlmədi. Sənsə deyirdin:
Fadeyevlə biz tanış olmamışdan əvvəl qucaqlaşmışıq. Bu, Vnukovo aerodromunda, 1951-ci ilin iyun ayının 29-da, mən təyyarədən düşəndə olub. On gündən sonra Yazıçılar İttifaqının mənim şərəfimə təşkil elədiyi ziyafətdə görüşdük. Mən axı təsəvvür eləməzdim ki, sizdə Stalin kultu var. Mənim həbsdə davam gətirməyimin səbəbi bu idi ki, mən Sovet İttifaqının, sosializmin varlığına inanır, Leninin yaratdığı internasional dövlətin faşizmə qələbə çalmağı ilə fəxr eləyirdim. Həmişə Sovet İttifaqının necə qabağa getdiyini, burada mədəniyyətin necə çiçəkləndiyini, insanların necə xoşbəxt yaşadığını təsəvvür eləyirdim... Məni narahat edən şeyləri isə müharibənin ayağına yazırdım.
Buxarestdə, 1951-ci ildə Moskvaya gəlməmişdən əvvəl rumın yoldaşlardan xahiş elədim ki, mənə Sovet İttifaqındakı həyat barədə bir film göstərsinlər. Hər şeyi tez görmək istəyirdim! Onlar mənə “Kuban kazakları” filmini gətirdilər. Orada hamı şən, xoşbəxt idi, hamı mahnı oxuyurdu, hər şey bol idi... Bu, mənm baxdığım ilk səsli Sovet filmi idi. Çox sevindim. Təyyarədən düşüb, Vnukovo şossesi ilə Moskvaya gedəndə isə birdən gözümə yol kənarındakı, dəhşətli dərəcədə kasıb, saman damlı komalar sataşdı. Düşündüm ki, bunlar muzeydi, təzə həyatla fərqi yada salmaq üçün saxlayıblar. “Moskva” mehmanxanasında əla xidmət, gözəl mərtəbələr var idi, yazıçılar öz arvadları ilə gəlirdi, hamı həyatından razı idi. Jurnalistlər bura böyük, qara avtomobillərdə gəlir... Moskva dükanlarında istədiyin qədər kürü, balıq, kolbasa tapa bilərsən. Qorki küçəsində çoxlu insanlar seyrə çıxır. İyirminci illərdə olan dilənçilər, kimsəsiz uşaqlar yoxdur. Heç kim tum çırtlamır. Hər tərəf tərtəmizdi. Mən yenə rahat oldum. Axşam məni tamaşaya apardılar, dəhşətli dərəcədə darıxdım. Bütün qəhrəmanları elə bil hipnoz altında idilər, heç biri heç nə görmür, eşitmir, ancaq bir-birinə əxlaq dərsi keçirlər. Səhnədən bir barmaq tamaşaçılara tərəf pulemyot lüləsi kimi uzanıb.
Səhəri gün məni başqa teatra aparırlar – yenə də dünənki kimi, ölüvay bir tamaşa oynayırlar. On gün beləcə davam elədi. Qarşımda o lənətə gəlmiş suallar qalın hasar kimi dayanmışdı. Çünki teatr –həyatın rentgenidi. Görürəm ki, səhnədə səmimiyyət yoxdu, başdan-ayağa hökumətə hesablanmış saxtakarlıq. Düşünürəm ki, axı ən böyük vicdan ədəbiyyatının yarandığı bir ölkədə tamaşanın sonunda ən xırda adamın da Sovetlərin xoşbəxt vətəndaşı olduğunu bəsitcəsinə göstərən səhnə əsərləri nəyə lazımdır?
Səhnəyə prinsiplərin deyil, canlı insanların konflikti lazımdır! Mən bir professional dramaturq kimi başa düşürəm ki, heç kim yaxşı həyat yaşadığından teleqraf dirəyini könüllü olaraq rəngləmir. Məni sevimli Meyerxoldumun teatrına aparın – deyə yalvarıram! Deyirlər ki, o xəstədir, cənubda, dağların başında yaşayır. Sonra bildim ki, onu çoxdan güllələyiblər. Deyirəm: mənə Aleksandr Tairovun tamaşalarını göstərin – deyirlər, mümkün deyil, onun teatrı təmirdədi. Sonra öyrənirəm ki, teatrı çoxdan bağlayıblar! Köhnə tanışlardan kimin adını çəkirəmsə, onun dağlarda yaşadığını deyirlər. O cümlədən Nikolay Ekk da dağlardadır.
ARDI