Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:34

Əli Həsənov Elşad Abdullayevin gizli videolarından narahat olmadıqlarını deyir


Əli Həsənov
Əli Həsənov
-


“Media forum” saytı Prezident Administrasiyasında Ictimai-Siyasi şöbənin müdiri Əli Həsənovla günün aktual mövzularına dair müsahibə alıb. Həmin müsahibəni qısa ixtisarla təqdim edirik.



- Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev deyib ki, itkin düşən qardaşı Mahir Abdullayevin azadlığa buraxılması və özünün deputat mandatı əldə etməsi üçün ondan külli miqdarda pul alınıb.

Bu halların araşdırılması üçün Elşad Abdullayev dəfələrlə hüquq mühafizə orqanlarına, yüksək vəzifəli hakimiyyət nümayəndələrinə müraciət etdiyini bildirir. Niyə bu məsələlərlə bağlı videoları yayana qədər Elşad Abdullayevin müraciətlərinə baxılmayıb?

- İstənilən dövlət qurumuna edilən müraciətlərə baxılması qaydaları var. Əgər müraciət hüquq mühafizə orqanlarına ünvanlanıbsa, ona baxılmasını bu qurumlar, həmin sahə ilə bağlı qanunlar, əsasnamələr, normalar müəyyənləşdirir. Ona görə də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri kimi bu məsələ haqda yalnız siyasi şərh verə bilərəm.

Elşad Abdullayev olayı ilə bağlı əvvəllər də şərh vermişəm. Elşad Abdullayev məsələsində hakimiyyətin çəkinəcəyi, qorxacağı, təşvişə düşəcəyi heç nə yoxdur. Onun keçmişdə hansı fəaliyyətlə məşğul olması, bunun nəticəsində rəhbərlik etdiyi universitetin bağlanması, sonrakı dövrdə nə işlər görməsi, hansı yollarla böyük miqdarda pula sahib çıxması, sonra həmin pulları kimlərin vasitəsilə hansısa ünvanlara göndərməsi və bu kimi halların hamısı real cəmiyyətlərdə mövcud olan hallardır.

Keçmişdə də Azərbaycanda belə əyri yollarla pul qazanan insanlar olub, bu gün də var, gələcəkdə də olacaq. Bunun kökünü kəsmək dünyanın heç bir ölkəsinə, yaxud cəmiyyətinə nəsib olmayıb. Keçmişdə də bu pullara şərik çıxmaq istəyən ayrı-ayrı işbazlar olub, bu gün də var, gələcəkdə də olacaq. Bunlardan da xilas olmaq hələ dünyanın heç bir ölkəsinə nəsib olmayıb.

Hansısa yollarla pul toplayan insanın başqa adamlar vasitəsilə bu və ya digər məqsədə nail olmasına gəlincə, əgər bu baş tutardısa, deməli, hakimiyyət strukturları və onun ayrı-ayrı nümayəndələri də buna şərik kimi dəyərləndirilə bilərdi. Bu baş tutmayıbsa, deməli, hakimiyyətin bundan çəkinməsinə, təşvişə düşməsinə heç bir əsas yoxdur.

Azərbaycan hakimiyyətinə Elşad Abdullayev kimi insanlar zaman-zaman yol tapıblar, müxtəlif yollarla bu və ya digər məqsədlərini reallaşdırıblar. Amma həqiqi simaları açılan kimi onlarla bağlı lazımi tədbirlər görülüb və belə şəxslər cəzalarını alıblar.

Elşad Abdullayevin kiməsə, hansısa adama müraciət etməsinə gəlincə, hesab edirəm ki, həmin müraciətlərin də çoxu şişirdilmiş, xüsusi kombinasiyaya salınmış bir sistemdir.

Əsas odur ki, Elşad Abdullayev Azərbaycan hakimiyyətinə, onun nümayəndələrinə rüşvət verib müxtəlif məqsədlərinə nail ola bilməyib. Buna cəhd göstərib, amma bu və ya digər məsələsinin həllinə nail ola bilməyib. Bu da hakimiyyətin onun əməllərinə bilavasitə şərik olmadığını göstərir, sübut edir.

- Elşad Abdullayev yaydığı videolarda və müraciətlərdə daha çox Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını çəkir. Ramiz Mehdiyevin istefa verəcəyi və yaxud öz postundan uzaqlaşdırılacağı haqda fikirlər var. Bu, gözləniləndirmi? 2013-cü il seçkisində Ramiz Mehdiyev İlham Əliyevin komandasında olacaqmı?

- Bu barədə heç kim nəsə deyə bilməz. Heç kim bir başqa dövlət məmuru haqda bununla bağlı nəsə deyə bilməz. Mən heç özüm haqqında da deyə bilmərəm ki, bir aydan sonra hakimiyyətdə tutduğum indiki postda qalacam, yoxsa qalmayacam.

Bunu ölkədə yalnız bir şəxsiyyət müəyyən edir – Azərbaycan xalqının seçdiyi və mandat verdiyi prezident İlham Əliyev. Dövlət başçısı İlham Əliyev kimi komandasında görmək istəyir, vəzifədə saxlayacaq, kimi komandasında görmək istəmir, istefaya göndərəcək. Bu, prezident İlham Əliyevin səlahiyyətinə aid olan məsələdir.

Ona görə də mən bununla bağlı hər hansı şərh verə bilmərəm. Bu, nə etik, nə də siyasi cəhətdən doğru olardı.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının sədri Abbas Abbasov prezident İlham Əliyevin qəbulunda olub. Deyəsən, bu, ikinci cəhddə baş tutan görüş idi. Görüşdən sonra ittifaqın Koordinasiya Şurasının üzvü Rüstəm İbrahimbəyov “Media forum” saytına demişdi ki, prezident İlham Əliyevin Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyətinin davam etdirilməsi ilə bağlı etirazı olmayıb.

Təşkilatın yarandığı ilk günlər hakimiyyət bunu müsbət qarşılamadı, ona sərt reaksiyalar oldu. İndi hakimiyyətin mövqeyində hər hansı dəyişiklik varmı? Rusiya Azərbaycan Təşkilatları İttifaqının işini davam etdirməsini dəstəkləyirsinizmi?

- Prezident İlham Əliyevlə baş nazirin keçmiş birinci müavini arasında olan söhbətin məğzi, mahiyyəti digərlərinə tam şəkildə bəlli ola bilməz. Hər halda bu söhbət iki insan arasında olub. Prezident onu qəbul edib, dinləyib, öz fikirlərini, mülahizələrini çatdırıb.

Abbas Abbasov da görüşdən çıxandan sonra müəyyən açıqlamalar, bəyanatlar verib. Rüstəm İbrahimbəyovun dediyi fikirlər əsasında mülahizələr yürütməyi özümə rəva görmürəm. Çünki Rüstəm İbrahimbəyov son zamanlar çox adamın adından çox şey danışır. Bunların hansının doğru, hansının onun öz mülahizəsi, yaxud arzu və istəyinin nəticəsi olduğunu ayırd etmək də mənim işim deyil.

Hakimiyyətin əvvəlki gündən mövqeyi ondan ibarət olub ki, hər hansı xarici ölkədə azərbaycanlılara aid təşkilatın yaranması iki məqsədə xidmət etməlidir.

Birincisi, həmin ölkədə azərbaycanlıların vətəndaş haqlarının qorunmasına, onların problemlərinin həllinə, vəziyyətinin yaxşılaşmasına, cəmiyyətə inteqrasiyasına, azərbaycanlıların öz mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamasına xidmət etməlidir.

İkincisi, belə təşkilatların yaranması azərbaycanlıların xaricdə yaşadığı ölkə ilə onların tarixi vətəni olan Azərbaycan arasında münasibətlərinin yaxşılaşmasına, yaxınlaşmasına xidmət göstərməlidir.

Bu iki vəzifəyə xidmət edən istənilən təşkilatın yaranmasını təqdir edirik. Əgər yeni təşkilatların yaranması bu iki vəzifədən birinə xidmət etmirsə, əksinə, bu və ya digər ölkələrin, qüvvələrin azərbaycanlıların tarixi vətəni olan Azərbaycana təzyiq, təsir mexanizminin yaradılması məqsədi ilə ortaya atılıbsa, onda biz buna qarşı çıxırıq və gələcəkdə də çıxacağıq. Çünki belə təşkilatlar Azərbaycanın müstəqilliyini, siyasətini məhdudlaşdıra bilər. Bu isə həm həmin ölkədə yaşayan azərbaycanlılara, həm də onların Azərbaycanda yaşayan qohum-əqrəbasının həyatına fayda verməz, xidmət göstərməz. Əksinə, onların vəziyyətini pisləşdirə bilər.

Bu yanaşmanı Rusiya Azərbaycan Təşkilatları İttifaqına da, Ümumrusiya Azərbaycanlıları Konqresinə də, Rusiya Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinə – “AzərRos”a da aid edirik, minlərlə azərbaycanlının təmsil olunduğu digər təşkilatlara da.

Əgər təşkilat sağlam məqsədə xidmət edirsə, buyursunlar fəaliyyət göstərsinlər, yox, ayrı-ayrı qüvvələrin, insanların, siyasətçilərin ambisiyasının reallaşmasına xidmət edirsə, biz o təşkilata qarşı olmuşuq, bu gün də qarşıyıq, gələcəkdə də qarşı olacağıq.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqı bu kateqoriyaların hansına daxildir: xidmət edən, yoxsa etməyən?

- Bunu buraxıram vətəndaşların və onu yaradanların öhdəsinə.


İmdad ƏLİZADƏ
Aynur İMANOVA

XS
SM
MD
LG