Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:33

Hikmət Carçılı ORHUN "Görünməz adam" (Seçmə hekayələrdən)


Hikmət Carçılı ORHUN
Hikmət Carçılı ORHUN
-

O, məktəbə gələndə sinif yoldaşları hərəsi bir tərəfdə pıqqapıq salırdılar. “Yenə gəldi bu yoluq cücə”, “Azz, hələ bunun qaşlarına nə deyirsən?...”, “Üzünün sızanağı...”, “ Hələm boyu...”, “Hələm yana əyilən qolu...”


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Hikmət Carçılı ORHUN

GÖRÜNMƏZ ADAM

Yox, bu fantastika deyil...

Əslində, görünməz olmağı hamı istəyib, ömründə bir dəfə belə olsun hamı mütləq istəyib.

Bunu istəməyə hər kəsin bir ciddi, yarı-ciddi səbəbi olub mütləq; biri qonşunun yaraşıqlı qızına hamamda çimərkən baxmaq istədiyindən; biri siqareti dədəsinnən qorxa-qorxa çəkməkdən bezdiyindən; biri parasızlıqdan, pulsuzluqdan; biri borclu olduğu mağazaların qabağından boynubükük deyil, adam balası təkin, xalxın kişiləri kimin mağaza sahibinin gözünün içinə dik baxa-baxa keçmək istədiyinnən, ya daha nədən... uzatmaq istəmirəm.

Amma əminəm ki, hər kəs həyatında bir dəfə belə olsun gözəgörünməz olmaq istəyib; bizdən əvvəl də, elə biz də və bizdən sonra gələnlərin hər biri. Bu hər zaman belə olub və belə də olacaq.

Ömrünü fantastik filmlər izləməkdə keçirən Hətəm də ta uşaqlıqdan bu barədə çox düşünmüşdü. Görəsən, mən gözəgörünməz ola bilərəmmi, görəsən gözəgörünməz olmaq üçün nələr etməliyəm, deyə özünə kalanın kalanı suallar verirdi.

Və hər dəfə də film izləyəndə elə fikirləşirdi ki, bu dəfə mütləq bunun sirrini ayırd eləyəcək. Amma, çi fayda, bu mümkün olmurdu. Öz-özündə şübhə yaranırdı ki, bəlkə öncə izlədiyimdə diqqətli olmamışam, nələrisə qaçırtmışam.

Təkrar-təkrar həmin filmi izləyirdi. Nə edəsən ki, bu dəfə də heç zad alınmırdı ki, alınmırdı.

Gözəgörünməz olmaq Hətəmin nəyinə lazım idi?..

Hətəm balaca, qara tösmərək, üz-gözünü sızanaq basmış, qəddi sola tərəf əyilmiş, hələm orta məktəbin altıncı sinfində oxumasına baxmayaraq saçları tökülmüş (doğrusunu desək, tökülməmişdi, lap doğrusunu desək onun doğulannan başında fərli-başlı tük olmamışdı, hətta bir vaxtlar qohum-əqraba yığılıb uzun həp-gopdan sonra belə qərarlaşdırmışdılar ki, uşağın ata-anası qohum olduğunnan bu fəsad baş verib, daha həkimə müraciət-zad etməmişdilər ki, nəyə lazımdır axı, məsələ gün kimi aydındır, bunun əlacı-filan yoxdur), başında nümüş üçün beş-altı tük qalmışdı, onu da evdə anasına yoldururdu – bir-iki tükün vücuduma verdiyi yöndəmsiz “yaraşıq”dansa tam keçəl olmaq daha yaxşıdır – deyirdi. Qaşını, kipriyini isə cücə kimi ütələmişdilər sanki.

O, məktəbə gələndə sinif yoldaşları hərəsi bir tərəfdə pıqqapıq salırdılar. “Yenə gəldi bu yoluq cücə”, “Azz, hələ bunun qaşlarına nə deyirsən?...”, “Üzünün sızanağı...”, “ Hələm boyu...”, “Hələm yana əyilən qolu...”

Hətəm bunların hamısını hiss eləyirdi. Hiss eləyirdi, çarə? “Çarə” deyəndə onun yadına yenə filmlər düşürdü.

Dərsdən çıxannan sonra əlini yumamış, yeməyini yeməmiş, çayını içməmiş çökürdü televizorun qabağına.

Gah köhnə kasetləri tapır qoyurdu teybə, gah televizyon kanallarını çevirirdi o yana, bu yana, gah “prakat”dan təzə kasetlər götürürdü... hər dəfə də bir cür həvəslə, inamla ki, bu dəfə mütləq tapacam.

Bu kələfin ucu merət də tapılmaq bilmirdi ki, bilmirdi. Bilmirdin yerə girib, göyə çəkilib, yağlı əppək olub göyə çəkilib.

Heç fayda vermirdi.

“Alına yazılan yazını pozmaq olmaz” deyirlər – Hətəm hərdən öz-özünə fikirləşirdi – bu da mənim alın yazımmış, demək. Bu dərd deyil, xəstəlik deyil. “Dərdini verən allah dərmanını da verər” deyib atalarımız. Amma mənim bu başımın, qolumun, boyumun düzəlməsinə kimsə zəmanət vermir. Hətta, yuxularımda görürəm, allah belə, əlacsız olduğumu deyib, qayıbdan mənə, dəfələrnən. Məni qayıba almasa da qayıbdan səslər eşitdirir ehtiyacım olanda, depressiyada olanda. Və belə ki, görürəm, dərdim dərd deyil, alın yazısıdır. Kişi kimi yaşamalıyam, yaşamalıyam payıma düşəni kişi kimi.”

Hətəm Allaha ehtiyacı olanda, onun üçün darıxanda yuxusunda səsini eşitməyi bacarırdı və elə darıxanda da, yorulanda da, film izləməkdən bezəndə də “yoluq cücə” olmağını, qaşlarının ətinnən seçilməyəcək qədər dərisinə uymasını, üzünün sızanaqlarını, boyunun balacalığını, yana əyilən qəddini. alın yazısı təkin qəbul eləyirdi, boynuna düşəni kişi kimi çəkməyi şərəf məsələsi bilirdi özünə.

Yatıb qalxandasa hər şey yenidən başlayırdı. O artıq güc toplamış, özünə inam qazanmış, bunların gəlib keçici bir şey olduğunu düşünən biri olurdu. Və hətta dünyaya təzəcə gəlmiş kimi olurdu.

Amma hər inamın bir nəticəsi olmalıdır, ya da nəticəsizliyi.. Hətəmin həmişə gəlib çıxdığı bir nəticə vardı, o da səhhətində var olan problemlər, vücudunda gözdeşən əyər-əskiklər düzələn-zad deyillər, o ömrünü bu illət içində başa vurmalıdır.

Bu nəticə həftələrnən məktəbə getməməyə, ata-ana üzünə çıxmamağa, kimsəynən danışmamağa, günlərnən çörək yeməməyə gətirib çıxarırdı. Xahiş, minnət... faydasız qalırdı. Ən nəhayət, yuxuda qayıbdan gələn səslər (o, bu səsin allaha məxsus olduğuna bütün varlığıyla inanırdı)... ayılmaq... hər şey bitirdi.

Bu uzun illər beləcə davam elədi...

Məktəbi qurtardı. Rabitə texnikumunun qiyabi şöbəsinə daxil oldu. Üzürlü səbəblərdən əsgər aparmadılar. Əvəzində yaxın qohumları tərəfindən rayon mərkəzində poçt idarəsində işə düzəldi.

Gözəgörünməzlik ehtirası hələ də qalırdı bədənində, şüurunda. Amma filmlərə baxmağı tərgitmişdi. Uzun illər dönüb-dönüb, dözüb-dözüb izlədiyi kasetlərin hamısını bir paketə yığıb zibilliyə atmışdı.

İndi başqa şey fikirləşirdi:

- Bütün filmlər yalannan ibarətdirlər, absurddurlar. Sadəcə yazıçı, ssenarist uydurmalarından özgə heç nə yoxdur filmlərdə. Hətta, əlimdə imkan olsa bütün filmlərin üzərindən xətt çəkərdim, aktyorları güllələyər, aktrisaları Janna Dark kimi ocaqda yandırar, yazıçıları bir otağa salar, pəncərənin qabağındakı dirəkdən bir kağız, bir qələm asar, yazmaq həsrətiylə öldürərdim... Amma yenə də ürəyim soyumazdı. Mən ömrümün çox hissəsini film izləməkdə keçirdim, lakin onların lentə aldıqları filmlər mənə ümiddən, ümidlərim daşa dəyəndə əsəbdən özgə heç nə vermədilər.

Çox qəddar olmuşdu. Səhər işə gedər, axşam gələr ata-anasına salam verib yorğan-döşək arasına girər, yatardı. Bir də səhər...

Televizora o qədər nifrət edirdi ki, səsi gələndə cini təpəsinnən çıxırdı. Onun dərdinnən ata-anası evdə televizor ola-ola o evə gələndə məcbur qalıb qonşuya gedərdilər.

- Ay kişi, tələs, serialın vaxtı keçdi...

- Yaxşı, gəlirəm. Bir hövsələni bas...

Ömür, gün beləcə keçib gedirdi...

Bir gün səhər yenə işə gedirdi. Yenə öz-özünə ümidsiz, ümidsiz xəyallar qururdu. Bir dahi deyib: “hər kim xəyal qurmağı, nəyinsə bir gün mütləq düzələcəyi ümidiylə yaşamırsa, demək o insan ölmüşdür, demək o mövcud deyil, dolaşan taxtadır, hərəkət edən daşdır bəlkə də..”

Hər nədir, hər nə zibildir, düşünmək gücünü, xəyal qurmaq qüvvəsini itirən, nəyisə arzulamayan insan deyil...

Hə, nə deyirdim. Hə, Hətəm bir gün səhər işə gedirdi... O da var olan hər bir insan kimi düşünürdü, ümid eləyirdi. Nə zamansa görünməz ola biləcəyinə inanmağa çalışırdı, hətta inanırdı.

- Bilirsən necə gözəl olar? Hər dəfə kədər yüklü məktubları çatdıranda çəkdiyim vicdan əzabını yaşamaqdan qurtularam, ən azınnan qapının kandarından içəri atıb qaçaram. Bilirsən nə gözəl olar? Hər dəfə zülüm çəkirəm. Hər dəfə, hər dəfə... Ağır gəlir daha... Bəlkə də “səs” eşitməyin zamanıdı? Allahın səsini...

Bu düşüncələr içərisində xırda ayaqlarının gücü yetdiyi qədər iri-iri addımlarla poçta sarı tələsiyirdi. Qolunda çanta, gözündə eynək, qəddi yana əyilə-əyilə...

Bir azdan çatdı poçta. Qapını açıb içəri girəndə daxilində o inam hələm də qalmaqda idi. Içəri daxil olanda qapıdan sağ tərəfdə müdir əyləşmişdi.

Baş endirib

- Salam – dedi.

Müdirdən səs çıxmadı. Saatına baxdı. “Birdən gecikmiş olaram və müdir də hirsləndiyindən dillənməz” deyə. Saat hələm doqquza on dəqiqə qalırdı, bu da o demək idi ki, hələm işə on dəqiqə varıydı. “Bəs müdirin bu tavırına səbəb nədir?” – düşündü. “Nəysə..” – deyib bunun üzərində çox dayanmadı.

Müdirnən üzbəsurət onun katibəsi oturmuşdu və onun böyrüncə də iki ayrı işçi. Hətəm müdirdən sonra onlara:

- Salam – dedi.

Amma onlardan da səs-filan çıxmadı. İş ciddiyə mindi. Hətəm o tərəf, bu tərəf vurnuxub durdu. Səbəb axtardı kimsənin onu dindirməməsinə. Əcəb nə olaydı? Düşündü, durdu. Durdu, düşündü. Ciddi bir səbəb tapa bilmədi.
Bu dəfə hamıya bir yerdə:

- Salam – dedi.

Bu dəfə də kimsədən səs çıxmadı. Səbəb kimi onun ağlına bir şey gəlmişdi deyəsən. Amma yoxlamalıydı.

Birinci müdirdən başladı. Qabağına keçdi, arxasına keçdi. Əlini havada müdirin gözlərinin qabağında yellədi. Lakin hər gün böyürtüsü kabineti götürən müdir Hətəmin bu qədər meymunluğunun qabağında bircə kəlmə belə ağzından çıxarmadı.

Sonra o birilərin böyür-başına keçdi. Onlar da eynən müdir kimi səs-soraq çıxarmadan balıq kimi susmuş, oturmuşdular. Nəsə yazır, sonra ayrı-ayrı qovluqlara yığır, arada bir yanlarındakı stəkandan çay qutrulladıb davam edirdilər işlərinə...

Hər kəsin başının işə qarışdığı bir vaxtda müdir qızlardan birinnən soruşdu:

- Gülyacan, bu Hətəm bu gün niyə işə gəlməyib? Maraqlanın görün ağrıyıb eləmir ki?..

- Yaxşı.

Hətəm yəqinlədiyi şeyə müdirin Gülyadan soruşduqlarınnan və Gülyanın ona verdiyi cavabdan sonra əmin oldu. Əmin oldu ki, o istədiyinə nail olub...

- Nəhayət, mən görünməz oldum, görünməz oldum eee, görünməz! – sevindiyindən qoltuğundakı çantanı atıb kenquru kimi tullana-tullana qapıdan çıxdı.

Onun arxasınca müdir gülə-gülə:

- Yaman canımız qurtardı, bu “yaraşığı” gözümüzü yara eləyən sarsaqdan...
- Yaman...

Hətəm sevincindən həmin gecəni küçədə yatdı. Evə getmədi. Həmin gecə qar yağıb yer-yurd donsa da o üşüməmişdi. Çünki o bir yerdə eşitmişdi ki, ruhlar, gözəgörünməzlər, kölgələr üşüməzlər”. Bir zaman eşitmiş olduğu bu söz həmin gecə onu psixoloji olaraq üşüməyə, donmağa qoymamışdı...

Atası-anası o gecə seriala evdə baxmışdılar...

***

Axşam skameykanın üstündə gecələyən Hətəmi qar kürüyən qoca bir kişinin səsi ayıltmışdı:

- Qalx, ay bala, burada niyə yatmısan, demirsənmi donarsan?!
Qar kürüyən kişinin suallarına ayılan Hətəm bir qara baxıb, bir qocaya baxıb, bir saatına baxıb, başını bulaya-bulaya, dişi-dişinə dəyə-dəyə işə tələsmişdi...

10. yanvar. 2012
XS
SM
MD
LG