-
İndilərdə ortada olan rəylərin mütləq əksriyyəti “Daş yuxular”ın, nəinki dünya ədəbiyyatı, elə Azərbaycan nəsri, Əkrəm Əylislinin öz yaradıcılığı müstəvisində də “zəif görünməsi” yönündədir.
Böyük ehtimalla, bunun əsas səbəbi “Daş yuxular”ın orijinalının ortaya çıxarılmaması, əsərin rus dilində, bir də “axşambazarı tərcümələr”də (burası lap əməlli-başlı ağlaşmalıq, rekviyemlik söhbətdir) oxunması, beləliklə də romanın Əkrəm Əylislinin əsas “silahlarının” birindən – son dərəcə cazibədar, sirli-sehrli bədii dil amilindən məhrum olmasıdır.
Seyfəddin Hüseynli bu məqaləsi ilə yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.
Seyfəddin Hüseynli
AĞININ RƏNGİ
25 il əvvəlin - gah lətifə yerində, gah da olmuş hadisə kimi danışılan – söhbətidir: Münaqişənin yeni-yeni üfürülüb-körükləndiyi, ancaq “mehriban qonşuluq” bağlarının hələ tamam üzülmədiyi əyyamda bir dəstə azərbaycanlı ağbirçək yaxındakı erməni obasına yasa gedibmiş.
Adamların “öz əcəliylə” dünyadan getdikləri, buna görə də ölülərin çox urvatlı tutulduqları vaxtlarmış deyə, hüzr yerində şıdırğı ağlaşma varmış.
Bizimkilərdən çıxmayan iş: aralarında qan yaddaşı ayıq olan, köhnə ədavəti hafizəsində təzələyə bilən biri tapılır.
Yasına gəldikləri qövmün başbilənlərinin yeni hoqqalarından gözü heç cür su içməyən, için-için hövllənən həmin ağbirçək elə bil sinəsinin altını didib-deşən kəlmələri dilə gətirmək, ürəyini soyutmaq üçün girəvə gəzirmiş.
Odur ki, böyür-başındakı hay-huyu fürsət bilir, səsini yan-yörədəkilərin səsinə qatıb haray təpir; guya ölüyəxatir nalə çəkir, əslindəsə, könlünün mübhəm diləyinə ordaca tam sərbəstlik verir:
“Ölən-itən sizdən olsun, ağı deyən bizdən olsun!...”
* * *
Qocaman ədibimiz Əkrəm Əylislinin qəfil bir şəkildə diqqət mərkəzinə düşən “Daş yuxular”ı ətrafında müzakirələr tam həcmdə milli-ictimai, siyasi-ideoloji motivlərlə yükləndiyindən, romana nəzəri-tekstoloji mövqedən yanaşanlar az, lap az oldu.
Məlum məsələdir: içində hər nədən, hər necə danışılırsa danışılsın, roman dedikləri ilk növbədə ədəbiyyat faktıdır, deməli, ən əvvəl də ədəbiyyatşünaslığın təhlil-tənqid obyektidir.
Di gəl situasiya eləydi ki, kimsəni qınamalı da deyildi, nədən ki, ajiotaj xeyli qızğın, toz-duman çox qatıydı, göz gözü görmür, ağız deyəni qulaq eşitmirdi. Ancaq yenə də emosiya burulğanlarının, hirs-hikkə dalğalarının arasından əsasən Tofiq Məliklinin Moskvadan), Cavanşir Yusiflinin, Pərviz Cəbrayılın “Daş yuxular”a (mümkün olduğu qədər) ədəbi-estetik müstəvidə yozum vermək, müzakirəni nəzəriyyə-poetika məcrasına yönəltmək cəhdləri istər-istəməz diqqəti çəkdi.
Daha sonra buna oxşar niyyət – fərqli rakurslardan – İradə Musayevada, Elnarə Akimovada özünü nişan verdi.
Romanla onun müəllifi ətrafında baş verənlərin xarakterini - vəziyyətin qəlizliyini nəzərə alanda, o vurhavurun, döy-sındırın içində “Daş yuxular”a nəzəri prizmadan, ədəbiyyatşünas baxışıyla göz qoyan 5-6 nəfərin tapılmağı da, hər halda, böyük qənimət sayıla bilər.
...”Biz də dağarcığımızı çəkirik çuvalların cərgəsinə”...
* * *
Əkrəm Əylislinin yaradıcılığında, xüsusən irihəcmli nəsr əsərlərində janr axtarışlarının, janr eksperimentlərinin (ən azı meyl, niyyət halında) xeyli yaşı, bəlli də bir yeri var. Bu axtarış-eksperimentlər bir çox hallarda sintezlər, janr müəyyənləşməsindəki sinkretizm hallarıyla təzahür tapır. Bəzən aşkar eklektika təsiri verən bu cəhdləriylə Əkrəm Əylisli ifadə etmək istədiyi məzmunla ənənəvi formalar arasındakı uyğunsuzluğu, namünasibliyi, belə görühür ki, mümkün qədər aradan qaldırmağa can atır. Məramının ardınca gedə-gedə onun yaradıcılığı üçün, oturuşmuş janrlardan əlavə, belə deyək, “Yarımjanr”lar, yaxud “Altjanrlar” xarakterikləşir. Bunların bir qismi yazılı, yaxud şifahi bədii ədəbiyyatın janr bazasından gəlirsə, bəziləri də kənar sahələrə, misal üçün, jurnalistika-publisistika xəttinə, musiqiyə calanıb-bağlanır.
Uzağa getmədən, son 20 ildəki yaradıcılığının janr mənzərəsinə göz yetirməklə, Əylislinin bu “poliqon”dakı “manevr”lərini rahatca izləmək olar: Ümumi başlığı “Əylisdən Əylisəcən” olan memuarını “Olmuşlar və olacaqlar” altbaşlığıyla verəndən sonra, üstəlik, hər bölməni, sıra nömrəsiylə, “Olay” deyə təqdim edir. “Ceviz kölgəsinin nağılı”nı yazır, janrını Hekayə kimi müəyyənləşdirir. “Yaşasın Əşrəf kişi!” Nağıl-Felyeton, “Gülbadam” isə Hekayəvari Hekayət statusuyla düşür kitaba. Bu mənada, məsələn, yazıçının özünün Roman-Reportaj kimi “çeşidlədiyi” “Ətirşah Masan” da neçə onillik əvvəl qələmə alınmış “Yas yerindən reportaj”ın birbaşa, doğmaca xələfidir ki durub...
...Janr sahəsində növbəti “calaq-peyvənd əməliyyatı”na, daha bir “janr transfer”inə Əkrəm Əylisli - “Daş yuxular”ın timsalında – həm poeziyaya, həm də klassik (dini) musiqiyə istinadən imza atıb.
* * *
”Daş yuxular”ın rusca təqdimatında Roman-Rekviyem yazılıb, amma müəllifin orijinalda bu təyinatı eynən həmin şəkildəmi, yoxsa nisbətən “yarımmilli forma”da, yəni Roman-Ağı ünvanıylamı verdiyi bilinmir. Bu istilahlar – Rekviyemlə Ağı, eləcə də Mərsiyə, Elegiya... hər nə qədər bir-birinə yaxın sayılsa da, təkcə mənşə-mənsubluq baxımından yox, məzmuna görə də, formaca da fərqləndikləri aşkardır. Söz yox, Rekviyem bunların içərisində ən tutumlusu, ən miqyaslısıdır, kütləviliyi, çoxsəsliliyi, dərinliyi, genişliyi, monumentallığı ilə seçilir, roman üçün yarımjanr (altjanr) mövqeyinə də, yerdə qalanlara nisbətən, o uyğun gəlir. Ağı isə, daha çox, fərdidir, konkretdir, adətən, dəqiq ünvanlıdır: Alp Ər Tonqanın, Cavanşirin... ölümünə ağılar kimi. Ancaq bir vacib məqam da var ki, nə qədər qəribə də çıxsa, Ağı janrı Əkrəm Əylisli nəsrində ayrıca, kifayət qədər geniş yer tutur...
“Rekviyem”in - həm istilah, həm də musiqi janrı kimi - kökü, mahiyyəti haqda məlumatlar sağa-sola səpələnmiş, gen-bol yayılmış olduğuna görə, bu mövzuda füzulluğa yol açmadan, eləcə onun bədii ədəbiyyatdakı təzahürlərinə yığcam bir nəzər salmaq daha məqbul, daha faydalı iş olar, yəqin ki.
Belə baxanda, dünya ədəbiyyatının çox da qədim, çox da zəngin olmayan tarixi boyunca yaradılmış, irili-xırdalı, bəlkə yüzlərlə əsəri arxayınca Rekviyem adlandırmaq olar. Ancaq işin bir rəsmiyyət, sənəd-sübut tərəfi də var, həmin tərəfdən baxanda isə, bədii ədəbiyyatda, illah da nəsrdə Rekviyemin bazarı yaman kasad görünür. Təkəmseyrək nümunələr var: məsəl üçün, Şarlotta Brontenin təxminən 160 il əvvəl yazdığı “Cen Eyr” əsərinin janrı məhz Roman-Rekviyem kimi təyin olunub...
“Mənzum roman” anlayışı yaxına buraxılsa, bu halda Rekviyemin əli xeyli güclənər, çünki bu janrın poeziyadakı nümunələri (Anna Axmatovanın məşhur, ölümsüz əsəri başda gəlməklə) az deyil. Bəziləri birbaşa Rekviyem adını üstündə daşısa da, neçələri də var ki, məzmununa görə, tam hüquqla bu sırada dayana bilər. Elə yaxın dövrə, yavuq coğrafiyaya baxılsa, son 25 ildən bəri bizlərdə araya-ərsəyə gətirilmiş bir neçə əsər, məsələsi, Zəlimxan Yaqubda “Göyçə dərdi”, Bəxtiyar Vahabzadədə “Şəhidlər” halal-hümmət Rekviyem mövqeyindədir.
”Göyçə dərdi”ndən söz düşmüşkən, ötən 25 ilin o tayında Zəlimxan Yaqub:
Göyçə dərdi – dilimizin Ağısı:
Ölən aşıq, susan pərdə, sınan saz!
”Göyçə” desəm, göz yaşımın önündə
Dağlar belə, tab gətirməz, bənd almaz!
Göyçə dərdi – talan olan varımız:
İlxı yoxdu, sürü yoxdu, naxır yox!
O torpağın yaddaşında-yadında
Bizdən ötrü Əvvəl vardır, Axır yox!
Göyçə dərdi – köç-köç olan bir elin
Yerə-göyə sığışmayan harayı!
Neçə qəlbin daşa dəyən arzusu,
Neçə ömrün dağıdılan sarayı!...
- deyib fəryad edirdisə, bununla da istər özünün ən təsirli əsərlərindən birini, istərsə də müasir ədəbiyyatımızın sanballı nümunəsini yaradırdısa, Əkrəm Əylisli də (zənn edilənlərin əksinə) boş durmurdu. O da - altı yeni-yeni qalanıb qızışan - müharibə qazanının qaynardan düşməsi, soyuması naminə öz bildiyi kimi, öz dünyagörüşünə uyğun şəkildə çalışırdı; nələrsə yazırdı, nələrsə deyirdi. O “nələrsə”dən biri 1989-cu ildə, yenə də adıbəlli “Drujba narodov” jurnalında çıxmış, elə onda da indiki kimi, bəlkə bundan da artıq səs-küy doğurmuşdu. Məsələnin həm qəribə, həm də bu janr söhbəti xüsusunda dedikcə maraqlı gələn məqamı budur ki, məlum materialı müəllif özü çox sonralar – 1996-cı ildə yazdığı bir oçerkdə Ağı kimi səciyyələndirir:
“O il mən “Drujba narodov”da dərc edilən yazımla, olsa-olsa, gələcəkdə nahaqdan töküləcək qanımıza bir yüngülcə Ağı demişdim...”
Oçerk boyu mövzunu genişləndirən Əylisli, sözü gətirib çıxarır işğal altındakı torpaqlarımızın, dağıdılan yurd-yuvalarımızın, oralardakı söndürülən ocaqların, xaraba qoyulan evlərin üstünə. Beləcə, oçerkin rəngi-ruhu dəyişir, ahəngi başqalaşır, üzərinə tutqun, qüssəli bir hava - hüzn çökür: “...Bu saat mən Bakıda kimin üzünə baxıramsa, onun gözlərinin içində bir uçuq ev görürəm. O gözlərin içindən Şuşaya, Laçına, Ağdama, Kəlbəcərə, Qubadlıya, Cəbrayıla, Füzuliyə, Zəngilana... birbaşa yol gedir. Gör haçandan bəridir ki, yüz minlərlə sağ adamın ruhu, gecəli-gündüzlü, onminlərlə uçuq damın başına dolanır...”
Sonra da yazıçı atəşkəsin əhəmiyyəti, davamlı sülhə nail olmağın vacibliyi barədə fikirlərinə meydan verir: “...İki ilə yaxındır (atəşkəs 1994-cü ildə elan olunub, yazının altında isə “fevral, 96” qeydi var – S.H.) ki, bu qanlı qonşu savaşından şeytana bol-bol sevinc payı düşmür, əvəzində, bu savaşı kəsənin dədə-babasına bir dünya rəhmət payı düşür... Millətin gözünün içindən o uçuq evləri silmək lazımdır. Və bu işi kimsə qansız-qadasız başa çatdıra bilsə, O ADAMa ürəyimin başında mən də bir uca, işıqlı ev tikəcəyəm!”
Əkrəm Əylisli 96-nın dekabrında daha bir Ağı yazıb – “Əziz Nesinin ölümünə”. Bununla öz böyük qələm qardaşının yasını tutmaqla birgə, Əziz Nesinin yazıçı şəxsiyyətinə, insanlığına, yaradıcılığına gendən-genə güzgü tutmağa da çalışıb.
Onun ”Ağılar silsiləsi”nin (bəlkə də hələlik) axırıncı bəndi “Daş yuxular”dır. Əgər Əkrəm Əylisli “Daş yuxular”ın janrını Ağı kimi yox, elə orijinalda da ruscasındakı kəlməylə təyin edibsə, söz yox ki, bunun əsas səbəbi, hətta yeganə izahı romanda ermənilərlə bağlı hadisələrin ön planda verilməsinə, Rekviyemin birbaşa xristianlıqdan, kilsədən qaynaqlanmasına bağlıdır.
Bu sıralamadan çıxan, daha doğrusu, umulan bir mühüm nəticə də budur ki, “Əkrəm Əylisli niyə birdən-birə, həm də sırf ermənilərin xətrinə ağıçılığa, mərsiyəguluğa, elegiyapərdazlığa, rekviyemnəvisliyə baş vurdu” tipli təəssürat, yaxud oxşar məzmunlu mülahizələr yanlışdır, ən azı, məlumatsızlığın məhsuludur.
“Daş yuxular”ın bir Roman-Rekviyem kimi alınıb-alınmaması, bədii keyfiyyəti, sənətkarlıq səviyyəsi haqqında, hələlik, az düşünüldüyü qədər az da yazılıb. İndilərdə ortada olan rəylərin mütləq əksriyyəti “Daş yuxular”ın, nəinki dünya ədəbiyyatı, elə Azərbaycan nəsri, Əkrəm Əylislinin öz yaradıcılığı müstəvisində də “zəif görünməsi” yönündədir. Böyük ehtimalla, bunun əsas səbəbi “Daş yuxular”ın orijinalının ortaya çıxarılmaması, əsərin rus dilində, bir də “axşambazarı tərcümələr”də (burası lap əməlli-başlı ağlaşmalıq, rekviyemlik söhbətdir) oxunması, beləliklə də romanın Əkrəm Əylislinin əsas “silahlarının” birindən – son dərəcə cazibədar, sirli-sehrli bədii dil amilindən məhrum olmasıdır.
Janrın tələblərinin ödənməsinə, əsərin bu yöndə işlənmə səviyyəsinə qalanda, professor Tofiq Məliklinin fikirləri ümumən yerində səslənir, müəyyən məqamlar istisna olmaqla, prinsipcə, məqbul görünür:
“Rekviyem, roman janrının strukturuna, kompozisiyasına çətin uyduğuna (bəlkə uyğunlaşdırıldığına – S.H.) görə Əkrəm Əylisli müxtəlif ədəbi priyomlara – cilovsuz (? – S.H.) şuur axınına, yuxulara, sayıqlamalara, kinomatoqrafiyada istifadə olunan üsullara (? - S.H.) baş vurur. Bununla da yazıçı əsərın emosional təsirini artırmağa çalışır. Ancaq istifadə etdiyi priyomların balansını saxlaya bilmədiyi, sayıqlamaların ölçüsünü qaçırdığı üçün yazıçı istədiyinə nail ola bilmir”.
Buraya əlavə edilə bilər ki, müəllif mövzunun həllində də, hadisələrin, obrazların seçimində, təqdimatında da janrın başlıca cizgilərini - Rekviyemin ruhundakı, məğzindəki ülvi nəcibliyi, ali neytrallığı, Dünyadan daha artıq Üqba duyğularına, Dünyəvidən çox Üxrəvi hisslərə, bunların tərənnümünə üstünlük verilməsini (qabartmaq bir yana dursun) arxa plana keçirib. Ədibin əksər yazılarına xas olan, amma Rekviyem ruhlu romana gətirilməməsi daha münasib görünən epataj, qrotesk, qara yumor elementlərini, “qaşınmayan yerdən qan çıxaran” stilistik fəndləri isə, eninə-boyuna səpələyib. Güman ki, “Daş yuxular”ın gözlənilən həlimləşmə, mərhəmət duyğuları yerinə, qıcıq, hiddət doğurmasının səbəbləri sırasında bu faktorun “məxsusi” yeri var...
* * *
...Ağı deyənlərin kirimək, hönkürtülərin səngimək bilmədiyi ağlaşmanın ortasında, necə olursa, başqa bir ağbirçəyin qulağı alır həmin o qəribə nidanın məzmununu - “mübhəm diləyin” aşkar ifadəsini. Təşvişə düşsə də, özünü o yerə qoymur, eyni pərdədə dilə gəlib “mesaj”ını üstüörtülü ötürür ünvanına:
“Ağ eləmə, duyallar, yaman günə qoyallar!”
...Kaş Ağı da öz rəngində ola: ağı çıxmaya yəni...